Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində elmi seminar keçirilib

Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində elmi seminar keçirilib

23 Oktyabr 2026, 12:21 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Kərimova və böyük elmi işçisi Gülxarə Əhmədova məruzələrlə çıxış ediblər.

İlk olaraq Xuraman Kərimovanın “Kitabi-Dədə Qorqud” dastanında qadın və kişi obrazları: qəhrəmanlıq, ailə və sosial münasibətlər” mövzusunda məruzəsi dinlənilib. Alim dastandakı qadın və kişi obrazlarının qəhrəmanlıq xüsusiyyətlərini, ailə münasibətlərini, sosial mövqelərini, psixoloji yaşantılarını və mənəvi dəyərlərini müqayisəli şəkildə təhlil edib. O, Salur Qazan, Bamsı Beyrək, Basat, Buğac və Uruz obrazlarının igidlik, cəsarət, sədaqət və liderlik xüsusiyyətlərini, Dirsə xanın xatunu, Burla xatun, Banıçiçək və Selcan xatun obrazlarının isə iradəsini, müdrikliyini və mənəvi dözümlülüyünü diqqətə çatdırıb.

Xuraman Kərimova qadın obrazlarının ailə və məişət münasibətləri ilə məhdudlaşmadığını, hadisələrin inkişafına təsir göstərən, müstəqil qərarlar qəbul edən və zəruri hallarda döyüşlərdə iştirak edən fəal şəxsiyyətlər kimi təqdim olunduğunu bildirib. Banıçiçəyin Bamsı Beyrəklə güc və çeviklik sınaqlarında yarışmasını, Selcan xatunun Qanturalını xilas etməsini, Burla xatunun isə ailəsinin və elinin şərəfini qorumaq uğrunda mübarizəsini qadın qəhrəmanlığının səciyyəvi nümunələri kimi dəyərləndirib.

Məruzədə folklorşünas alim Salur Qazan və Burla xatun obrazlarının psixoloji xüsusiyyətlərini müqayisə edərək dastanda qəhrəmanlığın yalnız fiziki güclə deyil, həm də mənəvi möhkəmlik, müdriklik və çətin vəziyyətlərdə düzgün qərarvermə bacarığı ilə səciyyələndiyini vurğulayıb. O, ailə münasibətlərinin, ata-oğul əlaqələrinin, ər-arvad arasında qarşılıqlı hörmətin, anaya ehtiramın və el qarşısında məsuliyyətin dastanın əsas mənəvi dəyərləri sırasında yer aldığını qeyd edib.

Daha sonra şöbənin böyük elmi işçisi Gülxarə Əhmədovanın “Kitabi-Dədə Qorqud” dastanında obrazların poetik və semantik xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Gülxarə Əhmədova eposun əsas obrazlarının xarakterik cəhətlərini, simvolik mənalarını və bədii ifadə vasitələri ilə əlaqəsini təhlil edib. O, Dədə Qorqud, Qazan xan, Bamsı Beyrək, Banıçiçək, Burla xatun və Dəli Domrul obrazlarının semantik məzmununu müdriklik, qəhrəmanlıq, sədaqət, qadın iradəsi, ailə dəyərləri, ictimai məsuliyyət, ölüm və mənəvi dönüş anlayışları kontekstində nəzərdən keçirib.

Folklorşünas Dədə Qorqud obrazının Oğuz cəmiyyətinin kollektiv yaddaşını, müdrikliyini və mənəvi nüfuzunu təcəssüm etdirdiyini bildirib. Qazan xan obrazında fərdi qəhrəmanlıqla ictimai məsuliyyətin vəhdətini, Bamsı Beyrək obrazında isə igidlik, məhəbbət, sədaqət və mənəvi dözümlülük xüsusiyyətlərinin qarşılıqlı əlaqəsini diqqətə çatdırıb. Banıçiçək və Burla xatun obrazları vasitəsilə qadının ailə və cəmiyyət həyatındakı mövqeyini, iradəsini və mənəvi dayanıqlığını vurğulayıb. Dəli Domrul obrazını isə insanın öz gücünə həddindən artıq inanması, ölüm həqiqəti ilə üzləşməsi və mənəvi dəyişimi baxımından səciyyələndirib.

Gülxarə Əhmədova obrazların bədii təqdimatında epitet, hiperbola, təkrar, paralelizm, antitez və epik idealizasiya kimi poetik vasitələrin funksiyasını da izah edib. O, bu vasitələrin qəhrəmanların fərdi xüsusiyyətləri ilə yanaşı, onların ictimai mövqeyinin, mənəvi mahiyyətinin və simvolik məzmununun açılmasına xidmət etdiyini qeyd edib.

Seminar mövzular ətrafında fikir mübadiləsi ilə yekunlaşıb. Məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.