Professor Seyfəddin Rzasoyun “Dəli şamanın körpüsündə can savaşı” kitabı nəşr olunub

Professor Seyfəddin Rzasoyun “Dəli şamanın körpüsündə can savaşı” kitabı nəşr olunub

22 Oktyabr 2026, 10:56 / Nəşrlər

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu seriyasından VI kitabı – “Dəli şamanın körpüsündə can savaşı” adlı monoqrafiyası çapdan çıxıb.

320 səhifəlik kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə, ekspert-rəyçisi isə filologiya elmləri doktoru, dosent Qalib Sayılovdur.

Monoqrafiyada “Kitabi-Dədə Qorqud” eposunun “Dəli Domrul” boyu keçid-inisiasiya ritualları, şamanlıq və dəlilik semantemləri kontekstində araşdırılır. Müəllifin əsas tədqiqat tezisinə görə, “Dədə Qorqud” dastanının mətnləri keçid-inisiasiya ritualları ilə bağlıdır. Bu yanaşmaya əsasən, “Dəli Domrul” boyunun qəhrəmanı Domrul digər oğuz qəhrəmanlarından fərqli olaraq, “bəyolma” deyil, “şamanolma” inisiasiya ritualının subyekti kimi təqdim edilir.

Kitab girişdən, dörd bölmədən, nəticədən və ədəbiyyat siyahısından ibarətdir.

Girişdə folklorşünas Elçin Abbasovun sualları və ya “sıxılmış mətn” konsepti əsasında tədqiqatın nəzəri məsələləri nəzərdən keçirilir.

Birinci bölmə “Dəli Domrul” boyunun mövcud elmi yanaşmalar müstəvisində təhlilinə həsr olunub. Burada boyun mifoloji, tarixi-müqayisəli, struktur-semantik, psixoloji və digər istiqamətlərdə öyrənilməsi nəzərdən keçirilir. Professor Seyfəddin Rzasoy “Dəli Domrul” boyu və obrazı ilə bağlı yerli və xarici tədqiqatçıların elmi yanaşmalarını müqayisəli şəkildə təqdim edir. Bu kontekstdə Əli Sultanlı, Viktor Jirmunski, Mirəli Seyidov, Məmmədhüseyn Təhmasib, Arif Acalov, Kamal Abdulla, İsa Həbibbəyli, Nizami Cəfərov, Bəhlul Abdulla, Cəlal Bəydili, Muxtar Kazımoğlu, Füzuli Bayat, Səfa Qarayev, Hikmət Quliyev və digər alimlərin araşdırmalarına müraciət olunur.

İkinci bölmədə “Dəli Domrul” mətninin “dəli” kodu əsasında təhlili aparılır. Bu hissədə xaos və dəlilik paradiqmaları, eləcə də çay, körpü, otuz üç və qırx axça, Əzrayılla can bazarı kimi elementlərin semantikası araşdırılır.

Üçüncü bölmə mətnin funksional-semantik elementlər səviyyəsində dekonstruksiyasına həsr edilib. Burada “dəli” semanteminin “Dəli Domrul” boyunun və bütövlükdə eposun semantik strukturundakı rolu, Domrulun davranışlarının şamanlıqla əlaqəsi, həmçinin boyun süjetindəki funksional-semantik formullar və inisiasiya ritualının strukturu təhlil olunur.

Dördüncü bölmədə “Dəli Domrul” mətninin “qam-şaman” kodu əsasında rekonstruksiyası təqdim edilir. Domrulun dəliliyinin şaman xəstəliyi kimi izahı, qəhrəmanın Əzrayılla qarşılaşması, Allahla konflikti, ölüm və dirilmə motivləri, candəyişmə ritualı, eləcə də Domrulun və həyat yoldaşının şaman statusunda Oğuz kosmosuna qayıdışı araşdırılır.

Tədqiqatın nəticələrinə görə, “dəli” semantemi “Dəli Domrul” boyunun və bütövlükdə “Dədə Qorqud” eposunun semantik strukturunun əsas açarlarından biridir. Müəllif boyun ümumi süjetinin “Şaman Domrul” və “Dəli Domrul” adlı iki süjetdən təşkil olunduğunu əsaslandırır. Bu iki süjet arasındakı keçid Əzrayılın Domrulu öldürməsi hadisəsi ilə əlaqələndirilir. Alimin yanaşmasına görə, Əzrayılın Dəli Domrulla birgə can axtarışına çıxması Domrulun ritual müstəvidə ölümünü ifadə edir.

Monoqrafiyada epos mətninin yalnız hadisələrin ardıcıllığı əsasında deyil, həm də paralel və bir-birini tamamlayan məna qatları üzrə öyrənilməsinin vacibliyi vurğulanır. Müəllif mətnin mifoloji düşüncəyə uyğun qapalı və təkrarlanan quruluşa malik olduğunu irəli sürərək onun həm sintaqmatik, həm də paradiqmatik istiqamətdə təhlilini metodoloji yanaşma kimi təqdim edir.

Qeyd edək ki, “Dəli şamanın körpüsündə can savaşı” Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposuna həsr etdiyi tədqiqatlar silsiləsinin VI kitabıdır. Seriyanın əvvəlki nəşrlərində qəhrəmanın ölüb-dirilməsi, dastanın Alp Aruz variantının bərpası, şaman-qəhrəmanın Xaos dünyasına yolçuluğu, Salur Qazanın Təpəgözü öldürməsi, Oğuz mifinin süqutu və Salur Qazan mifinin transformasiyası məsələləri araşdırılıb.

Yeni monoqrafiya “Kitabi-Dədə Qorqud”un mifoloji-semantik strukturunun, şamanlıq ənənələrinin və inisiasiya motivlərinin öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır.