XƏBƏRLƏR
Folklor İnstitutunda Qərbi Azərbaycan aşıq poeziyasında İrəvan obrazı araşdırılıb
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində elmi seminar keçirilib. Seminarda Mifologiya şöbəsi ilə yanaşı, Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin əməkdaşları da iştirak ediblər.
Seminarda Mifologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayeva “Qərbi Azərbaycan aşıq poeziyasında İrəvan obrazı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, Qərbi Azərbaycan aşıq poeziyası vətən arxetipinin müxtəlif məna paradiqmaları ilə zəngindir. Bu paradiqmalar arasında İrəvan obrazı semantik məzmununa və daşıdığı ideya-estetik yükə görə xüsusi yer tutur.
Bunun başlıca səbəblərindən biri İrəvan şəhərinin tarixi İrəvan xanlığının paytaxtı olmasıdır. Dövlətçilik düşüncəsi ilə sıx bağlı olan Qərbi Azərbaycan türklərinin yaddaşında İrəvan yalnız inzibati-siyasi mərkəz kimi deyil, həm də etnik-mədəni kimliyin və milli özünüdərkin mühüm simvolu kimi yaşayır. Bu baxımdan, İrəvan obrazı aşıq poeziyasında təkcə bədii təsvir vasitəsi deyil, eyni zamanda Vətən və dövlətçilik ideyalarını ifadə edən etnik-mədəni arxetip kimi çıxış edir.
Məruzəçi Qərbi Azərbaycan aşıq poeziyasında İrəvan obrazının zəngin bədii-estetik xüsusiyyətlərinə də diqqət çəkib. Bildirilib ki, bu obrazın semantik əsasını İrəvanın mifoloji məna nüvəsi təşkil edir və digər məna qatları həmin nüvə ətrafında formalaşır.
Məruzəçi “İrəvan deyilən bir düzən yerdi” misrası ilə başlayan və müəllifi bəlli olmayan şeiri təhlil edərək vurğulayıb ki, burada Qərbi Azərbaycanda Azərbaycan türklərinə qarşı törədilmiş qanlı qırğınlar nəticəsində doğma yurdlarından zorla çıxarılmış insanların ağrı-acısı, Vətən, yurd və el-oba həsrəti əksini tapıb. Burada İnsan və İrəvan obrazları arasındakı qarşılıqlı poetik münasibət xüsusi maraq doğurur. Təhkiyə insanın dilindən aparılsa da, İrəvan da sanki dil açaraq öz dərdini ifadə edir. Beləliklə, həsrət və ayrılıq yalnız insanın yaşantısı kimi deyil, övladlarından ayrı düşmüş ana obrazında təqdim olunan İrəvanın mənəvi ağrısı kimi də poetikləşdirilir.
Məruzəçi bu poetik mənzərənin əsasını insanın torpaqdan yaranması ilə bağlı türk mifoloji düşüncəsinin təşkil etdiyini vurğulayıb. Şeirin İrəvanın “düzən bir yer” olması təsviri ilə başlanması da mifoloji məkan təsəvvürləri baxımından səciyyəvi hesab edilib. Seminar zamanı mövzu ilə əlaqədar bir sıra bayatı, qoşma və digər aşıq poeziyası nümunələri də səsləndirilib.
Məruzənin yekununda vurğulanıb ki, Qərbi Azərbaycan aşıq poeziyasında İrəvan adi coğrafi məkan kimi deyil, milli yaddaşın, mədəni kimliyin və milli özünüdərkin simvolu kimi tərənnüm olunur. Tarixi İrəvan xanlığının paytaxtı olan bu şəhər Qərbi Azərbaycan türklərinin kollektiv yaddaşında xüsusi yer tutur. Məhz bu xüsusiyyət İrəvan obrazını Qərbi Azərbaycanın digər məkanlarının xalq poeziyasında təsvirindən fərqləndirir. Belə ki, digər məkanlar, əsasən, doğma yurda həsrət və ayrılıq duyğularının ifadə vasitəsi kimi təqdim olunduğu halda, İrəvan obrazı daha geniş məna çərçivəsində – Azərbaycan etnik-milli kimliyinin arxetipi və milli-mədəni özünüdərkin simvolu kimi meydana çıxır.
Elmi seminar mövzu ətrafında fikir mübadiləsi ilə başa çatıb.


