XƏBƏRLƏR
Folklor İnstitutunda milli kulinariya identikliyinin virtual məkanda formalaşması müzakirə olunub
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Mifologiya şöbəsinin əməkdaşları da iştirak ediblər.
Elmi seminarda şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil “Milli kulinariya identikliyinin formalaşmasında virtual məkanın yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan xalqının zəngin kulinariya ənənələrinin qloballaşma və rəqəmsallaşma şəraitində öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, milli mətbəx yalnız ailə süfrəsində, gündəlik məişətdə və mərasimlərdə yaşadılan mədəni irs nümunəsi deyil, həm də sosial şəbəkələr, videoplatformalar, elektron ensiklopediyalar, bloqlar və rəqəmsal arxivlər vasitəsilə təqdim və təbliğ olunan mədəni dəyərdir.
Məruzədə virtual məkanın milli yeməklərin hazırlanma üsullarının, mənşəyinin, regional xüsusiyyətlərinin, mərasimlərlə əlaqəsinin və simvolik mənalarının geniş auditoriyaya çatdırılmasındakı rolu diqqətə çatdırılıb. Bununla yanaşı, rəqəmsal mühitdə ənənəvi reseptlərin dəyişdirilməsi, yeməklərin sadələşdirilmiş şəkildə təqdim olunması və onların milli mənsubiyyəti ilə bağlı mübahisələrin yaranması kimi məsələlər də nəzərdən keçirilib. Dolma, plov, düşbərə, piti, qutab, lavaş və halva kimi Azərbaycan mətbəxinə aid nümunələrin virtual təqdimatının bu baxımdan araşdırılmasının vacibliyi qeyd edilib.
Seminarda YouTube, Instagram, TikTok və Facebook kimi platformaların, eləcə də elektron ensiklopediyaların, rəqəmsal arxivlərin və turizm portallarının milli kulinariya identikliyinin formalaşmasına təsiri təhlil olunub. Bildirilib ki, videoplatformalar yeməklərin hazırlanma texnologiyasını və ustad təcrübəsini nümayiş etdirmək, sosial şəbəkələr onların vizual təqdimatını və populyarlaşmasını təmin etmək, elektron ensiklopediyalar və rəqəmsal arxivlər isə kulinariya irsini sənədləşdirmək baxımından əhəmiyyətlidir. Bununla belə, qısa videolar yeməyin hazırlanma prosesini göstərsə də, onun mərasimlərdəki funksiyasını, tarixi mənasını və yerli adlandırılmasını hər zaman tam əks etdirmir.
Məruzədə milli kulinariya identikliyinin nəzəri əsaslarına da toxunulub. Kollektiv yaddaş və mədəni identiklik yanaşmaları, o cümlədən Moris Halbvaksın kollektiv yaddaş və Stüart Hollun mədəni identiklik haqqında nəzəri baxışları mövzunun araşdırılması üçün əhəmiyyətli istiqamətlər kimi təqdim edilib. Ənənəvi yeməklərin qeyri-maddi mədəni irsin tərkib hissəsi kimi öyrənilməsi, reseptlərin, yemək adlarının, mərasim qaydalarının və süfrə ənənələrinin nəsillər arasında ötürülməsi məsələlərinin folklor və kommunikasiya kontekstində araşdırılmasının vacibliyi vurğulanıb.
Tədqiqatın konkretləşdirilməsi məqsədilə Azərbaycan mətbəxinə aid sosial şəbəkə paylaşımlarının müqayisəli təhlili, yeməklərin milli və regional mənsubiyyətinin təqdimatı, reseptlərin tarixi və etnoqrafik məlumatlarla müşayiət olunması, ənənəvi hazırlanma üsullarının qorunması, izləyici şərhlərində ailə yaddaşı və milli mənsubiyyətlə bağlı fikirlərin öyrənilməsi kimi istiqamətlər müəyyənləşdirilib. Novruz süfrəsi, plov, dolma və halva ilə bağlı paylaşımların təhlili, eləcə də ailə və regional kulinariya ənənələri haqqında müsahibələrin aparılması tədqiqatın metodoloji əsaslarını gücləndirən vasitələr kimi qeyd olunub.
Məruzənin yekununda bildirilib ki, virtual məkan milli kulinariya identikliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməklə yanaşı, ənənəvi kulinariya biliklərinin seçilməsi, dəyişdirilməsi və yeni məna qazanması proseslərinə də təsir göstərir. Buna görə də rəqəmsal kulinariya məzmununun elmi təhlili milli mədəni irsin qorunması, Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə tanıdılması və qastronomik turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Seminar mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə yekunlaşıb


