“Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

“Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

15 Oktyabr 2026, 13:45 / Elanlar

Türk xalqlarının ortaq tarixi-mədəni irsinin sistemli və müqayisəli şəkildə araşdırılması, ayrı-ayrı türk xalqlarının folklorunda qorunub saxlanılan ortaq süjet, motiv, obraz, mərasim və inancların tarixi-genetik və tipoloji əlaqələrinin müəyyənləşdirilməsi folklorşünaslığın aktual elmi istiqamətlərindən biridir. Türk dünyasında inteqrasiya proseslərinin intensivləşməsi, ortaq mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən təşəbbüslər bu sahədə birgə və müqayisəli elmi tədqiqatların əhəmiyyətini daha da artırır.

Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən münasibətlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən çoxəsrlik tarixi kökləri, dil, mədəniyyət və mənəvi dəyərlər yaxınlığını dəfələrlə xüsusi vurğulamışdır. Azərbaycan dövlətinin başçısı 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə iki qardaş ölkə arasındakı münasibətlərin ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, xalqlarımızın əsrlər boyu qoruyub nəsildən-nəslə ötürdüyü birlik, həmrəylik və qarşılıqlı rəğbətə əsaslandığını bildirmişdir. Prezident İlham Əliyev məhz bu möhkəm tarixi-mədəni təməllər üzərində Azərbaycan–Özbəkistan münasibətlərinin ən yüksək – müttəfiqlik səviy­yəsinə yüksəldiyini qeyd etmişdir. 2026-cı il avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri zamanı Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev isə Azərbaycanı özlərinin müttəfiqi,  strateji tərəfdaşı və qardaş dövləti adlandıraraq bildirmişdir ki, bu münasibətlərin təməlində vahid sivilizasiya kodu, ümumi tarixi köklər, çoxəsrlik dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr dayanır. 

Azərbaycan–Özbəkistan münasibətlərinin ortaq soy-kök, tarix, dil, mədəniyyət və dini-mənəvi dəyərlər üzərində qurulduğu Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə diplomatik münasibətlərin 30 illiyi münasibətilə ünvanladığı məktubda da xüsusi vurğulanmışdır.

Dövlət başçılarının bu mövqeyi Azərbaycan və Özbəkistan arasında elmi-mədəni və humanitar əlaqələrin, xüsusilə xalqlarımızın ortaq mənəvi-mədəni irsinin araşdırılmasına yönəlmiş birgə tədqiqatların genişləndirilməsini də aktual edir.

Bu istiqamətdə elmi əməkdaşlığın konkret nəticələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiy­yatı və Folkloru İnstitutu arasında imzalanmış 7 yanvar 2026-cı il tarixli Əmək­daşlıq Memorandumudur. Memorandumdan irəli gələn vəzifələrin həyata keçirilməsi, eləcə də türk xalqları folklorunun müqayisəli tədqiqi sahəsində beynəlxalq elmi əməkdaşlığın geniş­ləndiril­­məsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Özbəkis­tan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu 2026-cı ilin noyabr ayında Bakı şəhərində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaş­dırmışdır.

Konfransın əsas məqsədi türk xalqları folklorunun ortaq və fərqli xüsusiyyətlərinin tarixi-müqayisəli, tarixi-genetik və tipoloji aspektlərdən araşdırılması, folklor ənənələri arasındakı qarşılıqlı əlaqə və təsirlərin müəyyənləşdirilməsi, müqayisəli folklorşünaslığın aktual nəzəri-metodoloji problemlərinin müzakirəsi, bu sahədə aparılan yeni tədqiqatların elmi dövriyyəyə daxil edilməsi, həmçinin müxtəlif ölkələrdə fəaliyyət göstərən folklorşünas və türkoloq alimlər arasında elmi əməkdaşlığın genişləndirilməsidir.

Konfrans,  eyni zamanda, Azərbaycan və Özbəkistan folklorşünaslarının gələcək birgə tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə və Əməkdaşlıq Memorandumunda 2027–2028-ci illər üçün nəzərdə tutulan “Müqayisəli folklorşünaslıq” monoqrafiyasının hazırlanması üçün elmi-nəzəri bazanın formalaşdırılmasına xidmət edəcəkdir.

Konfransın əsas elmi istiqamətləri

  1. Türkoloji folklorşünaslıq: Azərbaycan və Özbəkistan folklorşünaslığı kontekstində;
  2. Türk xalqları folklorunun müqayisəli və tarixi-müqayisəli tədqiqinin nəzəri-metodoloji problemləri;
  3. Türk xalqları folklorunda ortaq janr, süjet, motiv və obrazların tipologiyası;
  4. Türk xalqlarının mifoloji düşüncəsi və inanc sistemlərinin müqayisəli tədqiqi;
  5. Mərasim folkloru və ənənəvi mədəniyyətin müqayisəli öyrənilməsi;
  6. Türk xalqlarında dastançılıq və epik ənənələrin müqayisəli tədqiqi;
  7. Türk xalqlarının şifahi poetik yaradıcılığında qarşılıqlı əlaqə və təsirlər;
  8. Folklor mətnlərində milli və ümumtürk elementlərinin qarşılıqlı münasibəti;
  9. Folklorun müasir transformasiyaları və rəqəmsal mühitdə türk xalqları folkloru;
  10. Türk xalqları folklorunun toplanması, arxivləşdirilməsi, nəşri və tədqiqinin aktual problemləri;
  11. Azərbaycan–Özbəkistan folklor əlaqələri: tarixi-müqayisəli tədqiqatlar və müasir elmi əməkdaşlıq.

Konfransda iştirak etmək üçün folklorşünaslar, türkoloqlar, etnoqraflar, antropoloqlar, ədəbiyyatşünaslar, dilçilər, mifologiya və ənənəvi mədəniyyət üzrə mütəxəssislər, eləcə də türk xalqlarının folkloru və mədəni irsi ilə bağlı tədqiqat aparan digər elm adamları dəvət olunurlar.

Təşkilatçılar:

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu

Keçirilmə yeri: Bakı şəhəri, Azərbaycan Respublikası

Konfransın təqvimi: 18-20 noyabr 2026

Konfransın keçirilmə formatı: üz-üzə və onlayn

Xülasələrin son göndərilmə tarixi:  1 noyabr 2026

  • Məruzə müəllifləri 300 sözdən artıq olmayan özət təqdim etməlidirlər.
  • Qəbul edilən məruzələrin elan olunması: 5 noyabr 2026
  • Xülasələr Elmi heyət tərəfindən nəzərdən keçiriləcək, qəbul olunanlar və qəbul edilməyənlər barədə müəlliflərə məlumat veriləcəkdir.

Konfransın işçi dilləri:

Türk ləhcələri, ingilis dili, rus dili

E-mail:  turkoloji2026@gmail.com

 

Təşkilat Komitəsi