Xəzər Universitetinin tələbələri Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar

Xəzər Universitetinin tələbələri Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar

15 Oktyabr 2026, 13:36 / Əməkdaşlıq

Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə tələbələri 2026–2027-ci tədris ilinin payız semestri çərçivəsində AMEA Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsinə başlayıblar.

Təcrübənin başlanması ilə əlaqədar keçirilən görüşdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev tələbələrə institutun elmi fəaliyyət istiqamətləri və folklorşünaslıq sahəsində aparılan araşdırmalar barədə məlumat verib. Görüşdə, həmçinin, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova və Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi Lalə Bədirova iştirak ediblər.

Hikmət Quliyev folklorun xalqın tarixi yaddaşının, milli-mədəni irsinin və mənəvi dəyərlərinin qorunmasında mühüm rolunu vurğulayıb. O qeyd edib ki, folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, qorunması və elmi əsaslarla tədqiqi milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Direktor tələbələrin təcrübə müddətində bu istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirmələrinin, milli-mədəni irsə elmi yanaşma və tədqiqat vərdişləri qazanmalarının vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı tələbələrə elmi-tədqiqat təcrübəsinin təşkili, qarşıya qoyulan vəzifələr və fəaliyyətin qiymətləndirilməsi meyarları barədə ətraflı məlumat verilib. Bildirilib ki, təcrübə müddətində tələbələr təhkim olunduqları şöbələrin elmi profilinə uyğun tezis və təqdimat materialları hazırlamalı, folklor nümunələrinin toplanılması prosesində iştirak etməli, həmçinin görülmüş işlər barədə yekun hesabat təqdim etməlidirlər.

Elmi-tədqiqat təcrübəsi çərçivəsində tələbələr Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru və Folklor və yazılı ədəbiyyat şöbələrinə təhkim olunublar. Təcrübə müddətində onların müvafiq şöbələrin elmi-tədqiqat istiqamətləri, aparılan araşdırmalar və elmi işin təşkili prinsipləri ilə yaxından tanış olmaları, nəzəri biliklərini praktiki fəaliyyətlə əlaqələndirmələri nəzərdə tutulur.

Qeyd edək ki, tələbələrin elmi-tədqiqat təcrübəsi 2026-cı ilin dekabr ayının sonunda başa çatacaq.