XƏBƏRLƏR
Folklor İnstitutunda bayramlarla bağlı mərasim ənənələri tədqiq olunub
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Qalib Sayılovun “Ramazan bayramı və folklor ənənələri”mövzusunda məruzəsi dinlənilib.
Məruzədə Azərbaycan milli mədəniyyətində “orucluq ayı” kimi tanınan Ramazan ayı ilə bağlı folklor ənənələri araşdırılıb. Bildirilib ki, tarixən həm dindar, həm də dindar olmayan insanlar Ramazan ayına xüsusi önəm verib, bu dövrdə bir sıra dini qadağalara və ənənələrə riayət ediblər. Bu adətlərin xalq arasında İslam dininin yaşadılması və inkişafında müəyyən rol oynadığı qeyd edilib.
Məruzədə Qalib Sayılov “Ramazan” sözünün mənşəyi ilə bağlı müxtəlif fikirlərə də toxunub. Qeyd olunub ki, bəzi mənbələrdə bu ad “ramad” məsdəri ilə əlaqələndirilir. “Ramad” sözü Günəşin təsirindən qum, torpaq və daşların həddindən artıq qızması mənasını ifadə edir. Digər mənbələrdə isə sözün “ramada” və “ramdi” kəlmələrindən yarandığı qeyd edilir. Bildirilib ki, Ramazan qəməri təqvimdə Şabandan sonra, Şəvvaldan əvvəl gələn doqquzuncu aydır. Tarixi mənbələrdə bu ayın İslamdan əvvəl ərəb cəmiyyətlərində müxtəlif adlarla tanındığı və Ramazan adının sonrakı dövrlərdə geniş yayıldığı qeyd olunur. Məruzədə Ramazan ayının xalqın sosial və mədəni həyatına təsirindən də bəhs edilib. Bildirilib ki, Ramazanla bağlı müxtəlif dua, mərasim, adət və ənənələr zamanla xalq yaradıcılığının bir hissəsinə çevrilərək Ramazan folklorunun formalaşmasına səbəb olub.
Qeyd olunub ki, “Ramazan alış-verişləri”, “Ramazan endirimləri”, “Ramazan iftarları” kimi ifadələr bu ayın gündəlik və sosial həyatın müxtəlif sahələrində özünü göstərməsinin nümunələridir. Bu ənənələrin bir çoxunun hər hansı rəsmi göstəriş olmadan xalqın yaradıcı fəaliyyəti nəticəsində formalaşdığı vurğulanıb.Məruzədə, həmçinin keçmişdə Ramazan ayının başladığını bildirmək üçün top atəşlərindən istifadə edildiyi diqqətə çatdırılıb. Bu ənənə ilə bağlı xalq arasında “Ramazanın topu atıldı” ifadəsinin də yarandığı qeyd olunub. Sonda Ramazan bayramının və bu ayla bağlı adət-ənənələrin Azərbaycan xalqının mədəni yaddaşında və folklorunda mühüm yer tutduğu vurğulanıb.
Daha sonra elmi seminar mövzu ətrafında müzakirələrlə davam edib.

