XƏBƏRLƏR
AMEA Folklor İnstitutunda İraqdan və Misirdən gəlmiş türkman tədqiqatçıları ilə görüş keçirilib. Görüşdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, İraqda nəşr olunan “Türkman kültürü” dərgisinin baş redaktoru Dr. Sabah Abdullah Kərküklü, misirli tədqiqatçı Dr. Əhməd Tarabek, eləcə də İnstitutun Türk xalqları folkloru şöbəsinin əməkdaşları – professor Almaz Həsənqızı, dosent Elnarə Əmirli və dosent Səkinə Qaybalıyeva iştirak ediblər.
İnstitutun direktoru Hikmət Quliyev qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycanla İraq türkmanları arasında tarixi, ədəbi və mədəni əlaqələrin inkişafında folklorun xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanda İraq türkmanlarının folklorunun, ədəbiyyatının və ədəbi düşüncəsinin öyrənilməsi istiqamətində müxtəlif dövrlərdə həyata keçirilmiş tədqiqatlardan, xüsusilə Əbdüllətif Bəndəroğlu, Qəzənfər Paşayev və Əta Tərzibaşının bu sahədəki mühüm xidmətlərindən bəhs edib.
Qeyd olunub ki, onların toplama, nəşr və tədqiqat fəaliyyəti İraq türkmanlarının zəngin mədəni irsinin Azərbaycanda tanıdılması və elmi dövriyyəyə daxil edilməsində mühüm rol oynayıb.
Hikmət Quliyev İraq türkmanlarının folklor irsinin Azərbaycan folklorunun ümumi mədəni coğrafiyası kontekstində araşdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, İraqda yaşayan türkmanların yaratdığı folklor nümunələri dil xüsusiyyətləri, obrazlar sistemi, süjet və motivlər, poetik ifadə vasitələri baxımından ortaq folklor düşüncəsinin mühüm tərkib hissəsidir. Bu irsin öyrənilməsi yalnız ayrı-ayrı folklor nümunələrinin araşdırılması deyil, həm də türkmanların tarixi yaddaşının, mədəni kimliyinin və Azərbaycanla ortaq mənəvi bağlarının üzə çıxarılması baxımından əhəmiyyətlidir.
Direktor qeyd edib ki, Azərbaycan folklor xəritəsi yalnız ölkənin siyasi sərhədləri daxilindəki ərazilərlə məhdudlaşmır, xalqımızın tarixi və mədəni yaddaşını yaşadan daha geniş mədəni coğrafiyanı əhatə edir. Hikmət Quliyev müasir dövrdə İraq türkmanlarının folklorunun və ədəbi düşüncəsinin sistemli şəkildə tədqiqinə, yeni folklor materiallarının toplanmasına, mövcud mətnlərin elmi dövriyyəyə daxil edilməsinə xüsusi ehtiyac olduğunu bildirib. O, türkmanların folklor materiallarının toplanaraq arxivləşdirilməsini, eləcə də Azərbaycan və İraq türkman folklorşünasları arasında elmi əməkdaşlığın genişləndirilməsini gələcək fəaliyyətin prioritet istiqamətləri kimi diqqətə çatdırıb.
Dr. Sabah Abdullah Kərküklü redaktoru olduğu “Türkman kültürü” dərgisinin fəaliyyəti haqqında məlumat verib. O, AMEA Folklor İnstitutunda aparılan elmi tədqiqatların və nəşr olunan əsərlərin əhəmiyyətini qeyd edərək, İraq türkman folklorunun öyrənilməsi, qorunması və təbliği sahəsində qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıb.
Misirli tədqiqatçı Dr. Əhməd Tarabek türkmanların zəngin mədəniyyətə və qədim folklor ənənələrinə malik olduğunu bildirib. O, yaşadığı ölkədə türkmanlarla bağlı aparılan tədqiqatlardan bəhs edib, həmçinin Qarabağ həqiqətlərinə həsr olunmuş nəşrləri haqqında məlumat verib.
Görüşdə İraq-türkman dilinin və folklorunun öyrənilməsi, qorunması və tədqiqi, Azərbaycan və İraq türkmanlarının folklor ənənələrinin müqayisəli araşdırılması, ortaq mədəni irsin elmi dövriyyəyə daxil edilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

