XƏBƏRLƏR
Professor Ramazan Qafarlının “Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Folklorşünaslığın nəzəri əsasları” adlı kitabı nəşr olunub.
Magistrlər və doktorantlar üçün alternativ dərslik kimi nəzərdə tutulan əsərdə folklorun mahiyyəti, janr sistemi, poetikası, nəzəri məktəbləri və tədqiqat metodları geniş elmi kontekstdə diqqət mərkəzinə gətirilib. Alim folkloru xalqın tarixi təcrübəsini, kollektiv yaddaşını, dünyagörüşünü və mədəni identikliyini yaşadan mürəkkəb mədəni sistem kimi nəzərdən keçirib.
Kitabda folklorşünaslığın klassik nəzəri istiqamətləri ilə yanaşı, müasir humanitar elmdə tətbiq olunan metodoloji yanaşmalara da yer verilib. Mifoloji məktəb, tarixi-coğrafi və müqayisəli-tarixi metodlar, funksionalizm, strukturizm, antropoloji yanaşma, arxetipik və psixoanalitik təhlillə yanaşı, performans nəzəriyyəsi, kontekstual folklorşünaslıq, narratologiya, mədəni yaddaş nəzəriyyəsi, gender folklorşünaslığı, dekolonial yanaşma, ekofolklorşünaslıq, posthumanizm, rəqəmsal etnoqrafiya və korpus folklorşünaslığı kimi istiqamətlər nəzərdən keçirilib.
Nəşrdə internet folkloru, sosial şəbəkələrdə yayılan mətnlər, memlər, viral söyləmələr, rəqəmsal kommunikasiya və süni intellekt dövründə folklorun dəyişən xüsusiyyətləri də müasir tədqiqat problemləri kontekstində təqdim olunub. Bu yanaşma folklorun yalnız ənənəvi mühitlərdə qorunan irs olmadığını, yeni kommunikasiya vasitələri və texnoloji mühitlərdə də yarandığını, dəyişdiyini və yayıldığını göstərir.
Əsərdə Azərbaycan folklorunun janr və mövzu müxtəlifliyi də nəzəri-metodoloji baxımdan təhlil edilib. Epik, lirik və dramatik ənənələr, mərasim folkloru, uşaq folkloru, aşıq yaradıcılığı, dastanlar, xalq inancları, regional folklor və ənənəvi xalq bilikləri tədqiqatın əsas istiqamətlərini təşkil edir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və məhəbbət dastanları folklorun strukturunun, mifoloji əsaslarının, poetikasının və mədəni yaddaşla əlaqələrinin öyrənilməsi baxımından nəzərdən keçirilib. Qarabağ, Naxçıvan, Zəngəzur və Borçalı folklor mühitlərinə də diqqət yetirilib.
672 səhifədən ibarət olan kitab 2026-cı ildə “mifologiya.az” nəşri tərəfindən çap olunub. Nəşr başlanğıc, giriş, 37 fəsil, nəticə, əlavələr, ədəbiyyat siyahısı və Azərbaycan, ingilis, rus dillərində xülasələrdən ibarətdir.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılı, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova və filologiya üzrə fəlsəfə doktoru, dosent Xalidə Məmmədovadır.
Qeyd edək ki, “Folklorşünaslığın nəzəri əsasları” üçkitablıq elmi layihənin birinci nəşridir. Layihənin növbəti kitabları “Folklorşünaslığın nəzəri əsasları: folklor materiallarının antologiya-müntəxəbatı” və “İzahlı folklorşünaslıq lüğəti”dir. Layihə nəzəri biliklərin, folklor materiallarının və terminoloji bazanın əlaqəli şəkildə təqdim edilməsini nəzərdə tutur.
Nəşr folklorşünaslar, filoloqlar, etnoqraflar, mədəniyyətşünaslar, müəllimlər, magistrlər və doktorantlar, eləcə də müasir humanitar elmlərin nəzəri-metodoloji məsələləri ilə maraqlanan tədqiqatçılar üçün nəzərdə tutulub.