AMEA Folklor İnstitutu ilə  Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Folklor İnstitutu ilə Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

27 Oktyabr 2023, 16:00 / Əməkdaşlıq

Oktyabrın 27-də AMEA Folklor İnstitutunda Kərkük Kültür Dərnəyinin rəhbəri, İraq-Türkman Jurnalistlər Birliyinin sədri, tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi ilə görüş keçirilib. Görüşdə hər iki ölkənin folklorşünas alimləri arasında birgə tədqiqatların aparılmasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açılıb.

Qarşılıqlı elmi-mədəni əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi, İraq-Türkman folklorunun toplanması, nəşri və tədqiqi istiqamətində birgə fəaliyyət üçün yeni imkanların yaradılması məqsədilə AMEA Folklor İnstitutu ilə Kərkük Kültür Dərnəyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və  Kərkük Kültür Dərnəyinin rəhbəri, Dr. Şəmsəddin Kuzəçi imzalayıblar.

Görüşdə AMEA Folklor İnstitutunun icraçı direktoru, fil.ü.f.d., dos. Afaq Ramazanova, elmi katib, fil.ü.f.d., dos. Elçin Abbasov, Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Nail Qurbanov, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Səkinə Qaybalıyeva və Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Gülnar Osmanova da iştirak ediblər.

Görüşün sonunda Dr. Şəmsəddin Kuzəçi Folklor İnstitutunun kitabxanasına kitablarını hədiyyə edib və xatirə şəkilləri çəkilib.