“Günümüzdə yaşayan qızılbaş inancları” mövzusunda elmi seminar keçirilib

“Günümüzdə yaşayan qızılbaş inancları” mövzusunda elmi seminar keçirilib

30 Sentyabr 2026, 13:14 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsində elmi seminar keçirilib. Elmi seminarda şöbə əməkdaşları ilə yanaşı, Türk xalqları folkloru şöbəsinin əməkdaşları da iştirak ediblər.

Seminarda şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadənin “Günümüzdə yaşayan qızılbaş inancları” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, son illər Folklor İnstitutunda Qərbi Azərbaycan folklorunun toplanması sahəsində görülən işlər nəticəsində qızılbaş inancına dair maraqlı məlumatalar əldə edilmişdir. Sahə toplamaları qızılbaş inancının Qərbi Azərbaycanın Milli dərəsi boyunca yerləşən kəndlərində, Göyçənin Göysu, Qızılvəng, Çamırlı, Mollalı, Qəfərli, həmçinin Zəngilanın Sobu, Şamlı və Cəbrayılı bəzi kəndlərində rast gəlindiyini göstərir. Toplama materiallarının əhatə dairəsi genişləndikcə bu arealın sərhədlərinin daha da böyüyəcəyi istisna deyil.

Qızılbaşlar şiə məzhəbinə məxsusdurlar, amma onların inancı cəfəri şiəliyindən fərqlənir. Əvvəla qızılbaşlarda tənasüh anlayışı vardır, yəni ruhun təkrar dünyaya gələcəyinə inanırlar. Qızılbaş inancına görə, insan öldükdən sonra onun ruhu başqa cilddə yenidən dünyaya gəlir. Şamlılar arasında ölünün yeddisinə qədər və ya yeddisindən sonra kəsilən ruh qurbanı deyilən bir qurban növü vardır və həmin qurban ölən şəxsin ruhunun murdar bir heyvana düşməməsi üçün kəsilir. Ruh birbaşa dünyaya qayıtmır, o əvvəl bitki, sonra heyvan, ən yekunda isə insan bədənində dünyaya gəlir. Qızılbaşlar üçün xarakterik olan qurban ətinin bişirilərək paylanması ənənəsi də məhz həmin heyvanın diriləcəyi inancından qaynaqlanır.

İlkin Rüstəmzadə qeyd edib ki, Qızılbaşlarda Həzrət Əliyə xüsusi rəğbət var. Onlardan yazıya alınmış rəvayətlərdə Allaha şamil olunan bir çox sifətlərin Əlidə olduğunu görürük. Həzrət Əli Allah kimi laməkandır, onun kimi zamansızdır. Hələ dünyaya gəlməmişdən əvvəl onun nuru var idi və dünya bərqərar olmamışdan əvvəl Cənab Cəbrayıla ustadlıq etmişdir. Həzrət Əli eyni zamanda yaradıcıdır, bir çox adət-ənənələrin əsasını o qoyub, bəzi təbiət hadisələri onun adına bağlanılır. Əlini bu qədər ideallaşdırdıqları üçün ətraf kəndlərin sakinləri onları Əlini allahlaş­dırmaqda günahlandırmış, onları əlallahı adlandırmışlar. Əlallahı əslində inancın mahiyyətini bilmədən, onun zahiri əlamət­lərinə görə verilmiş bir addır. Bu inancın daşıyıcıları bu adı qəbul etmir, onların əlallahı adlandırılmasına qarşı çıxırlar. Əslində isə bu inanc Allahın Həzrət Əlidə təzahürüdür, başqa sözlə ənəlhəq inancıdır. İren Melikofun yazdığına görə, Əmir Teymurun təqibindən qaçan hürufi müridləri Anadoluda müxtəlif təriqətlərə daxil olaraq öz görüşlərini onlar arasında yaymışlar. Bunun nəticəsində də hürufi inancları həmin təriqətlərə keçərək burada öz yaşamını sürdürmüşdür. Qızılbaşlardakı təcəlla anlayışı da məhz hürufilərin ənəlhəq inancının təzahürüdür.

Alimin sözlərinə görə, Anadolu ələvilərində rast gəldikləri cəm məclisləri bu inancın yayıldığ bölgələrdə də mövcud olub. Cəmlər qurban mərkəzli mərasimdir, mütləq burada qurban kəsilər və onun ətrafında mərasim təşkil olunardı. Cəm məclisləri qış aylarına salınıb, böyük çilə girəndən ta çıxana qədər davam edib. Cəmdə insanların oturuş düzəninə gəldikdə baş tərəfdə seyidlər, onların sağ və solunda xəlifələr əyləşirdi. Zəngilanın Şamlı kəndində Seyid Mahmudun xəlifələri Məhərrəm kişi və Xurşud kişi idi. Seyid qurbanın duasını oxuyar, xəlifələr heyvanı kəsər, onun ətini bişirib insanlara paylayardılar. Cəm məclislərində həm kişilər, həm də qadınlar bərabər iştirak edərdilər.
Şamlılarda cəm məclislərinin keçirildiyi yer ağalıq otağı adlanır. Sobu kəndində ağalıq otağı Şeyx Şahalı, Şamlı kəndində isə Seyid Mahmud ağanın ocağında yerləşirdi. Ağalıq otağı müqəddəs yer idi, otağın döşəməsinə palaz sərilmiş, divarlarından imamların şəkli asılmışdı. Ağalıq otağının ortasında taxtın üstündə Həzrət Əlinin çərçivəyə salınmış şəkli, Quran kitabı, Şeyid Şahalının əsası və qılınc var idi. Hər cümə axşamı insanlar ağalıq otağını ziyarət eləyərdi. Ağalıq otağının təmizliyini hər adama tapşırmazdılar, ancaq subay qızların, təmiz adamların ora girməsinə icazə verilərdi. Vedi mahalının İmirzik kəndində isə cəm məcliləri Xəlsə Şaabaz ocağında keçirilib. Cəmlərdə kəlamların söylənildiyi, hikmətli fikirlərin səsləndirildiyi deyilsə də, onların içəriyi, məzmunu haqqında ətraflı məlumat verə bilmirlər. Bu da başa düşüləndir. Sovet dövründə ənənəvi cəmlər artıq keçirilmirdi, ona görə yeni nəsil cəmlərdən, orada keçirilən mərasimlərdən xəbərsiz idi. Amma ehtimal etmək olar ki, ələvi cəmlərində olduğu kimi burada da Şeyx Səfi buyruqlarından söhbət açılıb, həmin buyruqlardan gələn fikirlər insanlar arasında təbliğ olunub.

Məruzəçi qeyd edib ki, Qızılbaş inancları bu gün də yaşamaqdadır, həmin bölgələrdən toplanmış folklor örnəklərindən həmin inancdan irəli gələn bir çox təsəvvürləri görmək mümkündür. Həmin mətnlər hesabına gənc nəsil arasında həmin görüşlər bu gün də yayılır və təbliğ olunur.

Seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Seminar elmi müzakirələrlə başa çatıb.