AMEA Folklor İnstitutunun dosenti beynəlxalq elmi konfransda çıxış edib

AMEA Folklor İnstitutunun dosenti beynəlxalq elmi konfransda çıxış edib

30 Sentyabr 2026, 11:26 / Müsahibələr, çıxışlar

Türk Akademikləri Birliyinin təşkilatçılığı ilə “Qənirə Paşayeva və Türk Dünyası: ədəbiyyat, mədəniyyət, siyasət və birlik idealı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda 22 ölkədən tanınmış elm adamları, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər. Tədbirdə türk xalqlarının ortaq bədii, elmi və mənəvi irsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova “Türk dastanlarında söyləyicilik və onun fərqli terminoloji izahı” mövzusunda onlayn formatda məruzə ilə çıxış edib.

Məruzədə türk xalqlarının şifahi xalq ədəbiyyatında və dastan yaradıcılığında söyləyicilik ənənəsinin tutduğu mühüm yer, bu sənətin müxtəlif türk xalqlarının yaşadığı ərazilərdə qazandığı terminoloji fərqliliklər diqqətə çatdırılıb. Qeyd olunub ki, türk xalqlarının zəngin dastan mühitində söyləyicilər (jırau, jırşı, jırçı, baksı, aşıq, kayçı, manasçı və s.) yalnız bədii mətni qoruyub gələcək nəsillərə ötürən ifaçılar deyil, həm də mənsub olduqları mühitin mənəvi-mədəni yaddaşını, mifoloji təfəkkürünü və milli kimliyini yaşadan əsas daşıyıcılardır.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş elmi müzakirələr aparılıb.

Ümumilikdə, konfrans türk dünyasının elmi-mədəni əlaqələrinin möhkəmləndirilməsi, ortaq elmi layihələrin həyata keçirilməsi və türk xalqlarının zəngin mədəni irsinin beynəlxalq elmi mühitdə tanıdılması baxımından əhəmiyyətli tədbir olub.