Folklor İnstitutunun dosentləri Sinopda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Folklor İnstitutunun dosentləri Sinopda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

28 Sentyabr 2026, 15:54 / Əməkdaşlıq

24–25 sentyabr 2026-cı il tarixlərində Türkiyənin Sinop şəhərində Sinop Universitetinin ev sahibliyi ilə “Türk Xalqlarının Mənəvi İnteqrasiyası: Dili, Ədəbiyyatı, Mədəniyyəti” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.Simpozium xalqlarının ortaq dili, mədəni irsi və mənəvi dəyərləri, həmçinin folklor, ədəbiyyat, tarix, kimlik və mədəni yaddaş məsələlərinin müxtəlif istiqamətlərdən araşdırılmasına həsr olunub.

Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “Evlilik keçid rituallarında sözün sehri: Azərbaycan və Anadolu mədəniyyətlərində dua, qarğış və niyyət dili” mövzusunda məruzə ilə çıxış edib. Məruzə “Xalqşünaslıq, inanc, ritual və mədəni yaddaş” mövzusunda keçirilənelmi paneldə təqdim olunub.

Məruzədə evlilik kimi keçid mərhələlərində sözün performativ gücü, ritual dilinin sosial və psixoloji funksiyaları araşdırılıb. Azərbaycan və Anadolu folklorundan seçilmiş konkret nümunələr əsasında ortaq motivləri təhlil edən tədqiqatçı yeni ailə ocağının bərəkətli və uzunömürlü olması məqsədilə söylənilən duaların, alqışların və niyyət dilinin magik təbiəti, eləcə də qoruyucu və normativ funksiyaları üzərində dayanıb.

Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu isə simpoziumda onlayn formatda iştirak edib. O, Azərbaycan zurna-balaban sənətinin ustası Kalvalı Əli Dədə haqqında “Azərbaycan zurna-balaban sənətinin ustası Kalvalı Əli Dədə haqqında rəvayət xarakterli söyləmələr” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müasir Azərbaycan zurna-balaban sənətinin inkişafında mühüm xidmətləri olmuş Kalvalı Əli Dədənin (1874–1960) yaradıcılıq irsi və onun haqqında xalq yaddaşında qorunub saxlanılan rəvayət xarakterli söyləmələr araşdırılıb. Qeyd olunub ki, Əli Dədə 1874-cü ildə keçmiş Şamaxı qəzasının, hazırda isə Ağsu rayonunun inzibati ərazisinə daxil olan Kalva kəndində yoxsul kəndli ailəsində anadan olub.
Məruzədə sənətkarın XIX əsrin sonu – XX əsrin birinci yarısında peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələrindən biri kimi tanındığı, "Heyva gülü", "Alça gülü", "Koroğlu nağarası", “İnnabı”, “Afruzə”, “Yasəməni” və digər havaları yaratdığı, ümumilikdə yetmişdən artıq zurna-balaban havasının müəllifi olduğu bildirilib. Bu havaların bir qisminin bu gün də Azərbaycan toy mərasimlərinin musiqi repertuarında qorunduğu qeyd edilib.

Məruzədə həmçinin Kalvalı Əli Dədə haqqında şifahi söyləyicilərdən toplanmış rəvayət xarakterli mətnlərin məzmun və motiv xüsusiyyətlərinin araşdırıldığı, sənətkarın yaradıcılığı ilə bağlı folklor yaddyaddaşında formalaşmış təsəvvürlərin təhlil edildiyi qeyd olunub. Həmçinin Kalvalı Əli Dədənin yaradıcılıq irsinin Azərbaycan və ümumilikdə Türk Dünyası kontekstində öyrənilməsinin, bu irsin qorunması və gələcək nəsillərə ötürülməsinin elmi-mədəni əhəmiyyəti diqqətə çatdırılıb.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, iki gün davam edən simpoziumun proqramında 97 iştirakçı yer alıb. İştirakçılar 10 ölkəni – Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Əlcəzair, Bosniya və Herseqovina, İsveç və Pakistanı təmsil ediblər.