Folklor İnstitutunun dosenti milli geyimlərin folklor yaddaşındakı rolundan danışıb

Folklor İnstitutunun dosenti milli geyimlərin folklor yaddaşındakı rolundan danışıb

16 Sentyabr 2026, 21:15 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Vüsal Rəhimin “Azərbaycan Geyim Mədəniyyəti: tarixi irsin bədii interpretasiyası” adlı fərdi sərgisinin açılış mərasimində “Azərbaycan milli geyimlərində folklor yaddaşı və milli kimlik” mövzusunda məruzə ilə çıxış edib.

İlhamə Qəsəbova çıxışında milli geyimlərin xalqın tarixi yaddaşının və milli kimliyinin mühüm daşıyıcılarından biri olduğunu qeyd edib. O bildirib ki, milli geyimlər yalnız zahiri görünüş elementi deyil, xalqın tarixini, estetik zövqünü, dünyagörüşünü, sosial statusunu və milli kimliyini özündə yaşadan maddi-mədəni irs nümunəsidir.

Alim vurğulayıb ki, “Tağıyev” filmində təqdim olunan milli geyimlər sadəcə vizual dekorasiya deyil, tarixi yaddaşı özündə yaşadan və danışan səssiz bir mətndir. Onun sözlərinə görə, milli geyimlər ekran folklorunun mühüm elementlərindən biridir.

Folklorşünas kimi tarixi mövzuda çəkilən filmlərdə milli geyimlərin düzgün təqdim olunmasının böyük məsuliyyət tələb etdiyini vurğulayan alim bildirib ki, kino vasitəsilə milyonlarla tamaşaçı öz keçmişini, tarixini və milli-mədəni dəyərlərini görür. Hətta digər xalqlar da kino vasitəsilə “danışan səssiz mətn” adlandırılan ekran folkloru nümunələri ilə tanış olur, həmin xalqın milli kimliyi və mədəni irsi haqqında təsəvvür əldə edirlər.

Qeyd olunub ki, filmdə milli geyimlərə yalnız zahiri görünüş elementi kimi deyil, dövrün sosial-mədəni mənzərəsini əks etdirən mühüm folklor nümunəsi kimi yanaşılır. Çünki geyim bir xalqın tarixini, estetik zövqünü, dünyagörüşünü, sosial statusunu və milli kimliyini özündə yaşadan maddi-mədəni irs nümunəsidir.

Filmdə geyimlərin əhəmiyyətli cəhətlərindən birinin də onların obrazların xarakterinin açılmasına xidmət etməsi olduğu bildirilib. Tamaşaçı yalnız aktyorun danışığı və davranışı ilə deyil, onun geyimi vasitəsilə də həmin şəxsin hansı mühitə, sosial təbəqəyə və tarixi dövrə aid olduğunu hiss edir. Geyim cəmiyyətin tarixi xüsusiyyətlərini göstərməklə yanaşı, personajların kimliyini, sosial mövqeyini və xarakterik xüsusiyyətlərini də vurğulayır.

Bu baxımdan, “Tağıyev” filminin ərsəyə gəlməsində milli-mədəni irsin qorunmasına göstərilən diqqəti xüsusi qeyd edən İlhamə Qəsəbova Azərbaycanın mədəni irsinin, tarixinin və milli dəyərlərinin təbliğinə verdiyi böyük dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.

Alim “Tağıyev” filminin Azərbaycan tarixinin mühüm bir mərhələsini, həmin dövrün insanlarını, həyat tərzini və mədəni mühitini daha yaxından tanımaq baxımından əhəmiyyətli sənət nümunəsi olduğunu qeyd edib. O bildirib ki, milli geyimlər bu tarixi mənzərənin ən təsirli və yaddaqalan komponentlərindən biridir.

İlhamə Qəsəbova milli geyimin sadəcə geyim olmadığını, xalqın yaddaşını, kimliyini və tarixini yaşatdığını vurğulayıb. Onun sözlərinə görə, milli geyimləri qorumaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaq hər birimizin mənəvi borcudur.

Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə, eləcə də kino sahəsinə göstərdiyi diqqət və qayğının daim xüsusi əhəmiyyət daşıdığını qeyd edən alim baş prodüser Arzu Əliyevanın filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyi də xüsusi vurğulayıb.

Çıxışının sonunda İlhamə Qəsəbova Arzu Əliyevaya, filmin hazırlanmasında əməyi və zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirib. O, həmçinin çıxış etmək imkanı yaratdığı üçün AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə ayrıca təşəkkür edib.