XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı “Azərbaycan folklorunda təbiət kultları: mifoloji təfəkkür və ekofolklorik yaddaş kontekstində” mövzusunda məruzə edib
Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Yaşıl zəka: iqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfrans keçirilib. Konfransda Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Azərbaycan folklorunda təbiət kultları: mifoloji təfəkkür və ekofolklorik yaddaş kontekstində” mövzusunda məruzə edib. Bildirib ki, Azərbaycan folklorunda insanın təbiətlə münasibətinin qədim qatları təbiət kultlarında daha aydın görünür. Su, torpaq, ağac, dağ, daş, od və küləklə bağlı inanclar göstərir ki, təbiət hadisələri və obyektləri ənənəvi dünyagörüşündə yalnız müşahidə edilən gerçəklik kimi qəbul olunmayıb. Onlar zaman keçdikcə müəyyən məna qazanıb, insan həyatının, düşüncəsinin və inanc sisteminin tərkib hissəsinə çevrilib. Təbiət cisimlərinin mifoloji düşüncə baxımından mənalandırılması müxtəlif obrazların, təsəvvürlərin və süjetlərin yaranmasına gətirib çıxarıb. Əcdad təbiət hadisəsini müşahidə edir, gördüyü hadisəyə öz həyat təcrübəsi, dünyagörüşü əsasında məna verirdi. Bu mənalandırma tədricən müəyyən obraz və təsəvvürlərdə sabitləşirdi. İnsan təbiəti özündən tamamilə ayrı təsəvvür etmədiyi kimi, öz varlığını da təbiətdən kənarda düşünmürdü. Təbiətlə bu yaxınlıq onun dünyanı qavramasının mühüm xüsusiyyətlərindən birinə çevrilmişdi. Təbiətin müəyyən obyektlərinə, hadisələrinə xüsusi münasibət davamlı xarakter aldıqda isə onların sakrallaşdırılması və kultlaşdırılması üçün zəmin yaranırdı.
Mövzunun aktuallığı bu gün başqa bir müstəvidə də özünü göstərir. İqlim dəyişmələri, temperaturun yüksəlməsi, ekstremal hava hadisələrinin artması, quraqlıq, su ehtiyatlarının azalması, torpağın deqradasiyası və ekosistemlərin zəifləməsi insanın təbiətə münasibəti məsələsini yenidən gündəmə gətirir. Bu baxımdan folklorda təbiət obyektlərinə verilən sakral dəyərin araşdırılması yalnız qədim dünyagörüşünün öyrənilməsi ilə məhdudlaşmır. Burada həm də insanın təbiətə münasibətinin mədəni və mənəvi əsaslarını görmək mümkündür.
Təbiət kultunu müəyyən təbiət obyektinin, hadisəsinin və ya qüvvəsinin insan təfəkküründə xüsusi status qazanması və bunun ətrafında inanc, davranış, tabu və mərasimlərin formalaşması kimi izah etmək olar. Bu prosesin əsasını mifoloji təfəkkür təşkil edir. Mifoloji təfəkkür insanın dünyanı və təbiəti miflər, obrazlar, simvollar və sakral təsəvvürlər vasitəsilə qavradığı ilkin dünyagörüşü formasıdır. Bu düşüncə sistemində insanla təbiət arasında sonrakı dövrlərdə formalaşmış sərt qarşıdurma yoxdur. Günəş, Ay, ağac, su, dağ, daş, od və digər təbiət ünsürləri yalnız fiziki obyekt kimi deyil, müəyyən qüvvəyə və təsir imkanına malik varlıqlar kimi təsəvvür edilə bilirdi. Əcdad üçün təbiət yaşadığı dünyanın özü idi. Gündəlik həyatında qarşılaşdığı yağış, külək, ildırım, quraqlıq, günəş, su və digər hadisələr onda həm heyrət, həm də qorxu yaradırdı. Bu duyğular təbiətin mənalandırılmasında mühüm rol oynayırdı. Yağış, sadəcə atmosfer hadisəsi deyildi; bərəkət, həyat və yenilənmə ilə əlaqələndirilirdi. Ağac həyatın və nəsil davamlılığının, su isə həyatın, təmizliyin və yenilənmənin ifadəsinə çevrilirdi.
E.Qaliboğlu daha sonra bildirib ki, Əcdadın insan–təbiət münasibətlərinə yanaşmasında bu məqam xüsusi yer tuturdu: onun təbiət hadisələri ilə bağlı heyrəti, onları duyaraq mənalandırması və təbiətdə özünü, özündə isə təbiəti görməsi həmin münasibətin əsas xüsusiyyətlərindəndir. Azərbaycan folklorunda su kultu bu baxımdan xüsusi maraq doğurur. Su həyat, təmizlik, yenilənmə, bərəkət və müqəddəslik anlayışları ilə əlaqələndirilib. Xalq inanclarında suyun qoruyucu və təmizləyici xüsusiyyət daşıması, həyat və yenilənmə ilə bağlanması onun adi maddi ehtiyacdan daha geniş məna qazandığını göstərir. Su həyatın davamlılığı ilə əlaqəli müqəddəs başlanğıc kimi qavranılıb. Bu təsəvvürlərə müasir dövrdə quraqlıq və su ehtiyatlarının azalması fonunda başqa bir aspektdən yanaşmaq mümkündür, ancaq su kultunu birbaşa müasir su təhlükəsizliyi anlayışı ilə eyniləşdirmək düzgün olmaz. Əsas məsələ suya verilmiş sakral dəyəri, su ilə bağlı davranış normalarını suyun qorunması mədəniyyətinin tarixi əsaslarını anlamaq baxımından nəzərdən keçirməkdir. Torpaq kultu da Azərbaycan folklorunun qədim təsəvvürlər sistemində mühüm yer tutur. Torpaq həyat, bərəkət, yaradılış və yurd anlayışları ilə bağlanır. Mifoloji düşüncədə torpaq yalnız məhsul yetişdirilən maddi məkan deyil, ilk növbədə müqəddəsləşən məkandır. Bu insani duyğu isə çağımızda Yurd, Vətən anlayışlarının qarşılığı kimi anlaşılır. Folklor yaddaşında torpaqla həyat, bərəkət və yurd arasında mənəvi əlaqə yaranır. Müasir dövrdə isə torpağın qorunması kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ekoloji dayanıqlılıq məsələləri ilə birbaşa bağlıdır. Quraqlıq, eroziya və torpaq deqradasiyası kimi proseslər torpağın ənənəvi düşüncədəki dəyərinin bu gün də fərqli müstəvidə nəzərdən keçirilməsini zəruri edir.
Ağac kultu təbiət kultlarının daha geniş yayılmış formalarından biridir. Ağacın köklərinin torpaqda, budaqlarının isə göyə doğru uzanması onun mifoloji düşüncədə yer ilə göy arasında əlaqə yaradan obraz kimi qavranılmasına imkan verirdi. Müəyyən ağacların müqəddəs sayılması onların kəsilməsinə və zədələnməsinə qarşı tabu və qadağaların yaranmasına səbəb olurdu. Beləliklə, ağac yalnız maddi təbiət obyekti kimi deyil, qorunması vacib olan mənəvi dəyər kimi də qəbul edilirdi. Azərbaycan folklorunun ekofolklor baxımından araşdırılması su və ağacla bağlı inanclarda bu mifoloji və sakral məzmunun aydın şəkildə qorunduğunu göstərir. Dağ kultu da təbiət məkanının sakrallaşdırılması ilə bağlıdır. Dağ mifoloji düşüncədə ucalıq, qüdrət, göyləşmək, müqəddəslik, qoruyuculuq, insanın vüqarı kimi mənalar daşıyır. Beləliklə, dağ, daş, bulaq və digər təbiət məkanları yalnız coğrafi və ya iqtisadi əhəmiyyət daşıyan obyektlər deyil, həm də xalqın mədəni yaddaşının qorunduğu məkanlara çevrilir. Ekofolklor baxımından bu məqam xüsusilə əhəmiyyətlidir. E.Qaliboğlu vurğulayıb ki, ekofolklorik yaddaş xalqın təbii məkanlar, bitkilər, heyvanlar, su mənbələri, dağlar, meşələr, ümumən ekoloji mühitlə bağlı minillər ərzində formalaşmış təsəvvürlərinin, inanclarının, davranış normalarının folklor vasitəsilə qorunması, nəsildən-nəslə ötürülməsini əhatə edir. Bu yaddaşa folklor mətnlərində qorunan, yaşayan mifoloji təsəvvürlər, inanclar, rəvayətlər, mərasimlər, təbiət məkanları ilə bağlı xalq təcrübəsi daxildir. Ekofolklorik yaddaşda müəyyən ağacın müqəddəs sayılması, hansısa bulağın və ya dağın xüsusi status daşıması, suyun çirkləndirilməsinə qarşı qadağalar, ağac kəsməyə dair xəbərdarlıqlar, müəyyən heyvanların öldürülməsi ilə bağlı tabular, yağış və quraqlıq haqqında təsəvvürlər kimi çoxsaylı nümunələr qorunur. Bu nümunələr insanın təbiətlə münasibətində müəyyən davranış normalarının formalaşdığını göstərir. Mifoloji təfəkkür qavrayış və mənalandırma üsulunu, ekofolklorik yaddaş isə bu mənaların qorunması və ötürülməsi prosesini ifadə edir. Ənənəvi düşüncədə təbiət həm qorxulan, həm də müqəddəsləşdirilən varlıq sahəsi olub; təbiət obyektlərinə münasibətdə müəyyən qadağaların yaranması bu dünyagörüşünün nəticələrindən idi. Qədimdən bəri yaşayan inanclar insanın təbiətə münasibətində formalaşmış dəyər və davranış normalarını öyrənmək üçün zəngin material verir. İqlim dəyişmələri şəraitində bu məsələ daha da aktuallaşır. İqlim risklərinin azaldılması, cəmiyyətin dəyişən şəraitə uyğunlaşması yalnız texniki və iqtisadi tədbirlərlə məhdudlaşmır. İnsanların suya, torpağa, meşəyə, heyvanlara, təbiət məkanlarına münasibəti bu prosesdə xüsusi əhəmiyyət daşıyır. İnsanın təbiətə münasibəti yalnız hüquqi və inzibati qaydalarla deyil, cəmiyyətin yaddaşında yaşayan dəyərlərlə də bağlıdır. Ekofolklorik yaddaş cəmiyyətin təbiətlə münasibətinin tarixi-mədəni əsaslarından biri kimi nəzərdən keçirilə bilər. Burada məqsəd qədim inancları müasir ekoloji normaların hazır modeli kimi təqdim etmək deyil. Əsas məsələ həmin inanclarda və davranış qaydalarında təbiətə münasibətin hansı mənəvi və mədəni prinsiplər üzərində qurulduğunu müəyyənləşdirməkdir. Bu mənada folklor iqlim təhlükəsizliyinin, dayanıqlılığının sosial-mədəni və mənəvi tərəflərini anlamaq üçün mühüm mənbə sayıla bilər.
Beləliklə, Azərbaycan folklorunda təbiət kultları insanın təbiətlə münasibətinin qədim və çoxqatlı yaddaşını əks etdirir. Ekofolklorik yaddaş həmin münasibətin yalnız keçmişə aid təsəvvürlər şəklində deyil, dəyər və davranış təcrübəsi kimi də yaşamasını təmin edən mədəni mexanizmlərdən biridir. Bu yaddaşın öyrənilməsi Əcdadın təbiətlə bağlı təsəvvürlərini üzə çıxarmaqla yanaşı, həmin təsəvvürlərin müasir ekoloji düşüncə üçün hansı mədəni imkanlar yaratdığını da göstərir. Müasir iqlim dəyişmələri şəraitində məsələ artıq yalnız təbiət haqqında qədim təsəvvürlərin öyrənilməsi ilə bitmir. Bu baxımdan təbiət kultları ilə ekofolklorik yaddaşın qarşılıqlı əlaqədə araşdırılması Azərbaycan folklorşünaslığında həm milli-mədəni yaddaşın, həm də insan–təbiət münasibətlərinin müasir problemlərinin öyrənilməsi üçün perspektivli istiqamətlərdən biri hesab edilə bilər.

