Hikmət Quliyev: XIV Altay Topluluqları Simpoziumu türkoloji və Altayşünaslıq araşdırmalarının gələcək inkişafı üçün mühüm platformadır

Hikmət Quliyev: XIV Altay Topluluqları Simpoziumu türkoloji və Altayşünaslıq araşdırmalarının gələcək inkişafı üçün mühüm platformadır

12 Sentyabr 2026, 20:42 / Konfranslar, İclaslar

Bu fikirləri XIV Altay Topluluqları Simpoziumunun bağlanış mərasimində çxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib. O, dörd gün ərzində keçirilən simpoziumda Altayşünaslığın və türkologiyanın müxtəlif problemlərinə, o cümlədən folklor, ədəbiyyat, tarix, dil və mədəniyyət məsələlərinə həsr olunmuş 120-dən artıq məruzə dinlənilib.
Qeyd olunub ki, XIV Altay Topluluqları Simpoziumunun ölkəmizdə və ümumilikdə türk dünyasında xüsusi əhəmiyyət daşıyan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunması olduqca əlamətdar hadisədir. 100 il əvvəl Türk dünyasının görkəmli ziyalı və alimlərini bir araya gətirən Birinci Türkoloji Qurultay yalnız elmi müzakirə platforması deyil, eyni zamanda türk xalqlarının dili, tarixi, ədəbiyyatı, folkloru və mədəni irsi haqqında ortaq elmi düşüncənin formalaşması baxımından mühüm intellektual hadisə idi. Qurultay müxtəlif elm sahələrini bir araya gətirməklə türkoloji araşdırmaların gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm zəmin yaratmışdı.

Təəssüf ki, sonrakı dövrdə Qurultay iştirakçılarının və türkoloji düşüncənin aparıcı nümayəndələrinin repressiyalara məruz qalması, eləcə də sovet ideoloji-senzura siyasətinin yaratdığı məhdudiyyətlər bu elmi ənənənin təbii inkişafına ciddi maneələr törətdi. Bununla belə, 100 il əvvəl yandırılan elmi-intellektual məşəl sönmədi. Bu gün həmin irs yeni tarixi və elmi şəraitdə yenidən aktuallaşır. Müasir mərhələdə türkologiya yalnız keçmişi öyrənən bir elm sahəsi kimi deyil, həm də türk xalqları arasında ortaq tarixi-mədəni yaddaşın, elmi əməkdaşlığın və intellektual əlaqələrin inkişafına xidmət edən mühüm platforma kimi öz əhəmiyyətini artırır.
Bu rakursdan yanaşdıqda, istər türkologiya, istərsə də Altayşünaslıq türk xalqlarının tarixini, mədəniyyətini, folklorunu, dilini və ədəbi irsini qarşılıqlı əlaqələr və geniş tarixi-mədəni kontekst daxilində araşdırmağa imkan verən mühüm elmi istiqamətlərdir. Xüsusilə Altaydan Avropaya qədər uzanan geniş coğrafiyanın müxtəlif xalqların tarixi-mədəni əlaqələri, ortaq və fərqli inkişaf modelləri, mifoloji dünyagörüşləri, folklor sistemləri və kollektiv yaddaş formaları baxımından öyrənilməsi bu sahələrin elmi potensialını daha da genişləndirir.


Simpozium çərçivəsində müzakirə olunan mövzuların rəngarəngliyi və müxtəlif elm sahələrini təmsil edən alimlərin iştirakı burada multidissiplinar elmi yanaşmanın formalaşmasına mühüm imkan yaratdı. Folklorşünaslıq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, antropologiya və mədəniyyətşünaslıq perspektivlərinin bir araya gəlməsi Altay və türk dünyası ilə bağlı məsələlərə yalnız ayrı-ayrı sahələrin deyil, bütöv bir elmi sistemin qarşılıqlı əlaqəsi kontekstində yanaşmağa şərait yaratdı. Düşünürəm ki, müasir Altayşünaslığın və türkologiyanın qarşısında duran əsas vəzifələrdən biri də məhz bu multidissiplinar elmi əməkdaşlığı daha sistemli və davamlı müstəviyə çıxarmaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasında son illərdə humanitar və ictimai elmlər sahəsində aparılan islahatlar, elmi tədqiqatların müasir metodoloji istiqamətlər üzrə inkişaf etdirilməsi, eləcə də Türk dünyası və beynəlxalq elmi ictimaiyyətlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi türkologiya və Altayşünaslıq araşdırmalarının yeni mərhələyə keçməsi üçün əlverişli imkanlar yaradır. Hesab edirik ki, Folklor İnstitutu olaraq, bizim qarşımızda duran mühüm məsələlərdən biri də türk xalqlarının ortaq mədəni irsinin, kollektiv yaddaşının və folklor sistemlərinin öyrənilməsi sahəsində elmi əməkdaşlığı genişləndirməkdir.

Hesab edirik ki, XIV Altay Topluluqları Simpoziumu yalnız ayrı-ayrı elmi problemlərin müzakirə edildiyi bir tədbir deyil, həm də gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli elmi platformadır. Simpozium çərçivəsində irəli sürülən ideya və baxışlar, müzakirələr zamanı meydana çıxan yeni elmi suallar və yanaşmalar, ən əsası isə simpozium materiallarında nəşr olunacaq elmi məqalələr gələcək tədqiqatlar üçün dəyərli elmi mənbə və metodoloji istinad bazası olacaqdır.

Bu mənada, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin XIV Altay Topluluqları Simpoziumu çərçivəsində qeyd olunması həm tarixi elmi irsə ehtiram, həm də həmin irsin müasir elmi düşüncə kontekstində yenidən mənalandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı mərhələdə əsas məqsəd 100 il əvvəl formalaşmış türkoloji elmi əməkdaşlıq ideyasını müasir metodologiyalar, yeni tədqiqat texnologiyaları və beynəlxalq elmi əməkdaşlıq imkanları əsasında daha da inkişaf etdirməkdir.