XƏBƏRLƏR
XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun panellərində folklor, dil, ədəbiyyat, tarix və mədəniyyət məsələləri müzakirə olunub
Sentyabrın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu çərçivəsində elmi panellər keçirilib.
“Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusuna həsr olunmuş simpoziumun həmin gün üzrə elmi proqramında 4 zalda 20 oturum keçirilib, ümumilikdə 80 məruzə dinlənilib.
Panel iclaslarında Altayşünaslıq və türkologiyanın müxtəlif istiqamətləri, türk xalqlarının tarixi, dili, ədəbiyyatı, folkloru, mifologiyası, mədəniyyəti, siyasi və mədəni əlaqələri, eləcə də Altay araşdırmalarının müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
I paneldə türk tarixinin başlanğıcı, Hun-İskit məsələsi, qədim türklər və Türk xaqanlığı, Kök Türklərin dini və inanc sistemi, 1926-cı il Bakı Türkoloji Qurultayının elmi irsi, Altayşünaslığın müxtəlif ölkələrdə inkişafı, türkoloji folklorşünaslıq və türkçülük ideyası ilə bağlı məruzələr təqdim olunub.
Bu panellərdə həmçinin 1926-cı il Bakı Türkoloji Qurultayında qazax nümayəndələrinin çıxışları və onların müasir qazax dilçiliyinə təsiri, A.Baytursınulının elmi görüşləri, türkologiya və folklorşünaslığın yeni tədqiqat perspektivləri, Altay türklərinin mifoloji görüşlərində qurban mərasimi, Türkoloji Qurultay və Salman Mümtazın elmi irsi kimi mövzular araşdırılıb.
II panel iclaslarında türk dünyası dastanlarının tədqiqinin keçmişi, bu günü və gələcəyi, “Ergenekun” dastanı, psixoanalitik kontekstdə “Təpəgöz” obrazı, “Manas” fəlsəfəsi, Altay coğrafiyasının təbii və mədəni irsi, muzey kolleksiyaları, saray mədəniyyəti, türk-macar əlaqələri ilə bağlı məruzələr dinlənilib.
III panellərdə türk xalqlarının miqrasiyası və mədəni yaddaşı, Əhməd Ağaoğlunun irsi, türk ədəbiyyatında müqəddəs məkan konsepti, Çin mənbələrinin Altayşünaslıq üçün əhəmiyyəti, Avropada nəşr olunan şərqşünaslıq jurnallarının Altayşünaslıq araşdırmalarındakı rolu, türk dillərində qrammatik cins kateqoriyası və Aşıq Ələsgər yaradıcılığında dağ-insan arxetipi kimi məsələlərə diqqət yetirilib.
Eyni zamanda Osmanlı mənbələrində Türküstan anlayışı, Buxara və Türkistanın tarixi-mədəni təqdimatı, Türk dünyasından gələn məşhur zəvvarlar, Əhməd Zəki Vəlidi Toqanın elmi fəaliyyəti, N.F. Katanovun türk xalqlarının inanc dünyasına dair araşdırmaları və Türkiyədə Tatar Altayşünas alimlərin fəaliyyəti müzakirə olunub.
IV panel iclaslarında türkoloji araşdırmalarda mənbə tənqidi, türkologiyanın müasir vəziyyəti və perspektivləri, Qırğızıstan-Türkiyə Manas Universitetində türkoloji araşdırmalar, Əhməd Ağaoğlunun tədqiqatlarında türk ailə hüququ, “Divani lüğət-it-türk” əsərinin Altay mənşəli dillərin tarixinin öyrənilməsində rolu və türkmən dilinin etimoloji tədqiqi ilə bağlı məruzələr təqdim edilib.
Bununla yanaşı, Azərbaycanın son iki əsrdəki geosiyasi inkişafı, Dərbəndin Altay topluluqlarının cənub miqrasiya marşrutundakı rolu, Böyük Səlcuq dövlətinin yaranmasında Azərbaycan geosiyasəti, Oğuz və Kelt qəhrəmanlıq dastanlarında advermə və silah motivləri, Altay və ərəb dastanlarında qəhrəmanlıq motivləri, “Şahnamə” və “Koroğlu” dastanları arasındakı bədii və leksik paralellər də araşdırılıb.
V oturumlarda Hindistanda Altayşünaslıq araşdırmaları, Altay şamanlıq ənənələrinin Anadoludakı izləri, Altay türklərinin ov adət-ənənələri, Sibir musiqi alətləri, türk mədəniyyətində ovçu quşlar, milli terminologiyanın formalaşması, qırğız və özbək dillərində termin yaradıcılığı, Mahmud Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərində türk dili, Altayda missionerlik və bilik istehsalı, Sibir xanlığının tarixi, Qriqori Potaninin Altayşünaslığa töhfələri, qədim qırğız yazısının inkişafı, xakas dilinin öyrənilməsi, qaraçay və türkmən dilləri ilə bağlı tədqiqatlar təqdim olunub.
Növbəti günlərdə də simpozium çərçivəsində elmi oturumların keçirilməsi, müxtəlif mövzular üzrə məruzələrin dinlənilməsi və müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu “Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusunda keçirilir. Simpoziumun işində ümumilikdə 15 ölkəni - Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Hindistan, Çin, Yaponiya, Şimali Makedoniya, Macarıstan, Almaniya və Rusiya Federasiyasını təmsil edən alim və tədqiqatçılar iştirak edirlər.
























































