XƏBƏRLƏR
Ağaverdi Xəlil: Çövkən atüstü oyunların mühüm nümunələrindən biridir və Qarabağla çox sıx bağlıdır
Atüstü oyunlar yalnız fiziki mübarizə və əyləncə vasitəsi deyil, xalqın qədim dünyagörüşünü, ritual təsəvvürlərini, həyat tərzini və mədəni yaddaşını özündə yaşadan folklor nümunələridir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil deyib.
Alim bildirib ki, papaq sadəcə baş geyimi deyil, burada müəyyən rəmzi məna daşıyır: “Papaq başı, baş adamı rəmzləşdirir, ona görə də “o dünya”ya gedən adamın papağı boş qalır. Papağın itirilməsi və ya götürülməsi ritual-mifoloji baxımdan insanın “o dünya” ilə əlaqələndirilməsi kimi izah oluna bilər. Oyunda papağını qorumağa çalışan insan əslində öz simvolik bütövlüyünü qoruyur. Bu oyunlarda görünən hərəkətlər real oyun davranışı kimi təqdim olunsa da, onların altında daha qədim təsəvvürlərin izlərini görmək mümkündür. Komanda şəklində oynanılan oyunlarda dünya xaos və kosmos olaraq ikihissəli şəkildə modelləşdirilir. Oyundakı hərəkət bir tərəfdən digər tərəfə keçidi simvolizə edir. Məsələn, çövkən oyununda topun qapıdan keçirilməsi, sürpapaqda isə papağın halqadan keçirilməsi kimi hərəkətlər arxaik ritualın müəyyən elementlərini özündə saxlayır. Bu mənada oyun sadəcə fiziki mübarizə deyil, həm də müəyyən dünya modelinin simvolik şəkildə təkrar qurulmasıdır.
O bildirib ki, çövkən atüstü oyunların mühüm nümunələrindən biridir və Qarabağla çox sıx bağlıdır. Oyunun Azərbaycan ərazisində qədimliyini təsdiqləyən arxeoloji və yazılı materiallar mövcuddur. Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılmış şirli qab üzərində çövkən oyununun təsvir edilməsi bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını göstərir. Çövkən Şərqdə geniş yayılıb və sonradan Avropada “polo” adı ilə tanınıb.
“Komanda oyun növü olan çövkən yarışları eramızın birinci minilliyinin ortalarında formalaşmış, yüzillər ərzində Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, İraqda və qonşu ölkələrdə məşhur olmuşdur. Bu baxımdan çövkənin tarixini yalnız bir ölkənin çərçivəsində deyil, daha geniş - türk və Şərq mədəniyyəti kontekstində araşdırmaq lazımdır. Çövkənin Qərbə keçməsi və “polo” adı altında tanınması daha sonrakı prosesdir. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun yeni qaydalar əsasında inkişaf etdirilib və Avropa ölkələrində yayılmağa başlayıb. Məhz ingilislərin təşəbbüsü ilə bu oyun “polo”’ adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilmiş II Olimpiya Oyunlarının proqramına daxil edilib, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilib. Lakin burada əsas məsələ adın hansı formada yayılması deyil, oyunun özünün daha qədim tarixinin və ilkin mədəni mühitinin araşdırılmasıdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ atı ilə oynanan çövkən milli Azərbaycan oyunu kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu, həm çövkənin qorunması, həm də onun Azərbaycan ənənəvi mədəniyyətindəki yerinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətlidir. Əslində, bu oyunların bir qismi bu gün də yaşayır. Müxtəlif türk xalqlarında bayram və mərasimlər zamanı atüstü oyunlar keçirilir. “Bayqa”, “kökpar”, “oodariş”, “qızqovma”, “çövkən” və digər oyunların müasir variantları mövcuddur. At sürmə, çeviklik, sürətli qərar qəbul etmək, rəqibə qarşı mübarizə aparmaq, müxtəlif manevrlər etmək kimi bacarıqlar oyun vasitəsilə formalaşdırılıb. Yəni oyun burada həm əyləncə, həm fiziki hazırlıq, həm də ənənəvi həyat tərzinin davamı funksiyasını daşıyır. Əsas təhlükələrdən biri bu oyunların real oyun təcrübəsindən çıxması və unudulmasıdır. Getdikcə unudulmağa doğru gedən və real oyun təcrübəsindən çıxmağa başlayan bu qrup oyunların öyrənilməsinə, qorunmasına və bərpasına mədəni müxtəlifliyimizi yaşatmaq, gələcəyə itkisiz və zədəsiz çatdırmaq baxımından ciddi ehtiyac duyulmaqdadır. Oyunların canlı icrasını, qaydalarını, iştirakçılarını, istifadə olunan atları və digər elementləri videoya almaq, söyləyicilərdən məlumat toplamaq, arxiv yaratmaq lazımdır”, - deyə Ağaverdi Xəlil bildirib.
Müsahibimiz qeyd edib ki, Qarabağın atüstü oyunları həm Alban dövləti dövründən Azərbaycan mədəniyyətini, həm orta əsrlər dövrünü, həm də müasir dövrdəki inteqrasiya və transformasiya proseslərini öyrənmək üçün material verir.
Alim hesab edir ki, atüstü oyunlarımız milli-mədəni müxtəlifliyimizi, ənənəvi mədəniyyətimizin rəngarəngliyini yaşatmaq, gələcəyə itkisiz və zədəsiz çatdırmaq baxımından qorunsun. Bu oyunların ümumtürk kontekstində araşdırılması isə ortaq mədəni yaddaşımızın daha dərindən öyrənilməsinə imkan verir. Çünki müxtəlif türk xalqlarında yaşayan oyunlar bir-birindən ayrı hadisələr deyil, ortaq mədəni sistemin müxtəlif coğrafiyalarda formalaşmış və zamanla variantlaşmış nümunələridir.