Folklor İnstitutunun əməkdaşları Sarayevoda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları Sarayevoda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

31 Avqust 2026, 14:16 / Konfranslar, İclaslar

26–29 avqust 2026-cı il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAR) təşkilatçılığı və Beynəlxalq Sarayevo Universitetinin (IUS) ev sahibliyi ilə “2-ci Beynəlxalq Anadolu Akademik Araşdırmalar Simpoziumu” keçirilib.

“Dəyişən dünyada Balkanlar: Çoxölçülü yanaşmalar və fənlərarası perspektivlər” mövzusunda təşkil olunan beynəlxalq elmi tədbir müxtəlif elm sahələri üzrə tədqiqatçıları, alimləri və mütəxəssisləri bir araya gətirib. Simpoziumun əsas məqsədi müxtəlif akademik istiqamətlər arasında elmi dialoqun inkişaf etdirilməsi, müasir tədqiqatların təqdim olunması və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi olub.

Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları da əyani və onlayn formatda iştirak edərək müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Meleykə Məmmədova əyani formatda “Azərbaycan ve Bosna-Hersek kültüründe doğum öncesi ritüeller: doğurganlık, cinsiyet ve sağlık inanışları” mövzusunda məruzə ilə çıxış edib. O, eyni zamanda simpozium çərçivəsində Türkiyənin 16 universitetinin rektorlarının iştirakı ilə keçirilən toplantıda Azərbaycan Milli Elmlər Akademiyasını və Folklor İnstitutu barədə geniş təqdimatla çıxış edib.
Dos. Məleykə Məmmədova çıxışına Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin toplantı iştirakçılarına salamlarını çatdırmaqla başlayıb. Təqdimat zamanı AMEA-nın yaranma tarixi, elmi fəaliyyəti, əsas tədqiqat istiqamətləri, beynəlxalq elmi əməkdaşlıq əlaqələri, Akademiyanın tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutları və mərkəzlər haqqında ətraflı məlumat verib.
Bununla yanaşı, Məleykə Məmmədova AMEA-da fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilən doktorantura təhsili, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və elmi kadr hazırlığı istiqamətində görülən işlər barədə də toplantı iştirakçılarını məlumatlandırıb.
Təqdimatda həmçinin AMEA-nın beynəlxalq elmi əməkdaşlığının genişləndirilməsi, Türkiyə universitetləri və elmi-tədqiqat müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi, ortaq elmi araşdırmaların aparılması və gələcək əməkdaşlıq imkanları xüsusi diqqətə çatdırılıb. Məleykə Məmmədova Folklor İnstitutunun elmi fəaliyyəti, əsas tədqiqat istiqamətləri və beynəlxalq əlaqələri barədə də məlumat verərək, folklorşünaslıq sahəsində birgə elmi əməkdaşlığın perspektivlərini vurğulayıb.

İnstitutun digər əməkdaşları isə simpoziumda onlayn formatda iştirak ediblər. Folklor İnstitutunun böyük elmi işçisi Aydın Mustafayev “Türk mitolojik düşüncesinde kayın ağacı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə “Bosna soykırımının inanç temeli”, böyük elmi işçi Lalə Şabanova “100. yılında türkoloji: gelecek yüzyılın bilimsel yol haritası”, filologiya üzrə fəlsəfə doktoru Nərmin Babayeva “Batı Azerbaycan aşık şiirinde su arketipinin mitik-şiirsel semantiği”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Türk mitolojik-felsefî dünya görüşünün ontolojik modeli olarak Azerbaycan folklorunda hayır ve şer kavramı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova “Nizami Ganjavi'nin “Hosrov ve Şirin” eserinde folklor motiflerinin sanatsal dönüşümü ve şiirsel işlevi”, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva “Turan mefkûresi ve ortak Türk belleği: romantik düşünceden günümüz Türk dünyasına”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əmirli “Dünya halk biliminde hatıra türü (memorat) ve Azerbaycan metinleri”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova “"Kitabi-Dede Korkut" destanının mitolojik-felsefi düşünce sisteminde kadının sosyal-kozmogonik fonksiyonu” və filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova “Ata kültü bağlamında Âşık Medet Ömerov'un şiirlerinde dağ kültü” mövzularında məruzələr təqdim ediblər.

Qeyd edək ki, simpozium çərçivəsində keçirilən elmi sessiyalarda filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əmirli və filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimova moderatorluq edərək sessiya rəhbəri kimi fəaliyyət göstəriblər.