AMEA Folklor İnstitutunun əməkdaşı Qazaxıstanda keçirilən X Beynəlxalq Türkologiya Konqresində iştirak edib

AMEA Folklor İnstitutunun əməkdaşı Qazaxıstanda keçirilən X Beynəlxalq Türkologiya Konqresində iştirak edib

23 Oktyabr 2023, 11:45 / Mühüm hadisələr

17-20 oktyabr 2023-cü il tarixlərində Qazaxıstanın Türkistan şəhərində Xoca Əhməd Yəsəvi adına Beynəlxaq Türk-Qazax Universiteti Türkologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən iki ildə bir dəfə təşkil edilən X Beynəlxalq Türkologiya Konqresi keçirilib. Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi şərəfinə təşkil olunan X Beynəlxalq Türkologiya Konqresi “Müasir Türkologiya: əsas paradiqmalar və disiplinlərarasılıq” mövzusuna həsr olunub.

Konqresdə AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova da iştirak edib. Əməkdaşımız “Qəhrəmanlıq dastanlarında fövqəltəbii və sehrli güclərlə mübarizə mövzulu süjetlər” adlı məruzə ilə çıxış edib.

Sözügedən konqresdə Azərbaycandan daha iki nəfər, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və ADPU-nun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlvan Cəfərov da iştirak ediblər.

Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universiteti Türkologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə gerçəkləşən, üz-üzə və onlayn formatda dörd gün davam edən X Beynəlxalq Türkologiya Konqresində Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistan, Bosniya və Herseqovina, İran, Çili və Rusiyadan 162 elm adamının məruzəsi dinlənilib və geniş müzakirələr aparılıb. Konqres yekun və qiymətləndirmə sessiyasından sonra xatirə fotosessiyası və gəzinti proqramı ilə başa çatıb.