Folklor İnstitutunun əməkdaşları Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak ediblər

05 Avqust 2026, 10:14 / Konfranslar, İclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamından irəli gələn Tədbirlər Planına uyğun olaraq, AMEA, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Yazıçılar Birliyi (AYB) və Akademiyanın Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika – IX) adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə AMEA Folklor İnstitutunun bir qrup əməkdaşı da iştirak edib.
Tədbirin moderatoru Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova olub. O, tədbirin sonunda həm də  “Səməd Vurğun və aşıq yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə qeyd olunub ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatında klassik poeziya ilə xalq yaradıcılığı arasında mənəvi-estetik körpü yaradan görkəmli sənətkarlardandır. Onun poetik dünyagörüşünün formalaşmasında aşıq sənəti, saz-söz ənənəsi və xalq təfəkkürü mühüm rol oynamışdır. Vurğun aşıq yaradıcılığına yalnız folklor nümunəsi kimi deyil, milli-mədəni yaddaşın, tarixi şüurun və mənəvi dəyərlər sisteminin mühüm daşıyıcısı kimi yanaşmışdır.

Çıxış zamanı vurğulanıb ki, dahi şair Qazax aşıq mühitinin tanınmış nümayəndələri ilə sıx yaradıcılıq və mənəvi əlaqələr saxlamışdır. Xüsusilə el arasında “Səməd Vurğun aşığı” kimi tanınan ustad aşıq Hüseyn Sarıyevlə münasibətləri qarşılıqlı ehtiram və sənət dostluğunun parlaq nümunəsi kimi dəyərləndirilmişdir. Bildirilib ki, Səməd Vurğunun vəfatı Hüseyn Sarıyevə dərin mənəvi sarsıntı yaşatmış, o, “Mənimki də rəhmətlik Səmədlə getdi” deyərək ömrünün sonunadək sazını əlinə almamışdır. Bu fakt ustad sənətkara sədaqətin və sənət etikasının nadir təzahürlərindən biri kimi qiymətləndirilmişdir.

Məruzədə, həmçinin Səməd Vurğunun gənc istedadların üzə çıxarılması və aşıq sənətinin inkişafına göstərdiyi diqqət xüsusi qeyd olunub. Bildirilib ki, görkəmli saz ustası Aşıq Ədalət Nəsibovun sənət yolunun formalaşmasında Səməd Vurğunun mənəvi dəstəyi mühüm rol oynayıb. Dahi şair gənc aşığın fitri istedadını yüksək qiymətləndirərək onun gələcəyinə böyük inam bəsləmiş və “Bu uşağa yaxşı bax, bunun gələcəyi var” sözləri ilə Aşıq Ədalətə sənət xeyir-duasını vermişdir. Sonrakı illərdə Aşıq Ədalət Nəsibovun Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən birinə çevrilməsi bu uzaqgörənliyin təsdiqi kimi dəyərləndirilmişdir.

Çıxışda Səməd Vurğunun uşaqlıq illərindən saz sənətinə böyük maraq göstərdiyi, saz ifaçılığı bacarığına malik olduğu, eləcə də Canallı Məmməd, Mirzə Səməd, Dədə Şəmşir, Hüseyn Sarıyev və digər ustad aşıqlarla yaxın dostluq və yaradıcılıq münasibətləri saxladığı barədə tarixi faktlar diqqətə çatdırılıb.

Sonda vurğulanıb ki, Səməd Vurğunun aşıq sənətinə münasibəti təsadüfi maraqdan deyil, milli-mədəni dəyərlərə dərindən bağlı olan dünyagörüşündən qaynaqlanırdı. O, aşıq yaradıcılığını Azərbaycan xalqının mənəvi sərvəti kimi qiymətləndirərək onun qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsini daim diqqətdə saxlayıb. Bu baxımdan Səməd Vurğunun irsi bu gün də Azərbaycan folklorşünaslığı, aşıqşünaslığı və milli-mədəni düşüncəsi üçün mühüm elmi və mənəvi mənbələrdən biri olaraq öz aktuallığını qoruyub saxlayır.

Tədbir çərçivəsində Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Şakir Albalıyev isə Səməd Vurğunun şeirini bədii qiraətlə səsləndirib.