XƏBƏRLƏR
Həyat insan üçün özünütəsdiq meydanıdır: kimi bu meydanda var olur, kimi də yox olur. Bu, təbiidir, ona görə ki, insan yalnız bioloji var olmaq üçün dünyaya gəlmir. Biolojilik başqa canlılara da xasdır. İnsanın isə mənəvi borcu var. Heç bir insan o birinə bənzəmir, hər kəsin özünəməxsusluğu var. Çünki hər bir insanın fərdiliyi onun bənzərsizliyinin təsdiqidir. Burada söhbət insanın həyat gedişini anladığı dərəcədə özünü azdan-çoxdan yaratmasından, var olmasından gedir. Özünütəsdiq mərhələsi əslində buradan başlayır.
Ömrün 60-dan sonrakı yaş dönəmi gerçəkdən özünütəsdiq məqamıdır. İnsan var, bu məqama gecikir, insan da var, tez çatır. Hər şey məqamında gözəldir. Bu düşüncələrin izində professor Seyfəddin Rzasoyun yaradıcı obrazını yaratmağa çalışacağıq.
Elmi yöndə yaradıcılıq bu gün də bəzilərinə “soyuq sahə” kimi gəlir. Bunu sözügedən sahədə yaradıcı özünüifadəsinin kütləvi anlaşılmaması kimi izah edirlər. Ancaq həyatın, dünyanı dərkin əlvanlığı var və bu əlvanlığı çatdırmaq insandan hünər istəyir.
S.Rzasoyun çılğın çağları da olub, sakit çağları da. Bu, onun təbii halıdır: hansısa elmi mövzunun müzakirəsi zamanı hisslərini yalnız sırf akademik biçimdə ifadə etməyi əsas saymayıb, duyğusallığını qoruyub saxlayıb. Fitrətən duyub ki, yaradıcı insanın hisslərini standart, sxemlə ifadə etməsi heç də həmişə uğurlu alınmır. Görünür, bu məqamlarda fitri müəllimliyi köməyinə gəlib.
Bitməyən, tükənməyən yaradıcı hala gəlib çıxmaq, 3-5 günün işi deyil, insandan ardıcıl ömür istəyir. Yaradıcılıq düşüncədən başlayır. İnamlı düşüncə insanı həqiqətə yetirir. Bundan ayrıca götürülmüş elmi həqiqət varmı? Əslində. həqiqət birdir, onun elmdə, habelə həyatın başqa sahələrində insan şəxsində ifadəsi var.
Seyfəddin Gülverdi oğlu Rzayev 1 avqust 1961-ci ildə Biləsuvarın rayonunun mərkəzinə yaxın olan Bəydili kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirib, 1980-1982-ci illərdə Sevastopol şəhərində hərbi xidmət keçib. Bu dövrlər uşaqlıq və gənclik illərini əks etdirməklə həm də həyatının ilkin mərhələsini təşkil edir. Bu mərhələni onun üçün bütün əksər yaşıdlarında olduğu kimi çılğın, həm də ayrıca olaraq içdən, təbiətindən gələn narahat, çoxuna bənzəməyən yaradıcı – zəngin müşahidəli ömür yolunun başlanğıcı kimi də səciyyələndirmək olar.
Orta məktəb və əsgərlikdən sonra S.Rzasoyun qarşısında yeni bir həyat mərhələsi başlayırdı. Ürəyində bəslədiyi ülvi, uca arzular onu o vaxtkı Azərbaycan Pedaqoji İnstitutuna (indiki ADPU-ya) qəbul olunmağa sövq etdi. 1982-ci ildə filologiya fakültəsinin tələbəsi oldu. Uşaqlıq arzusu çin olmuşdu: təsəvvür etmək çətin deyil, indi də yaradıcılıq əhvalı baxımından narahat olan, alimlik missiyasını özünəməxsus düşüncə yönü yaratmaqda görən S.Rzasoyun tələbəlik dönəmi necə çılğın olub. “Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycan-Oğuz mifologiyası” adlı diplom işi S.Rzasoyun tələbəlik dövründəki ilk sistemli yaradıcılıq işi sayıla bilər (Bu əsər 2021-ci ildə “Nizami Gəncəvi: etnogenez və mifologiya” adı ilə “Elm və təhsil” nəşriyyatında çap olunub). Həmin işin birinci fəslində Zərdüştlük mövzusuna baxış ulusal məsələ kimi aktuallaşır, müəyyən məqamlar çağımız üçün də gərəkliyini saxlayır. Bu ideyaların 1986-cı ildə ifadə olunması isə əsərin qiymətini artırır. Gənc tələbə S.Rzayevin 40 il öncə – sovet dövründə, tələbəliyinin son ilində gəldiyi bu və başqa qənaətlərin geniş təhlili ayrıca araşdırmanın mövzusudur. “Avesta”ya yönəlik məntiqli qənaətlərin bundan sonrakı dönəmdə ulusal yöndən araşdırılması üçün ciddi ipucları verir. Gələcəkdə bu kimi məqamlara folklorşünaslıqda daha sistemli yanaşma olacağına əminik.
1986-cı ildə S.Rzasoy ali təhsilini tamamlayıb doğulduğu Biləsuvar rayonuna qayıdır. 1986-1991-ci illərdə rayonun Əliabad kənd orta məktəbində şagirdlərinə dilimizin şirinliyini, ədəbiyyatımızın incəliklərini öyrədir. Bunu Seyfəddin Rzayevin özünü müəllim olaraq tanıtdırıb-sevdirdiyi illər kimi həyatının ikinci mərhələsinə aid edə bilərik.
Arzuları sonsuz olan Seyfəddin müəllim dilimizə, ədəbiyyatımıza olan sevgisini orta məktəb mühiti ilə məhdudlaşdırmaq istəməyib yenidən Bakıya üz tutur, bitirdiyi ali məktəbin aspiranturasına qəbul olunur. Bu, artıq onun həyatının uğurlarla dolu olacaq ömür və tale yolunun özünütəsdiq dövrü kimi xarakterizə oluna bilər. Həyatının məhsuldar mərhələsi başlayır ki, bu dövrün özünü də zaman keçdikcə, yeni-yeni elmi uğurlara nail olduqca, özlüyündə ayrı-ayrı yarımmərhələlər üzrə qruplaşdırmaq olar.
Dahi şairimiz N.Gəncəvinin “Yeddi gözəl” poeması ilə bağlı apardığı geniş tədqiqatında o, problemə sadəcə ədəbiyyatşünaslıq prizmasından yox, mifoloji baxış bucağından da nəzər salmaqla əslində humanitar elm sahəsinə yeni ruh gətirdi. Belə ki, alim ədəbi əsərə sadəcə təsvirçilik üsulu ilə yanaşıb qalmadı, təhlil etdiyi mətnin struktur-semiotik analizini aparmaqla ədəbi əsərin üst məna layı ilə paralel olaraq alt şüurda modelləşib qalmış məna paradiqmalarını da üzə çıxardı. “Yeddi gözəl”də mifoloji dünya modelini ilk dəfə ədəbi-elmi dövriyyəyə daxil etdi. Bu tədqiqatın uğurlu müdafiəsi ilə filologiya elmləri namizədi alimlik dərəcəsini qazanan Seyfəddin Rzasoy bununla həyatının dönüş mərhələsi hesab olunan böyük uğura imza atdı. Bu, 1996-cı ildə kiçik elmi işçi kimi AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda işə başlaması ilə bağlıdır. Namizədlik dissertasiyasının ixtisas profili “Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyat nəzəriyyəsi” adlı iki indeks üzrə təsdiq olunan alimin zəkasının üfüqləri elmi mühitdə daha da genişlənməyə başlayır. 2003-cü ildə AMEA Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiri kimi elmi fəaliyyətini davam etdirən S.Rzasoy bir sıra elmi uğurlara nail olur. Hər şeydən öncə, namizədlik dissertasiyasında işartıları açıq-aşkar sezilən mifoloji düşüncələri geniş vüsət almağa başladı. Ədəbiyyatşünas-nəzəriyyəçi alim olaraq S.Rzasoy artıq folklorşünas-mifoloq alim kimi elmi yaradıcılıq istiqamətləri baxımından özünü təsdiq etməyə başladı. Görkəmli ədəbiyyatşünas-alim Yaşar Qarayevin və görkəmli mifoloq – alim Mirəli Seyidovun yolunu uğurla davam və inkişaf etdirən S.Rzasoy artıq elmi uğurları sayəsində bu tanınmış simalarla eyni səviyyədə tanınmağa başladı. Təkcə öz elmi əsərləri ilə məhdudlaşıb qalmadı, eyni zamanda özündən sonra folklorşünaslar nəsli yetişdirməyə başladı. Çoxlu sayda fəlsəfə və elmlər doktoru dissertasiyalarına rəhbərlik etməkdədir. Onlardan 14 nəfər filologiya üzrə fəlsəfə doktoru, 4 nəfər filologiya elmləri doktoru diplomlarını almışlar.
S.Rzasoy həm orta məktəbdə, həm də ali məktəbdə dərs deyəndə, necə deyərlər, metodikasını da özüylə birgə sinfə, auditoriyaya aparıb. Ali məktəbdə tələbələri ilə söhbətlərinin davamını şöbədə görmüşük. Əlbəttə, bütünlüklə auditoriyanın elmi yönə meyilli olması heç zaman alınmır. Çətinliyi hər kəs sevmir. Ancaq çoxluğun içindən ümidverən azlığı aşkarlayıb özünə inandırmaq, inkişafı üçün ardıcıl çaba göstərmək də hər müəllimin işi deyil. S.Rzasoy bunu uğurla bacara bildi. Onun ardıcıllığı universallığa əsaslanır: alimliyi ilə pedaqoqluğunu birləşdirə bildi. Gənclərin elmi araşdırmaçılığa yönləndirilməsi, hər zaman onlara mənəvi dayaq durmaq, ideya yaradıcılığı üstə kökləmək, uğurlarından mənəvi zövq almaq... Sevinə bilmək asan göründüyü dərəcədə çətin işdir.
Seyfəddin Rzasoyun özünəməxsus öyrətmə yönü var. Özünəməxsusluq başqasından fərqlənməkdir. Başqasından fərqlənən özü olur, var olur. Qəribədir, o, bu prosesdə qəliz sayılan əsərlərini də sadə şəkildə izah etməyi bacarır. Burada onun pedaqoji ustalığı şübhəsiz, köməyinə gəlir. Əgər sovet dövründən üzü bəri çağdaş metodika elminin də standartlarına əsaslansaq, metodika standart biliyin standart da təqdimatını uyğun sayır. Ümumi metodiki prinsiplər ola bilər, var, ancaq əsil müəllim metodikasını özü yaradır, inkişaf etdirir. S.Rzasoy yalnız elmi sahə ilə məhdudlaşıb qalmır, pedaqoji sahədə də fəaliyyətini uğurla davam etdirir. Belə ki, onun əvvəlcə orta məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olması da ali təhsil müəssisələrində tələbələrə auditoriyalarda – müxtəlif ali təhsil ocaqlarında dərs deməklə əvəz olundu. Bu isə o deməkdir ki, alim elmi-pedaqoji sahədə də uğurla fəaliyyət göstərir, nəzəri baxımdan kitablarda yazdıqlarını praktiki olaraq tələbə auditoriyası qarşısında həyata keçirir. Bu da onun həm alim, həm də pedaqoq kimi tələbə və elmi kadrlar hazırlanmasındakı böyük rolunu göstərir.
S.Rzasoy nəinki tələbələrinin, ətrafındakı hər kəsin uğurlarına sevinə bilir. Hər hansı sahənin istedadlı mütəxəssisi sadəcə öz əsərləri ilə yox, həm də yetirmələri ilə tanınmalı və yaşamalıdır. Bu iki amil vəhdətdə olmayanda uyğunsuzluq yaranır, tarazlıq pozulur. S.Rzasoy xoşbəxt alimdir ki, elm aləmində sadəcə əsərlərinə imza atmayıb, istedadlı davamçılar – folklorşünaslar nəsli də yetişdirib.
Zəngin yaradıcı elmi potensiala sahib olan S.Rzasoy 2010-cu ildə dosent, 2019-cu ildə isə professor elmi adlarına layiq görülüb. 2013-cü ildə “Oğuz mifinin strukturu (Oğuz mətnləri əsasında semiotik bərpa)” mövzusundakı doktorluq dissertasiyası onun bu sıradakı uğurlarının silsilə davamıdır.
S.Rzasoy ədəbiyyatşünas, nəzəriyyəçi, folklorşünas-mifoloq alim kimi özünü çoxdan təsdiq edib. Təbii ki, alim əsərləri ilə tanınır, təsdiq olunur. 350-dən yuxarı elmi məqalənin müəllifidir. Onun işıq üzü görən kitablarının adlarına diqqət yetirək: “İslam Ağayev: ömür və yaradıcılıq etüdləri” (Bakı, “Tural-Ə” NPM, 2002, 121 s.), “Nizami poeziyası: Mif-Tarix konteksti” (Bakı, “Ağrıdağ”, 2003, 211 s.), “Oğuz mifinin paradiqmaları” (Bakı, “Səda”, 2004, 199 s.), “Yaddaş və şəxsiyyət” (Bakı, “Səda”, 2004, 130 s. (M.Həkimovla birgə)), “Oğuz mifi və Oğuznamə eposu” (Bakı, “Nurlan”, 2007, 181 s.), “Folklorlaşan alim ömrü” (Bakı, “Nurlan”, 2007, 197 s.), “Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı” (Bakı, “Nurlan”, 2008, 212 s.), “Mifologiya və folklor: nəzəri-metodoloji kontekst” (Bakı, “Nurlan”, 2008, 188 s.), “Oğuz mifologiyası” (Bakı, “Nurlan”, 2009, 363 s.), “Əbülqazi “Oğuznamə”sində mif və ritual” (Bakı, “Nurlan”, 2013, 172 s.), “Müasir Azərbaycan folklorşünaslığı” (2 cilddə, I cild. Mif və epos məsələləri. Bakı, “Nurlan”, 2013, 364 s.), “Muğanlıda Novruz karnavalı” (Tiflis, “Tbiliselebi”, 2014, 103 s.), “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” (Bakı, “Elm və təhsil”, 2015, 436 s.), “Ustad-namə” (Naxçıvan, “Nuh”, 2016, 107 s., (R.Babayevlə birgə)), “Əbülqazi “Oğuznamə”sində mif və ritual” (Bakı, “Nurlan”, 2013, 172 s.), “Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası” (Bakı, “Elm və təhsil”, 2020, 472 s.), “Müasir Azərbaycan folklorşünaslığı” (2 cilddə, II cild. Sənətkar, mətn və mühit məsələləri. Bakı: “Elm və təhsil”, 2020, 308 s.), “Nizami Gəncəvi: etnogenez və mifologiya” (Bakı, “Elm və təhsil”, 2021, 120 s.), “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” (Bakı, “Elm və təhsil, 2021, 344 s.), “Büyük Azerbaycan Mütefekkiri Nizami” (Bursa, “Türk Ocakları Derneği Bursa Şubesi”, 2022, 197 s. (M.Hüseynova və E.Quliyevlə birgə)), “Dədə Qorqud” eposu. I kitab. Qəhrəmanın ölüb-dirilməsi (Bakı, “Elm və təhsil”, 2022, 128 s.), “Dədə Qorqud” eposu. II kitab. Dastanın Alp Aruz variantının ik bərpa təcrübəsi (Bakı, “Elm və təhsil”, 2024, 304 s.), “Dədə Qorqud” eposu. III kitab. Şaman-qəhrəmanın Xaos dünyasına yolçuluğu (Bakı, “Elm və təhsil”, 2025, 176 s.), “Dədə Qorqud” eposu. IV kitab. Salur Qazanın Təpəgözü öldürməsi (Bakı, “Elm və təhsil”, 2025, 276 s.), “Dədə Qorqud” eposu. V kitab. Oğuz mifinin süqutu və Salur Qazan mifinə transformasiyası (Bakı, “Elm və təhsil”, 2026, 168 s.). S.Rzasoyun “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatları ayrıca silsilə təşkil edir ki, bu fakt onun qorqudşünas alim simasını da ortaya qoyur.
S.Rzasoy elmi yaradıcılıq yönünü tapdığı dərəcədə onu ifadə edənlərdəndir. Onun alim uğurunun, bizcə, səbəbi budur: ardıcıl mütaliə, düşünmək və yazmaq. Əslində, indi onun üçün burada ayrıca mərhələ axtarmağa da gərək yoxdur, çünki yaradıcı proses çoxdan axarındadır. Ən başlıcası isə onda dəyərləndirilən cəhət arxayınlaşmamasıdır. Arxayınlaşmağı ötmək yaradıcılığı ardıcıllaşdırmaqdır, arxayınlaşmaq isə yaradıcıllıqda tükənməkdir. S.Rzasoy həmişə inanıb ki, fərdiliyini, özünəməxsusluğunu aşkarlamaq üçün dayanmadan çalışmalıdır. Onu öz yaradıcılıq sahəsinin bilgini edən çətinlikdən çəkinməməsidir. Yaradıcı düşüncə yiyəsi çətin yolun doğruluğunu anlayır, asan yoldan vaz keçir.
S.Rzasoyun Azərbaycan filoloji, türkoloji, mifoloji fikri üçün verəcəyi yeni böyük töhfələr hələ qarşıdadır: dünyanı, həyatı, xalqı, insanı dərkin yeni üfüqlərinin yaradıcılıqda daha aydın, daha məntiqli, daha yaşarı, daha universal ifadəsi.
65 yaşın məntiqi yaradıcı düşüncə yiyəsi üçün yeni imkanlar açır: fikri birbaşa demək, özündən öyrənib özünü ifadə etmək, öncəkindən daha çox müzakirələrə açıq olmaq. Bir məqam: indiyə kimi əsərlərində S.Rzasoy heç zaman sitatdan asılı qalan görünməyib. Sitatçılıq onun üçün daha çox yaxşı mənada özünü (burada: fikrini) təsdiq vasitəsi olub. 65 yaş ömrün arı pətəyi kimi tam dolan, bəhrəli vaxtıdır. Əslində böyük özünüifadə bu yaşdan sonra başlayır.
Bu gün S.Rzasoy yerli və beynəlxalq konfranslarda da vaxtaşırı məruzələr edir, müxtəlif elmi auditoriyalarda maraqlı mövzularda elmi söhbətlərləri - çıxışları ilə dinləyicilərin böyük marağına səbəb olur.
O, AMEA Folklor İnstitutunda işıq üzü görən “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının baş redaktoru, habelə Türkiyə, Qırğızıstan, Qazaxıstanda folklor və ədəbiyyatla bağlı jurnalların redaksiya heyətinin üzvü, “Dergi Park”da ekspert kimi də fəaliyyət göstərir, habelə AMEA Folklor İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri olaraq elmi müdafiələrin keçirilməsində dəyərli məsləhət və tövsiyələrini verir. Alimin bu cür hərtərəfli və əzmkar elmi fəaliyyəti AMEA-nın Rəyasət Heyəti tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, Fəxri Fərmanlarla mükafatlandırılıb. Onun elm aləmindəki yüksək göstəriciləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, elm sahəsindəki mühüm xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
S.Rzasoy həm də nümunəvi ailə başçısıdır. Onu ailəçiliyi sarıdan da xoşbəxt saymaq olar. Ailəçiliyin insan üçün əvəzsizliyini dərindən anlayır. İxtisasca ana dili və ədəbiyyatı müəllimi olan Mehparə xanımla ailə həyatı qurub, babalıq fərəhinin içindədir. Sevinc və Qumral adlı övladları da ali təhsilə yiyələnmişlər. Sevinc atasının yolunu davam etdirib, mifoloji sahədə uğurlu tədqiqatlar apararaq filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
S.Rzasoy ömrünün ardıcıl özünütəsdiq mərhələsini yaşayır. 65 yaşın zirvəsindən həyata coşğun, yaradıcı əhvalla baxan Seyfəddin müəllimə uzun ömür, cansağlığı, elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.
Dos. Şakir Albalıyev
Dos. Elçin Qaliboğlu