Professor Seyfəddin Rzasoy – 65: folklorşünaslıq və mifoloji axtarışlara həsr olunmuş ömür yolu

Professor Seyfəddin Rzasoy – 65: folklorşünaslıq və mifoloji axtarışlara həsr olunmuş ömür yolu

01 Avqust 2026, 10:30 / Müsahibələr, çıxışlar

Filologiya elmləri doktoru, professor Seyfəddin Gülverdi oğlu Rzasoy 1961-ci il avqustun 1-də Biləsuvarın rayon mərkəzinə yaxın kəndlərindən biri olan Bəydilidə anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə bitirmiş, daha sonra –  1980-1982-ci illərdə bir gənc kimi sovet ordusunun sıralarında Sevastopol şəhərində hərbi xidmətini yerinə yetirmişdir. Bu illəri, belə demək olarsa, o dövr sovet insanlarının ömür yolunun hamı üçün eyniyyət təşkil edən başlanğıcı kimi səciyyələndirmək olar.

Orta məktəbi və kişilik məktəbi sayılan əsgərlik həyatını bitirdikdən sonra Seyfəddin Rzasoyun qarşısında yeni bir həyat mərhələsi başlamışdır. Orta məktəbdə oxuyarkən ürəyində bəslədiyi ülvi və uca arzular onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə oxumağa sövq etmiş və gələcək alim 1982-ci ildə ADPU-nun filologiya fakültəsinə qəbul olmuşdur. 1986-cı ildə ali təhsilini tamamlayıb doğulduğu Biləsuvar rayonuna qayıtmış, 1991-ci ilədək rayonun Əliabad kənd orta məktəbində şagirdlərinə dilimizin şirinliyini, ədəbiyyatın incəliklərini tədris etmişdir. Bu dövrü Seyfəddin Rzaoyun özünü müəllim kimi tanıtdırıb-sevdirdiyi illər kimi onun həyatının ikinci mərhələsinə aid edə bilərik.

Seyfəddin müəllimin həyatının mühüm mərhələsi, sözsüz ki, onun dilimizə, ədəbiyyatımıza olan marağını orta məktəb çənbəri ilə məhdudlaşdırmaq istəməyib, yenidən Bakı şəhərinə üz tutaraq, bitirdiyi ali məktəbin aspiranturasına qəbul olması ilə başlayır. Bu, artıq onun həyatının dönüş nöqtəsi – həyatının uğurlarla dolu yeni, 3-cü mərhələsi, ömrünün və tale yolunun elmi fəaliyyət dövrü kimi xarakterizə olunur. Onun həyatının üçüncü mərhələsini özlüyündə ayrı-ayrı yarımmərhələlər üzrə də qruplaşdırmaq olar.

Elə ilk irihəcmli tədqiqat işində - dahi şairimiz Nizami Gəncəvinin “Yeddi gözəl” poeması ilə bağlı namizədlik dissertasiyasında, o, problemə sadəcə ədəbiyyatşünaslıq prizmasından yox, mifoloji baxış bucağından da nəzər salmaqla humanitar elm sahəsinə yeni bir ruh gətirir. Belə ki, alim bu ədəbi əsərə təsviri və ya müqayisəli tədqiqat üsulu ilə yanaşmır, təhlil etdiyi mətnin struktur-semiotik analizini aparmaqla ədəbi əsərin üst məna layı ilə paralel olaraq alt şüurda modelləşib qalmış məna paradiqmalarını da üzə çıxarır. Nizami Gəncəvinin “Yeddi gözəl” əsərində mifoloji dünya modelini ilk dəfə ədəbi-elmi dövriyyəyə daxil edir. Bu tədqiqatını tamamlaması ilə filologiya elmləri namizədi alimlik dərəcəsini qazanan Seyfəddin müəllim bununla həyatının ilk möhtəşəm elmi uğuruna imza atır. Bu, onun həyatının 3-cü mərhələsinin başlanğıc dövrü olur.

Seyfəddin Rzasoyun həyatında yeni bir yarımmərhələnin əsasını isə onun akademik elmi mühitə daxil olması dövrü təşkil edir: 1996-cı ildə kiçik elmi işçi kimi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda işə qəbul olur. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin gənc istedadlara xüsusi qayğısı sayəsində Seyfəddin Rzasoyun alimlik zəkasının üfüqləri bu elmi mühitdə daha da genişlənməyə başlayır.

2003-cü ildə AMEA Folklor İnstitutu yaranır və Seyfəddin müəllimin orada Mifologiya  şöbəsinin müdiri seçilməsi ilə onun alimlik həyatının tamamilə yeni bir yarımmərhələsi başlayır. Elmə ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi qədəm qoyan Seyfəddin Rzasoy artıq folklorşünas-mifoloq kimi özünü elmi ictimaiyyətdə təsdiq etməyə başlayır. Türk (oğuz) mifologiyası, “Kitabi-Dədə Qorqud”un mifoloji semantikası, şamanizm, din və ritual, epos yaradıcılığı, aşıq ədəbiyyat, Azərbaycan folklorşünaslığının tarixi və s. bu kimi mövzularda onlarla ciddi monoqrafiyanın müəllifi olur. Özünün böyük müəllimləri hesab etdiyi nəhəng ədəbiyyatşünas alim Yaşar Qarayevin və görkəmli mifoloq Mirəli Seyidovun yolunu uğurla davam və inkişaf etdirən Seyfəddin Rzasoy özü də elmi uğurları sayəsində bu nəhəng simalarla eyni səviyyə yüksələ bilir.

Bu yüksəliş təkcə alimin öz yaradıcılıq məhsulları olan elmi əsərləri ilə məhdudlaşıb qalmır, o, eyni zamanda böyük bir folklorşünaslar nəsli yetişdirməyə müvəffəq olur. Hazırda onlarla fəlsəfə doktoruna elmi rəhbər, elmlər doktorluğu dissertasiyalarına isə elmi məsləhətçi olan alimin çoxsaylı davamçıları mövcuddur. Sözsüz ki, hər hansı bir sahənin istedadlı mütəxəssisi sadəcə öz əsərləri ilə yox, həmçinin də yetirmələri – davamçıları ilə tanınmalı və yaşamalıdır.

Böyük elmi uğurlara imza atmış Seyfəddin Rzasoy 2010-cu ildə dosent elmi adına, 2013-cü ildə isə müdafiə etdiyi “Oğuz mifinin strukturu (oğuz mətnləri əsasında semiotik bərpa)” adlı dissertasiya işinə görə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2019-cu ildə isə professor elmi adını almışdır.

Müəllifi olduğu kitablarla o özünü həm ciddi ədəbiyyatşünas və nəzəriyyəçi alim, həm də böyük folklorşünas-mifoloq kimi çoxdan təsdiqləmışdir. Onun işıq üzü görən kitablarının hər biri həsr olunduğu mövzuda ən sanballı tədqiqat əsərləridir: “İslam Ağayev: ömür və yaradıcılıq etüdləri” (Bakı, “Tural-Ə” NPM, 2002, 121 s.),  “Nizami poeziyası: Mif-Tarix konteksti” (Bakı, “Ağrıdağ”, 2003, 211 s.), “Oğuz mifinin paradiqmaları” (Bakı, “Səda”, 2004, 199 s.), “Yaddaş və şəxsiyyət” (Bakı, “Səda”, 2004, 130 s. (M.Həkimovla birgə)), “Oğuz mifi və Oğuznamə eposu” (Bakı, “Nurlan”, 2007, 181 s.), “Folklorlaşan alim ömrü” (Bakı, “Nurlan”, 2007, 197 s.), “Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı” (Bakı, “Nurlan”, 2008, 212 s.), “Mifologiya və folklor: nəzəri-metodoloji kontekst” (Bakı, “Nurlan”, 2008, 188 s.), “Oğuz mifologiyası” (Bakı, “Nurlan”, 2009, 363 s.), “Əbülqazi “Oğuznamə”sində mif və ritual” (Bakı, “Nurlan”, 2013, 172 s.), “Müasir Azərbaycan folklorşünaslığı” (2 cilddə, I cild. Mif və epos məsələləri. Bakı, “Nurlan”, 2013, 364 s.), “Muğanlıda Novruz karnavalı” (Tiflis, “Tbiliselebi”, 2014, 103 s.), “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” (Bakı, “Elm və təhsil”, 2015, 436 s.), “Ustad-namə” (Naxçıvan, “Nuh”, 2016, 107 s. (R.Babayevlə birgə), “Əbülqazi “Oğuznamə”sində mif və ritual”, (Bakı, “Nurlan”, 2013, 172 s. (Elektron kitab), “Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası” (Bakı, “Elm və təhsil”, 2020, 472 s.), “Müasir Azərbaycan folklorşünaslığı” (2 cilddə, II cild. Sənətkar, mətn və mühit məsələləri. Bakı: “Elm və təhsil”, 2020, 308 s.), “Nizami Gəncəvi: etnogenez və mifologiya”, (Bakı, “Elm və təhsil”, 2021,  120 s.), “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” (Bakı, “Elm və təhsil, 2021, 344 s.), “Büyük Azerbaycan Mütefekkiri Nizami” (Bursa, “Türk Ocakları Derneği Bursa Şubesi”, 2022, 197 s., M.Hüseynova və E.Quliyevlə birgə), “Dədə Qorqud” eposu. I kitab. Qəhrəmanın ölüb-dirilməsi (Bakı, “Elm və təhsil”, 2022, 128 s.), “Dədə Qorqud” eposu. II kitab. Dastanın Alp Aruz variantının ik bərpa təcrübəsi (Bakı, “Elm və təhsil”, 2024, 304 s.), “Dədə Qorqud” eposu. III kitab. Şaman-qəhrəmanın Xaos dünyasına yolçuluğu (Bakı, “Elm və təhsil”, 2025, 176 s.), “Dədə Qorqud” eposu. IV kitab. Salur Qazanın Təpəgözü öldürməsi (Bakı, “Elm və təhsil”, 2025, 276 s.) və s.

Bu əsərlərə diqqət etsək, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlarının ayrıca silsilə təşkil etdiyini görərik ki, bu fakt da onun qorqudşünas alim simasını ortaya qoyur. Seyfəddin Rzasoy bu gün təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da Azərbaycan qorqudşü­naslığının ən öndə gələn simalarından biri kimi qəbul olunur. Seyfəddin Rzasoyun “Kitabi-Dədə Qorqud”la bağlı araşdırmalarının özəlliyi ondadır ki, o, təkcə obrazların və ya süjetlərin mifoloji semantikasını araşdırmır, eyni zamanda mifoloji paradiqmaları, trans­mediativ strukturları və alt variantları bərpa edə bilir. Onun eposla bağlı bütün yazıları məsələyə yeni baxış, orijinal yanaşma və təhlil üzərində qurulur.

Ciddi mifoloq və qorqudşünas alim kimi qəbul edilən Seyfəddin müəllim yerli və beynəlxalq konfranslarda vaxtaşırı məruzələr edir, müxtəlif elmi auditoriyalarda maraqlı mövzuda elmi söhbətlərləri-çıxışları ilə dinləyicilərin böyük marağına səbəb olur.

Seyfəddin Rzasoy AMEA Folklor İnstitutunda işıq üzü görən “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının baş redaktoru, habelə Türkiyədə, Qırğızıstanda folklor və ədəbiyyatla bağlı jurnalların redaksiya heyətinin üzvü, Dergi Parkda ekspert kimi fəaliyyət göstərir. Folklor İnstitutu nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının həmsədri, institutun Elmi şurasının üzvüdür. 

Alimin bu cür hərtərəfli və əzmkar elmi fəaliyyəti heç şübhəsiz ki, AMEA-nın Rəyasət Heyəti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilmiş, Fəxri fərmanlarla mükafatlandırılmışdır. Onun elm aləmindəki yüksək göstəriciləri dövlətimiz tərəfindən də yüksək dəyərləndirilmişdir, Nizamişünaslıqla bağlı dəyərli əsərlərinə görə 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına, elmi sahədəki mühüm xidmətlərinə görə isə 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

Seyfəddin Rzasoy yalnız elmi sahə ilə məhdudlaşıb qalmır, pedaqoji sahədə də fəaliyyətini uğurla davam etdirir. Belə ki, onun əvvəlcə orta məktəbdə müəllimlik fəaliyyəti ilə məşğul olması da müxtəlif ali təhsil müəssisələrinin auditoriyalarında tələbələrə dərs deməklə əvəz olunmuşdur.

Bir məqamı da vurğulamalıyıq ki, Seyfəddin müəllim həm də nümunəvi ailə başçısıdır. Tələbə  yoldaşı olan Mehparə Rzayeva ilə ailə həyatı qurmuş, bu uğurlu izdivacdan iki övladı dünyaya gəlmişdir. Sevinc və Qumral adlı bu övladları da ali təhsilə yiyələnmiş, hətta qızı Sevinc atasının yolunu davam etdirmiş, mifologiya sahəsində uğurlu tədqiqatlar apararaq, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

65 yaşın zirvəsindən həyata açıq alınla, işıqlı zəka ilə boylanan Seyfəddin müəllimə uzun ömür, cansağlığı və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Şakir AlbalıyevAMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent 

www.science.gov.az