“Folklorşünasın səsi”: növbəti buraxılışın qonağı Elçin Qaliboğlu olub

“Folklorşünasın səsi”: növbəti buraxılışın qonağı Elçin Qaliboğlu olub

27 İyul 2026, 11:29 / Folklorşünasın səsi

“Folklorşünasın səsi” layihəsinin növbəti buraxılışı yayımlanıb. Buraxılışın qonağı AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu olub.

Elçin Qaliboğlu "Təbiət mifoloji düşüncənin qaynağı kimi" mövzusunda çıxış edib. O, türk mifoloji düşüncəsinin formalaşması və onun müasir dövrdə elmi əhəmiyyətindən bəhs edib. Alim qeyd edib ki, türk mifoloji dünyagörüşünün əsasını insanla təbiətin vəhdəti təşkil edir. Onun sözlərinə görə, qədim insan təbiəti yalnız müşahidə etməyib, onun ayrılmaz bir hissəsi kimi qəbul edib və bu münasibət mifoloji təfəkkürün yaranmasına zəmin yaradıb.

Elçin Qaliboğlu bildirib ki, müasir dövrdə elmi-texnoloji inkişaf sürətlənsə də, mifoloji düşüncənin və folklorun öyrənilməsi milli-mədəni yaddaşın qorunması baxımından öz aktuallığını saxlayır. Onun fikrincə, folklorun tədqiqi xalqın mənəvi dünyasını, yaradıcı təfəkkürünü və tarixi yaddaşını daha dərindən anlamağa imkan verir.

Qeyd edək ki, videoçəkiliş Folklor İnstitutunun Folklor Studiyası tərəfindən həyata keçirilib.