AMEA Folklor İnstitutunun əməkdaşları Qarsda keçirilən beynəlxalq elmi seminarda iştirak ediblər

AMEA Folklor İnstitutunun əməkdaşları Qarsda keçirilən beynəlxalq elmi seminarda iştirak ediblər

17 İyul 2026, 14:35 / Mühüm hadisələr

3–6 iyul 2026-cı il tarixlərində Türkiyənin Qars şəhərində Dünya Qarapapaq Türkləri Vəqfinin təşkilatçılığı ilə “Dünya Qarapapaq Türkləri Elmi Seminarı” və “Aşıq Ələsgər ilə Aşıq Şenlik adına Ozanlar Şöləni” keçirilib. Türk dünyasının ortaq tarixi və mədəni irsinə həsr olunan seminarda Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Qazaxıstandan alimlər, tədqiqatçılar, aşıqlar və mədəniyyət xadimləri, həmçinin AMEA Folklor İnstitutunun əməkdaşları - Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova və Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova iştirak ediblər.


Seminar çərçivəsində qarapapaq türklərinin tarixi, folkloru, dili, mədəniyyəti və sosial həyatına dair məruzələr dinlənilib, elmi müzakirələr aparılıb. İştirakçılar Türk dünyasının ortaq irsinin araşdırılması, qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Proqramın ilk günü Çıldır rayonunda Aşıq Şenliyin məzarı ziyarət olunub, böyük söz ustadının xatirəsi ehtiramla yad edilib.

Elmi seminar iyulun 5-də Qars Mədəniyyət və Turizm İdarəsinin konfrans zalında rəsmi açılış mərasimi ilə işə başlayıb. Tədbirdə professor Ali Kafkasyalı, professor Nizami Məmmədov Tağısoy, professor Oktay Belli, professor Şurəddin Məmmədli, professor Yavuz Selim Kafkasyalı, dosent İlhamə Qəsəbova, dosent Hamza Kolukısa, doktor İsa Yeganə, doktor Gülnarə Qoca Məmmədli, Güzin Sühran Belli, doktor Mir Ali Rzayi və digər alimlər məruzələrlə çıxış ediblər. Seminarda, həmçinin Qars Bələdiyyəsinin sədri professor Ötüken Senger, Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev, Türkiyə–Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin sədri professor Aygün Attar, dövlət qurumlarının rəhbərləri, universitet nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində qarapapaq türklərinin tarixi və mədəni irsinə həsr olunmuş fundamental kitabın təqdimatı keçirilib. Nəşrdə “Qarapapaq türklərində gələnək və görənək” (IV bölüm) və “Qarapapaqlarda geleneksel oyunlar ve eğlence kültürü” (VIII bölüm) bölmələrinin müəllifi olan dosent İlhamə Qəsəbova çıxışında bildirib ki, qarapapaq türklərinin adət-ənənələri cəmiyyətin sosial quruluşunu formalaşdıran əsas mədəni ünsürlərdən biri olmaqla yanaşı, xalqın milli-mənəvi dəyərlərinin, dünyagörüşünün və həyat tərzinin qorunub yaşadılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, nəsildən-nəslə ötürülən bu zəngin mədəni irs ailə institutunu möhkəmləndirir, ictimai həmrəyliyi gücləndirir və ortaq həyat şüurunu yaşadır. Elçilik, nişan, toy, doğum, hərbi xidmət və ölüm kimi həyatın keçid mərhələləri müəyyən adət və mərasimlər çərçivəsində yaşadılır, qonaqpərvərlik, ailə bağları və kirvəlik kimi sosial dəyərlər isə milli-mədəni kimliyin qorunmasına və cəmiyyət daxilində birlik və bərabərliyin möhkəmlənməsinə mühüm töhfə verir.

İ.Qəsəbova qeyd edib ki, müasir dövr informasiya və rəqəmsal texnologiyalar əsri kimi səciyyələnir. İnternet və süni intellekt texnologiyaları, o cümlədən ChatGPT kimi tətbiqlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, qloballaşma və rəqəmsallaşma prosesləri folklor mühitinə də təsir göstərərək folklor nümunələrinin toplanması, öyrənilməsi, qorunması və yayılması üçün yeni imkanlar yaradıb. Bununla yanaşı, müasir gənc nəslin ənənəvi xalq mədəniyyətinə və milli-mənəvi dəyərlərə münasibətində müəyyən dəyişikliklərin müşahidə olunduğunu vurğulayan alim bildirib ki, qarapapaq türklərinin tarixi, folkloru, dili, sosial həyatı və mədəni irsini əhatə edən bu kitabın hazırlanması xüsusi elmi və mədəni əhəmiyyət daşıyır. Onun fikrincə, nəşr yalnız tarixi həqiqətlərin sənədləşdirilməsi deyil, həm də milli-mədəni yaddaşın qorunması, gələcək nəsillərə ötürülməsi və qarapapaq türklərinin zəngin irsinin sistemli şəkildə öyrənilməsi baxımından dəyərli elmi mənbədir. Alim çıxışının sonunda vurğulayıb ki, qarapapaq türklərinin adət-ənənələri təkcə keçmişdən gələn mədəni irs deyil, həm də mədəni yaddaşı yaşadan, ictimai kimliyi gücləndirən və keçmişlə gələcək arasında möhkəm mədəni körpü yaradan əsas dəyərlərdir.

Dosent İlhamə Qəsəbova çıxışının sonunda fundamental nəşrin ərsəyə gəlməsində professor Ali Kafkasyalının elmi rəhbərliyini və təşkilatçılıq fəaliyyətini yüksək qiymətləndirərək ona göstərdiyi etimada və Türk dünyasının mədəni irsinin araşdırılması istiqamətindəki xidmətlərinə görə təşəkkürünü bildirib. O, eyni zamanda Dünya Qarapapaq Türkləri Vəqfinin sədri Erkan Koçaliyə, vəqfin sədr müavini Hikmət Karaboğaya, baş katib Osman Saday bəyə, eləcə də nəşrin hazırlanmasında əməyi olan bütün müəllif və təşkilatçılara minnətdarlığını ifadə edib.

“Aşıq Ələsgər ilə Aşıq Şenlik adına Ozanlar Şöləni” çərçivəsində Türk dünyasının görkəmli ozanlarının xatirəsi yad olunub, aşıqların ifasında saz havaları və xalq yaradıcılığı nümunələri təqdim edilib.

Qars şəhərində keçirilən beynəlxalq elmi seminar Türk dünyasının ortaq tarixi və mədəni irsinin öyrənilməsi, qorunması, elmi əməkdaşlığın genişləndirilməsi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.