Əməkdaşlarımız beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər

Əməkdaşlarımız beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər

21 Oktyabr 2023, 15:00 / Mühüm hadisələr

Oktyabrın 20-21-də Tatarıstanın Kazan şəhərində “Uşaq və gənclik ədəbiyyatında dil, mədəniyyət və adət-ənənələr: tarix, şeir” mövzusunda X Beynəlxalq uşaq və  gənclik ədəbiyyatı simpoziumu keçirilib. 2014-cü ildən etibarən hər il oktyabr ayında gerçəkləşən simpozium Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarları Birliyi, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi, Kazan Federal Universiteti və Qazi Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tatarıstanda 2023-cü ilin “Milli mədəniyyətlər və adət-ənənələr ili” elan olunması ilə əlaqədar olaraq  builki simpozium “Uşaq və gənclik ədəbiyyatında dil, mədəniyyət və adətlər: tarix, şeir” mövzusuna həsr olunub. Simpoziumda ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi, Tatarıstanın Xalq şairi Robert Minnullinin anadan olmasının 75-ci ildönümü münasibətilə tanınmış şair haqqında mövzulara da yer verilib.

 21 bölmədə üz-üzə və onlayn formatda gerşəkləşən simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları – Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədovanın “Azərbaycan və Anadolu folklorunda uşağı nəzər, Hal və çilədən qorumaq üçün icra edilən üsul və rituallar” və Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tahir Nəsibin “Qeser” və “Maaday-Qara”  dastanlarında qəhrəmanın möcüzəli doğuluş motivinin zaman-məkan xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.

Simpozium öz işini geniş təhlillər və gələcək birgə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə başa vurub.