Folklor İnstitutunun əməkdaşları “Türkiyə Cümhuriyyəti və Azərbaycan filologiyası” mövzusunda respublika konfransında iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları “Türkiyə Cümhuriyyəti və Azərbaycan filologiyası” mövzusunda respublika konfransında iştirak ediblər

20 Oktyabr 2023, 14:27 / Mühüm hadisələr

19 oktyabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetində Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Türkiyə Cümhuriyyəti və Azərbaycan filologiyası” mövzusunda respublika konfransı keçirilib. Universitetin “Azərbaycan və dünya ədəbiyyatı” və “Nəzəri dilçilik və türk dilləri” kafedralarının birgə təşkilatçılığı ilə baş tutan konfransda Türkiyədə filoloji fikrin yeni inkişaf mərhələlərinin tədqiqi, Cümhuriyyət dövründə qələmə alınmış əsərlərin təhlili, həmin dövrdə Azərbaycandan mühacirətə getmiş görkəmli ədiblərimizin yaradıcılığına yenidən nəzər salınması, türk dillərinin tədqiqi və tədrisi problemlərinin öyrənilməsi kimi məsələlərdən bəhs edən çoxsaylı məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.

Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları – Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova “Mustafa Kamal Atatürk və türk xalq mədəniyyəti”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova “Azərbaycan və Anadoluda doğum öncəsi icra edilən adət və rituallar” və Müasir folklor şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xanım Mirzəyeva “Səlim Rəfiq Rəfioğlunun folklorşünaslıq irsi” mövzularında məruzələrlə çıxış ediblər.