"Türkoloji folklorşünaslıq" Simpoziumunda müqayisəli folklorşünaslığın nəzəri-metodoloji problemləri müzakirə olunub

"Türkoloji folklorşünaslıq" Simpoziumunda müqayisəli folklorşünaslığın nəzəri-metodoloji problemləri müzakirə olunub

10 İyul 2026, 11:22 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən VIII Beynəlxalq "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" Simpoziumu çərçivəsində iyulun 3-də "Müqayisəli folklorşünaslıqda türk dünyası: nəzəri-metodoloji problemlər və tədqiqat perspektivləri" mövzusunda IX panel iclası keçirilib. Mahmud Kaşğari salonunda təşkil olunan iclasa  AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Şakir Albalıyev moderatorluq edib.

Paneldə müqayisəli folklorşünaslığın nəzəri-metodoloji əsasları, türk xalqlarının ortaq mifoloji irsi, ritual və mərasim ənənələri, epik folklor, etnolinqvistik xüsusiyyətlər, kölgə teatrı, arxetiplər və regional folklor mühitlərinin müqayisəli təhlili ilə bağlı aktual elmi məsələlər müzakirə olunub.

Panelin ilk məruzəsini təqdim edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,  filologiya elmləri doktoru, dosent Şakir Albalıyev "Sabitləşmiş nitq etiketlərində fərqli anlayışlar problemi" mövzusunda məruzəsində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrində nitq etiketlərinin semantik fərqlərini və bunun kommunikasiya prosesinə təsirini təhlil edib.

AMEA Folklor İnstitutunun dosenti Elnarə Hüseynqızı-Əmirli "Türk xalqları folklorunda Uş mıyqak (Üç maral) bürcü" mövzusunda məruzəsində bu bürclə bağlı mifoloji təsəvvürləri və müxtəlif türk xalqlarında qorunan ortaq motivləri müqayisəli şəkildə təqdim edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Xoşbəxt Əliyeva "Şamanizm və qədim türk inanclarının (Göy Tanrı, Umay Ana, Erlik Xan) yakut (saxa), xakas və oğuz folklorundakı ortaq izləri" mövzusunda çıxış edərək qədim türk mifoloji sisteminin ortaq elementlərini müqayisəli aspektdə araşdırıb.

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadə "Qaragöz" və "Xəyal əl-zill" oyunlarının tipoloji oxşarlıqları" mövzusunda çıxış edərək hər iki kölgə teatrı ənənəsinin ortaq xüsusiyyətlərini, tarixi inkişafını və mədəni əlaqələrini diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin əməkdaşı Jalə Nağıyeva "Azərbaycan və Qırğız epik folklorunda arxetiplərin tipoloji təhlili" mövzusunda məruzəsində "Manas", "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanları əsasında ortaq arxetipləri və mifoloji kodları müqayisəli şəkildə araşdırıb.

Panelin son məruzəsini AMEA Folklor İnstitutunun elmi işçisi İlahə Qurbanova təqdim edib. "Təbriz və Xorasan folklor mühitlərinin müqayisəli-tipoloji təhlili" mövzusunda çıxış edən məruzəçi hər iki regionun folklor ənənələrindəki ortaq və fərqli xüsusiyyətləri, aşıq və baxşı sənətinin spesifik cəhətlərini müqayisəli şəkildə təhlil edib.

Panel iclasında müqayisəli folklorşünaslığın nəzəri yanaşmaları, türk xalqlarının ortaq mifoloji və mədəni irsinin tədqiqi, regional folklor mühitlərinin qarşılıqlı əlaqələri və müasir metodoloji istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.