XƏBƏRLƏR
"Türkoloji folklorşünaslıq" Simpoziumunda türk xalqlarının folklor irsi və söyləyicilik ənənələri müzakirə olunub
Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu çərçivəsində iyulun 3-də "Türk xalqlarının folklor irsi: ortaq xüsusiyyətlər, regional fərqliliklər və müqayisəli təhlil problemləri" mövzusunda VI panel və "Folklor ənənələrinin yaşadılması: söyləyicilik, aşıqlıq və performativ mədəniyyət" mövzusunda VII panel iclasları keçirilib. İclaslara Hacettepe Universitetinin professoru Abdulselam Arvas və AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ağaverdi Xəlil moderatorluq ediblər.
Panel iclaslarında türk xalqlarının ortaq folklor irsi, qəhrəmanlıq dastanları, müqayisəli folklorşünaslıq, Novruz ənənələri, "Kitabi-Dədə Qorqud"un fəlsəfi-semantik xüsusiyyətləri, söyləyicilik və aşıqlıq ənənələri, performativ mədəniyyət, çağdaş folklor yaddaşı, eləcə də folklor irsinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı aktual elmi məsələlər geniş müzakirə olunub.
Panelin ilk məruzəsini təqdim edən professor Abdulselam Arvas "Tatar dastanlarında sayılar" mövzusunda çıxış edib. Məruzədə Tatar dastanlarında 3, 5, 7, 9 və 40 kimi ənənəvi sayların simvolik və semantik xüsusiyyətləri araşdırılıb, onların digər türk xalqlarının epik ənənələri ilə ortaq cəhətləri göstərilib.
Daha sonra AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil "Türk xalqlarının ortaq mədəni irs nümunələrinin ortaq öyrənilməsi problemləri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ortaq mədəni irsin tədqiqində mövcud metodoloji və terminoloji problemlərdən bəhs olunub, vahid terminoloji bazanın, rəqəmsal arxivlərin və birgə elmi-tədqiqat proqramlarının hazırlanmasının vacibliyi vurğulanıb.
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva "Qazax epik ənənəsində "Koblandı Batır" dastanı" mövzusunda çıxış edərək dastanın müxtəlif türk xalqları arasında yayılması, variantları, ifa xüsusiyyətləri və qazax xalqının tarixi-mədəni yaddaşındakı rolundan bəhs edib.
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar ""Qırx Batır"da Noqay eli və noqaylıqlar" mövzusunda məruzəsində "Qırx batır" dastan silsiləsində Noqay eli və noqaylıların tarixi-mədəni obrazı, eləcə də bu dastanların müxtəlif türk xalqlarının ortaq epik irsindəki yeri barədə məlumat verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Məlahət Babayeva "Oğuz, qazax və Altay qəhrəmanlıq dastanlarının müqayisəli tipologiyası" mövzusunda çıxış edərək bu eposların qəhrəman arxetipi, süjet quruluşu və mifoloji xüsusiyyətlərini müqayisəli şəkildə təhlil edib.
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova ""Kitabi-Dədə Qorqud"un müqəddiməsindəki Qorqud Ata deyimlərinin fəlsəfi-dini semantikası" mövzusunda çıxış edərək Qorqud Ata deyimlərinin Oğuz fəlsəfi düşüncəsi, mənəvi dəyərlər sistemi və dini-mədəni semantikası baxımından əhəmiyyətini diqqətə çatdırıb.
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynli "Türk xalqlarının Novruz ənənəsində yemək rituallarının müqayisəli təhlili" mövzusunda məruzəsində Novruz süfrəsi və yemək rituallarının ortaq semantik əsaslarını, müxtəlif türk xalqlarında müşahidə olunan regional xüsusiyyətləri təhlil edib.
AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin elmi işçisi Səadət İbrahimli təqdim edib. "Türk dünyasında folklorun qorunması və mədəni irsin gələcək nəsillərə ötürülməsi" mövzusunda çıxış edən məruzəçi folklorun qorunmasında rəqəmsallaşdırmanın, elektron məlumat bazalarının, elmi müəssisələrin, ailə və məktəbin rolundan bəhs edib, ümumtürk mədəni irsinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu "Çağdaş söyləyicilik yaddaşında yaşayan rəvayətli məqamların ifadəsi (Dağlıq Şirvandan toplanmış folklor materialları əsasında)" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə rəvayət janrının çağdaş söyləyici yaddaşında yaşama formaları, tarixi hadisələrin, xüsusilə 1918-ci il soyqırımı ilə bağlı yaddaş materiallarının folklorlaşma prosesi və söyləyicilik ənənəsinin qorunmasının əhəmiyyəti təhlil olunub.
AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin kiçik elmi işçisi Aysel Həsənova "Qərbi Azərbaycan folklorunda toy nəğmələrinin semantik strukturu" mövzusunda çıxış edib. Məruzədə toy nəğmələrinin semantik xüsusiyyətləri təhlil olunub, onların milli-mədəni yaddaşın və mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığı vurğulanıb.
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin elmi işçisi Nərmin Babayeva "Qərbi Azərbaycan aşıq poeziyasında aşıq obrazı" mövzusunda çıxış edərək aşıq obrazının qədim ozan-şaman ənənələri ilə bağlılığını, Qərbi Azərbaycan aşıqlarının yaradıcılığında onun poetik və fəlsəfi mahiyyətini araşdırıb, bu obrazın xalqın mənəvi ideallarını ifadə edən mühüm bədii model olduğunu vurğulayıb.
Sonra AMEA Folklor İnstitutunun "Dədə Qorqud " şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə İsayeva "Aşıq poeziyasında Dünya obrazı" mövzusunda məruzə edib. Məruzədə Dünya obrazının aşıq poeziyasında həyatın faniliyi, zaman, insan taleyi və mənəvi dəyərlərin bədii-fəlsəfi ifadə vasitəsi kimi təqdim olunduğu, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər və Aşıq Şəmşirin yaradıcılığı əsasında təhlillər aparıldığı bildirilib.
Panelin son məruzəsini təqdim edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Xatirə Fərəcli "Azərbaycanın bəzi folklor nümunələrində multikulturalizm elementləri" mövzusunda çıxış edib. Məruzədə Azərbaycan şifahi xalq ədəbiyyatında tolerantlıq, humanizm və qarşılıqlı hörmət dəyərlərinin dastanlar, atalar sözləri, bayatılar və digər folklor nümunələri vasitəsilə ifadə olunduğu, bu irsin ölkədə multikultural dəyərlərin formalaşmasına və qorunmasına mühüm töhfə verdiyi qeyd edilib.
VI və VII panel iclaslarında türk xalqlarının ortaq folklor irsinin müqayisəli araşdırılması, epik ənənələrin tipoloji xüsusiyyətləri, söyləyicilik və aşıqlıq ənənələrinin yaşadılması, performativ mədəniyyət, milli-mədəni yaddaşın qorunması, ortaq dəyərlərin elmi əsaslarla öyrənilməsi, eləcə də folklor irsinin gələcək nəsillərə ötürülməsi istiqamətində aktual elmi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.












