"Türkoloji folklorşünaslıq" Simpoziumunda rəqəmsallaşma şəraitində türk folklorunun yeni inkişaf istiqamətləri müzakirə olunub

"Türkoloji folklorşünaslıq" Simpoziumunda rəqəmsallaşma şəraitində türk folklorunun yeni inkişaf istiqamətləri müzakirə olunub

09 İyul 2026, 00:41 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu çərçivəsində iyulun 2-də "Rəqəmsallaşma şəraitində türk folkloru: rəqəmsal platformalar və yeni media mühitlərində folklorik düşüncənin yaranması və ötürülməsi" mövzusunda V panel iclası keçirilib. İclasa AMEA Folklor İnstitutunun professoru Füzuli Bayat və Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universitetinin Türkoloji Araşdırmaları İnstitutunun dosenti Halil Çetin moderatorluq ediblər.
 
Panel iclasında rəqəmsallaşma dövründə türk folklorunun yeni inkişaf istiqamətləri, şəhər folkloru, rəqəmsal folklor arxivləri, sosial-antropoloji yanaşmalar, aşıq sənətinin rəqəmsal platformalarda təqdimatı, xalq yaddaşının qorunması və folklorun müasir kommunikasiya mühitində yaşama formaları ətrafında geniş müzakirələr aparılıb.
 
Panelin ilk məruzəsini təqdim edən AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, professor Füzuli Bayat "Müasir şəhər folkloru: icad olunmuş ənənələr, sosial habitus və kollektiv yaddaş" mövzusunda çıxış edib. Məruzədə şəhər folklorunun urbanizasiya və qloballaşma şəraitində formalaşan dinamik mədəni sistem olduğu, şəhər festivalları, küçə mərasimləri və tarixi məkanların kollektiv yaddaşın qorunmasına və şəhər kimliyinin formalaşmasına xidmət etdiyi vurğulanıb.
 
Daha sonra Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universitetinin Türkoloji Araşdırmaları İnstitutunun dosenti Halil Çetin "Sözlü Gelenekten Dijital Belleğe: Ortak Türk Folklor Arşivi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının folklor irsinin vahid rəqəmsal platformada toplanmasının elmi əməkdaşlığın genişlənməsinə, müqayisəli tədqiqatların inkişafına və ortaq mədəni irsin qorunmasına mühüm töhfə verəcəyi bildirilib.
 
AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülkər Əliyeva "Şəhər folklorunun verbal və qeyri-verbal ünsiyyət problemi" mövzusunda çıxış edərək şəhər folklorunun yalnız şifahi mətnlərlə deyil, jest, mimika, bədən dili və digər kommunikasiya vasitələri ilə birlikdə araşdırılmasının vacibliyini qeyd edib. Məruzədə bu yanaşmanın folklorun funksional imkanlarının daha geniş şəkildə öyrənilməsinə şərait yaratdığı vurğulanıb.
 
AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Vüsal Səfiyeva "Türk xalqlarının folklorunda sosial-antropoloji aspekt" mövzusunda məruzəsində folklor janrlarının sosial münasibətlər, ailə institutu, dini inanclar və kollektiv yaddaş kontekstində öyrənilməsinin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, sosial-antropoloji yanaşma türkoloji folklorşünaslıqda yeni metodoloji imkanlar açır.
 
Daha sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova "Gənc aşıqların rəqəmsal platformalarda yaradıcılığı və klassik simvolların qorunması" mövzusunda çıxış edib. Məruzədə rəqəmsal platformaların gənc aşıqlar üçün yeni imkanlar yaratdığı, klassik aşıq ənənələrinin müasir kommunikasiya vasitələri ilə yaşadılması və təbliğinin milli-mədəni irsin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığı qeyd edilib.
 
AMEA Folklor İnstitutunun doktorantı Amil Əzimli "Xalqın sosial-mədəni həyatında qaçaq folkloru" mövzusunda məruzəsində qaçaq hərəkatının xalqın azadlıq mübarizəsi və milli özünüdərk prosesindəki yerini təhlil edib. Bildirilib ki, qaçaqlar haqqında yaranmış dastanlar, bayatılar və rəvayətlər xalq yaddaşında ədalət, cəsarət və azadlıq ideallarını yaşadan mühüm folklor nümunələridir.
 
Sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova "Doğum Geçiş Merasimlerinde Mitolojik Varlıklardan Korunma Ritüelleri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının doğum mərasimlərində Alkarısı (Albastı), cinlər və digər mifoloji varlıqlardan qorunmaq üçün tətbiq olunan ritual və inanclar təhlil olunub, bu ənənələrin mədəni davamlılıq və ictimai həmrəyliyin möhkəmləndirilməsindəki rolu diqqətə çatdırılıb.
 
Panelin son məruzəsini AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çiçək Əfəndiyeva təqdim edib. "Azərbaycan dastanlarındakı atalar sözləri və məsəllərinin konseptual-freym təhlili" mövzusunda çıxış edən məruzəçi "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Aslı-Kərəm", "Abbas-Gülgəz", "Aşıq Qərib" və "Ziyad-Şövkət" dastanlarında işlənən paremioloji vahidlərin konseptual-freym prinsipləri əsasında araşdırıldığını, onların milli-mənəvi dəyərlərin və kollektiv idrak modelinin ifadəsində mühüm rol oynadığını bildirib.
 
Panel iclasında şəhər folklorunun müasir inkişaf istiqamətləri, rəqəmsal platformalarda folklor irsinin qorunması və təqdimatı, sosial-antropoloji yanaşmalar, aşıq sənətinin rəqəmsal mühitdə yaşadılması, folklorun kommunikativ imkanları, ənənəvi mərasim və inancların müasir tədqiqi, eləcə də dastanların koqnitiv və konseptual təhlili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.