XƏBƏRLƏR
62
"Türkoloji folklorşünaslıq" Simpoziumunda türk epik ənənəsinin mətn, kontekst və tarixi yaddaş problemləri müzakirə olunub
08 İyul 2026, 17:21 / Konfranslar, İclaslar
Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən "Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə" VIII Beynəlxalq Simpoziumu çərçivəsində iyulun 2-də “Türk epik ənənəsi: mətn, kontekst və tarixi yaddaş problemləri” mövzusunda IV panel iclası keçirilib. AMEA Mərkəzi Elmi Kitabxanasının II mərtəbəsində yerləşən Ahmet Baytursınlu salonunda təşkil olunan iclasa M. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun professoru Kenjehan Matıjanov və AMEA Folklor İnstitutunun professoru Əfzələddin Əsgər moderatorluq ediblər.
Panel iclasında türk epik ənənəsinin tarixi inkişafı, repressiyaların türkoloji fikrə təsiri, “Kitabi-Dədə Qorqud”un mətn problemləri, oğuznamələrin mətn və kontekst məsələləri, türk mifoloji yaddaşı, milli kimlik, folklor janrları və mühacirət irsinin müxtəlif aspektləri ətrafında elmi müzakirələr aparılıb.
Panelin ilk məruzəsini təqdim edən professor Kenjehan Matıjanov “Təqib və repressiyalara məruz qalmış Qazax türkologiyası: Əhməd Baytursınovdan Oljas Süleymenova qədər” mövzusunda çıxış edib. Məruzədə XX əsrdə Qazaxıstanda türkologiyanın siyasi repressiyalar və ideoloji təzyiqlər şəraitində inkişafı, sovet hakimiyyətinin türkoloji araşdırmalara təsiri, eləcə də repressiyaya məruz qalmış alimlərin irsinin yenidən qiymətləndirilməsinin milli yaddaşın bərpası baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra AMEA Folklor İnstitutunun professoru Əfzələddin Əsgər ““Kitabi-Dədə Qorqud”un Drezden mətnində katib əlavələri və nüsxələrin qaynağı məsələsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Drezden və Vatikan nüsxələri müqayisəli şəkildə təhlil olunaraq katib əlavələrinin xüsusiyyətləri araşdırılıb, Vatikan nüsxəsinin Drezden nüsxəsi ilə əlaqələri və katib redaktələrinin mətn tarixinin öyrənilməsində əhəmiyyəti vurğulanıb.
AMEA Folklor İnstitutunun dosenti Atif İslamzadə ““Dədə Qorqud kitabı” və Oğuznamə süjetlərinin mətn və kontekst problemi türkoloji folklorşünaslığın əsas problemi kimi” mövzusunda çıxış edərək oğuznamələrin türk xalqlarının ortaq folklor irsinin mühüm hissəsi olduğunu bildirib. Məruzədə “Dədə Qorqud kitabı”nın bütün türk dünyasına məxsus epik irs nümunəsi kimi qiymətləndirilməsinin və oğuznamələrin müxtəlif kontekstlərdə müqayisəli araşdırılmasının əhəmiyyəti qeyd olunub.
Daha sonra AMEA Folklor İnstitutunun dosenti Aynurə Səfərova “Milli kimliyin boğulan səsi: “Kitabi-Dədə Qorqud” abidəsinin yasaqlanması” mövzusunda çıxış edib. Məruzədə sovet dövründə “Kitabi-Dədə Qorqud”un milli kimlik və türk birliyi ideyalarını yaşatdığı üçün qadağalara məruz qalması, əsərin tədqiqi ilə məşğul olan alimlərin üzləşdiyi təzyiqlər və bu siyasətin tarixi yaddaşa təsiri araşdırılıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dosenti Leyla Kərimova “Qoşiq şeir janrının özbək folklorunda yeri və önəmi” mövzusunda məruzəsində qoşiq janrının mənşəyi, poetik xüsusiyyətləri və ümumtürk folklor sistemində tutduğu yerdən bəhs edib. Bildirilib ki, bu janr özbək folklorunun mühüm poetik ənənələrindən biri olmaqla yanaşı, müxtəlif türk xalqlarının folklorunda da ortaq janr kimi yaşamaqdadır.
Panel iclasında türk epik ənənəsinin mətn və kontekst problemləri, tarixi yaddaşın qorunması, milli-mədəni irsin öyrənilməsi və ortaq türk epik irsinin müasir elmi yanaşmalar əsasında araşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.










