Professor Öcal Oğuzun iştirakı ilə “Türkoloji folklorşünaslıq” simpoziumunda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması prinsipləri müzakirə olundu

Professor Öcal Oğuzun iştirakı ilə “Türkoloji folklorşünaslıq” simpoziumunda UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması prinsipləri müzakirə olundu

03 İyul 2026, 21:11 / Mühüm hadisələr

Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda keçirilən VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” Beynəlxalq Elmi Simpoziumu çərçivəsində UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri, tanınmış folklorşünas alim, professor Öcal Oğuzun iştirakı ilə xüsusi panel iclası keçirilib.

Paneli giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev açaraq Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni düşüncə tarixində müstəsna yer tutduğunu bildirib. O qeyd edib ki, bu mötəbər elmi irs yalnız tarixi hadisə kimi deyil, həm də müasir türkoloji və folklorşünaslıq tədqiqatlarının metodoloji əsaslarını müəyyənləşdirən mühüm intellektual platformadır. Hikmət Quliyev vurğulayıb ki, qloballaşma və rəqəmsal transformasiya şəraitində folklorşünaslığın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi, ortaq türk mədəni irsinin elmi əsaslarla öyrənilməsi və gələcək nəsillərə ötürülməsi türk dünyası alimlərinin qarşılıqlı əməkdaşlığını daha da zəruri edir.
Hikmət Quliyev bildirib ki, UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri, professor Öcal Oğuzun iştirakı ilə keçirilən bu panel də məhz türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq elmi təcrübənin paylaşılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, belə elmi müzakirələrin türkoloji fikrin inkişafına, UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması prinsiplərinin elmi müstəvidə təşviqinə və ortaq elmi strategiyanın formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Daha sonra "Folklorşünaslığın qeyri-maddi mədəni irs yolçuluğu" adlı məruzə ilə çıxış edən UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin sədri, professor Öcal Oğuz müasir dövrdə qeyri-maddi mədəni irsin qorunmasının nəzəri və praktik aspektlərinə toxunaraq bu istiqamətdə qarşıda duran aktual çağırışları təhlil edib. O bildirib ki, rəqəmsallaşma prosesi yeni imkanlar yaratmaqla yanaşı, xüsusilə uşaqların və gənclərin sosiallaşması, mədəni mühitlə canlı təması və ənənəvi dəyərlərin mənimsənilməsi baxımından ciddi problemlər meydana çıxarır. Professorun sözlərinə görə, uşaqların virtual mühitdə daha çox vaxt keçirməsi ailədaxili ünsiyyətin, nəsillərarası əlaqələrin və yaşıdlarla canlı münasibətlərin zəifləməsinə səbəb olur ki, bu da mədəni irsin təbii ötürülmə mexanizminə mənfi təsir göstərir.

Öcal Oğuz vurğulayıb ki, qeyri-maddi mədəni irsin qorunması yalnız onun sənədləşdirilməsi və ya rəqəmsal platformalarda təqdim olunması ilə məhdudlaşmamalıdır. Əsl qoruma mədəni bilik və təcrübənin ailə, məktəb və cəmiyyət vasitəsilə nəsildən-nəslə canlı şəkildə ötürülməsidir. Bu baxımdan formal təhsil, qeyri-formal təhsil və ailə-mühitində həyata keçirilən təbii öyrənmə prosesinin bir-birini tamamlayan vahid sistem kimi fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Məruzədə UNESCO-nun 2003-cü il Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Konvensiyasının bu sahədə yaratdığı yeni yanaşmalar da geniş təhlil olunub. Professor bildirib ki, Konvensiya qeyri-maddi mədəni irsin qorunmasını yalnız folklor materiallarının toplanması və arxivləşdirilməsi kimi deyil, həmin irsin cəmiyyət daxilində yaşadılması və davamlı şəkildə ötürülməsi prinsipi üzərində qurub. O qeyd edib ki, UNESCO siyahılarına daxil edilən mədəni irs nümunələri beynəlxalq səviyyədə tanınmaqla yanaşı, dövlətlərin mədəni siyasətinin formalaşdırılmasına, eləcə də bu irsin qorunmasına yönələn hüquqi və institusional mexanizmlərin güclənməsinə mühüm təsir göstərir.

Çıxışında mədəni irsin davamlı inkişaf məqsədləri ilə əlaqəsinə də toxunan professor Öcal Oğuz bildirib ki, müasir dövrdə mədəniyyət artıq yalnız mənəvi dəyər deyil, həm də sosial, iqtisadi və yaradıcı inkişafın mühüm resurslarından biri kimi qiymətləndirilir. O, ənənəvi sənətkarlıq nümunələrinin, xalq yaradıcılığı məhsullarının və folklor irsinin innovasiya, dizayn və yaradıcı sənayelərlə əlaqələndirilməsinin yeni iqtisadi imkanlar yaratdığını, eyni zamanda milli-mədəni kimliyin qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Professor həmçinin qeyd edib ki, mədəni müxtəlifliyin qorunması bəşəriyyətin gələcəyi baxımından strateji əhəmiyyət daşıyır. Xalqların mifoloji düşüncəsinin, folklor yaddaşının, milli simvol və ənənələrinin yaşadılması cəmiyyətlərdə milli kimlik və mənsubiyyət hissini möhkəmləndirir, nəsillərarası varisliyi təmin edir. Bu baxımdan qeyri-maddi və maddi mədəni irsin bir-birindən ayrı deyil, vahid sistem kimi qorunmasının vacibliyini vurğulayan professor, dövlət qurumları, elm və təhsil müəssisələri, vətəndaş cəmiyyəti və yaradıcı sənaye nümayəndələrinin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.

Panel interaktiv müzakirələrlə davam edib. Müzakirələr zamanı M.Auezov adına
Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru,
akademik Kenjehan Matıjanov, Özbəkistan Elmlər Akademiyasının professoru Cabbor Eşonkul, AMEA Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova, Vəfa Saleh, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova, Bakı Dövlət Universitetinin müəllimi Məhəmməd Məmmədov və AMEA Folklor İnstitutunun doktorantı Amil Əzimli professor Öcal Oğuza türkoloji folklorşünaslığın nəzəri-metodoloji problemləri, ortaq mədəni irsin araşdırılması, beynəlxalq elmi əməkdaşlığın perspektivləri və müasir folklor tədqiqatlarının aktual istiqamətləri ilə bağlı suallar ünvanlayıblar.

Professor Öcal Oğuz səsləndirilən sualları ətraflı cavablandıraraq türk dünyasında folklorşünaslıq elminin inkişaf meyilləri, qeyri-maddi mədəni irsin qorunması, müqayisəli tədqiqatların əhəmiyyəti və ortaq elmi layihələrin genişləndirilməsi istiqamətində fikirlərini bölüşüb. Canlı fikir mübadiləsi şəraitində keçən panel məhsuldar elmi diskussiya ilə yadda qalıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.