XƏBƏRLƏR
Folklor İnstitutunda “İraq-Türkman folklor mühitinin çağdaş durumu” mövzusunda elmi seminar keçirilib
AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli iclasında İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında qərar qəbul edilmiş, Şuraya bir çox istiqamətlərdə, o cümlədən İraq-Türkman folklorunun öyrənilməsi, sistemləşdirilməsi, İraq türkmanlarının müvafiq qurumları ilə elmi əlaqələrin yaradılması istiqamətində fəaliyyətlərin təşkili və əlaqələndirilməsi işləri tapşırılmışdır.
Bu istiqamətdə tədbirlər çərçivəsində AMEA Folklor İnstitutu 3 oktyabr 2023-cü il tarixində “İraq-Türkman folklor mühitinin çağdaş durumu” mövzusunda elmi seminar təşkil etmişdir. Seminarda İraq-Türkman Jurnalistlər Cəmiyyətinin sədri, Kərkük Kültür Dərnəyinin rəhbəri, tanınmış tədqiqatçı və yazar Şəmsəddin Kuzəçi də iştirak etmişdir.
Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açmış, türk xalqlarının mənəvi dəyərlərinin qorunmasını, İraq-Türkman folklorunun toplanmasını və öyrənilməsini, bununla bağlı İraq-Türkman və Azərbaycan folklorşünas alimləri arasında birgə tədqiqatların aparılmasını təmin edə biləcək konkret addımlardan danışmışdır.
Sonra Dr. Şəmsəddin Kuzəçi çıxış edərək, İraq türkmanlarının və Azərbaycan türklərinin eyni soydan gəldiyini, ortaq mədəniyyətə, dilə və folklora sahib olduqlarını qeyd etmişdir. O, İraqın Kərkük, Mosul, Ərbil, Səlahəddin kimi vilayətlərində daha sıx yaşayan, zəngin folklor irsinə sahib olan İraq türklərinin – türkmanların mədəniyyəti, təhsili və ədəbiyyatının çağdaş durumundan, xalqın mənəvi bütövlüyünü təmin edən folklorunun günümüzdəki tədqiqi məsələlərindən ətraflı söhbət açmış, İraq-Türkman xoyratlarından nümunələr səsləndirmişdir.
Daha sonra çıxış edən Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva Şəmsəddin Kuzəçinin ədəbi-elmi araşdırmaları haqqında məlumat vermişdir. Məruzəçi qeyd etmişdir ki, Şəmsəddin Kuzəçi 72 kitabın, o cümlədən 100-dən çox İraq-Türkman şair və yazarının yaradıcılığını əhatə edən toplu və antologiyaların, eləcə də ayrı-ayrı şairlər haqqında monoqrafiyaların müəllifidir. Səkinə Qaybalıyeva müəllifin uzun zaman ərzində ərsəyə gətirdiyi, istər Kərkükdə, istərsə də Türkiyədə jurnalistika fəaliyyəti dövründə apardığı araşdırmalarının toplandığı “İraq-Türkman mətbuat tarixi” əsərindən də bəhs etmişdir.
Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova çıxış etmiş, kərküklü söyləyici İbrahim Rauf Tərzidən topladığı xoyratların kitab şəklində nəşr olunacağını bildirmiş və yeni nümunələrin toplanması işində əməkdaşlığın önəmli olduğunu vurğulamışdır.
Sonda Dr. Şəmsəddin Kuzəçiyə institutda nəşr olunan kitablar, audio-disklər hədiyyə olunmuş, xatirə şəkilləri çəkilmişdir.