“TÜRKOLOJİ FOLKLORŞÜNASLIQ: NƏZƏRİ KONTEKSTİ, PRAKTİK YÖNLƏRİ VƏ TƏHLİL PERSPEKTİVLƏRİ” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək

“TÜRKOLOJİ FOLKLORŞÜNASLIQ: NƏZƏRİ KONTEKSTİ, PRAKTİK YÖNLƏRİ VƏ TƏHLİL PERSPEKTİVLƏRİ” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək

29 İyun 2026, 09:16 / Elanlar

02–03 iyul 2026-cı il tarixlərində Bakı şəhərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “TÜRKOLOJİ FOLKLORŞÜNASLIQ: NƏZƏRİ KONTEKSTİ, PRAKTİK YÖNLƏRİ VƏ TƏHLİL PERSPEKTİVLƏRİ” mövzusunda VIII “Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə” Beynəlxalq Elmi Simpozium keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamının icrası çərçivəsində təşkil olunan simpozium Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və Hacettepe Universitetinin tərəfdaşlığı ilə keçiriləcək.

Simpoziumun əsas məqsədi türkoloji folklorşünaslığın nəzəri və metodoloji əsaslarının müasir elmi yanaşmalar kontekstində müzakirəsi, Türk dünyasının ortaq folklor-mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində elmi əməkdaşlığın genişləndirilməsidir.

2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qeyd olunması təşəbbüsü ilə çıxış etmiş, bu təşəbbüs sonradan dövlət başçısının müvafiq sərəncamı ilə rəsmiləşdirilmişdir. Simpozium həmin sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən beynəlxalq elmi tədbirlərdən biridir.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən tanınmış alim və tədqiqatçıların iştirakı gözlənilir. Simpozium çərçivəsində “Türkoloji folklorşünaslıq” konseptinin nəzəri əsasları, türk xalqlarının qeyri-maddi mədəni irsi, şifahi ənənələr və ifaçılıq mədəniyyəti, ənənəvi bilik sistemləri və sənətkarlıq, folklorun müqayisəli tədqiqi, sahə folklorşünaslığının aktual problemləri, rəqəmsallaşma şəraitində folklorun transformasiyası və yeni media mühitində təqdimatı kimi mövzular müzakirə olunacaq.

Simpoziumun əsas hədəflərindən biri də türkoloji folklorşünaslıq sahəsində vahid nəzəri-metodoloji yanaşmaların formalaşdırılması, ortaq elmi layihələrin təşviqi, sahə tədqiqatlarının genişləndirilməsi və Türk dünyasının ortaq mədəni irsinin beynəlxalq elmi dövriyyədə daha geniş təqdim olunmasına töhfə verməkdir.

Tədbirin açılış mərasimi 2 iyul 2026-cı il tarixində saat 11:00-da AMEA Mərkəzi Elmi Kitabxanasının Şuşa zalında keçiriləcək. Plenar iclaslarda Türk dünyasının nüfuzlu alimlərinin məruzələri dinləniləcək, bölmə iclaslarında isə müxtəlif istiqamətlər üzrə elmi müzakirələr aparılacaq.

Birinci Türkoloji Qurultayın yüzillik yubileyinə həsr olunan beynəlxalq simpoziumun Türk dünyasında elmi inteqrasiyanın möhkəmləndirilməsinə, ortaq mədəni irsin qorunması və təbliğinə, eləcə də türkoloji və folklorşünaslıq tədqiqatlarının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.