XƏBƏRLƏR
Folklor İnstitutunda yarımillik fəaliyyət: elmi nəşrlərin sayı və tədqiqat nəticələri açıqlanıb
AMEA Folklor İnstitutunda 2026-cı ilin birinci yarısının yekunlarına dair Elmi Şuranın geniş tərkibli iclası keçirilib. Hibrid formatda təşkil edilən iclasda institutun əməkdaşları ilə yanaşı, AMEA Rəyasət Heyətinin məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlova da iştirak edib.
İclası açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev bildirib ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq yarımillik hesabatlar institutun bütün elmi şöbələrində aparılan müzakirələrin nəticələri əsasında hazırlanıb. Direktor qeyd edib ki, hesabat iclası yalnız son altı ayın nəticələrinin müzakirəsi deyil, həm də institutun gələcək fəaliyyət istiqamətlərinin və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışında son illərdə humanitar elmlərdə müşahidə olunan metodoloji dəyişikliklərə toxunan Hikmət Quliyev vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal mühitin genişlənməsi və sosial transformasiyalar folklorun öyrənilməsi metodologiyasının yenilənməsini və yeni yanaşmaların tətbiqini zəruri edir. Bu dəyişikliklər institutun elmi istiqamətlərinin yenilənməsini və tədqiqat prioritetlərinin yenidən müəyyənləşdirilməsini şərtləndirib.
Qeyd olunub ki, cari ildə institutun elmi istiqamətləri və mövzu planları yenilənərək yeni beşillik elmi-tədqiqat planlarında əksini tapıb və AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq olunub. Uzun illər institutda aparılan tədqiqatlar əsasən filoloji paradiqmaya uyğun olaraq mətnmərkəzli xarakter daşısa da, yeni mövzu planlarında sosial-antropoloji folklorşünaslıq yanaşmalarına üstünlük verilib.
Bu çərçivədə kollektiv mədəni yaddaşın və stereotip dünyagörüşünün tədqiqi, folklorun sosio-psixoloji mahiyyəti, onun mərasimi-performativ və kommunikativ təbiətinin araşdırılması, tarixi-mədəni irs və multikultural folklor mühitlərinin öyrənilməsi, eləcə də sosiotexnoloji platformalar, süni intellekt və folklor münasibətləri, peşə və sosial qrupların folklorunun sistemli təhlili əsas elmi istiqamətlər kimi müəyyənləşdirilib.
Direktor cari ildə dövlət siyasətinin icrasından irəli gələn vəzifələr çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlərə də toxunub. O bildirib ki, qloballaşma və rəqəmsallaşma şəraitində Azərbaycan dilinin funksional imkanlarının və ictimai-kommunikativ mühitdə mövqeyinin araşdırılması institutun elmi fəaliyyətində mühüm yer tutub. Bu istiqamətdə aparılan tədqiqatlarda dilin saflığının qorunmasında folklorun potensialından istifadənin imkanlarına xüsusi diqqət yetirilib.
Direktor institutda elmi mühitin inkişafı istiqamətində görülən işlərdən də bəhs edib. Qeyd olunub ki, hesabat dövründə şöbə seminarlarının fəaliyyəti sistemli şəkildə təkmilləşdirilib, ümuminstitut seminarları isə yeni elmi ideyaların, metodoloji yanaşmaların və tədqiqat nəticələrinin müzakirəsi üçün mühüm elmi mühit formalaşdırıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər institutda elmi düşüncənin yenilənməsinə və tədqiqatların keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb.
Böyük Qayıdış konsepsiyası çərçivəsində aparılan tədqiqatlara da diqqət çəkilib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin folklor irsinin, kollektiv yaddaşının, sakral məkanlarının və ənənəvi mədəniyyət nümunələrinin öyrənilməsi institutun prioritet istiqamətlərindən biridir. Bu tədqiqatlar folklor materiallarının toplanması ilə yanaşı, insan–məkan münasibətlərinin, mədəni yaddaşın və identiklik proseslərinin təhlilini də əhatə edir.
Hikmət Quliyev hesabat dövründə beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirildiyini də diqqətə çatdırıb. Qeyd olunub ki, Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyaları, TÜRKSOY, Azərbaycanın aparıcı ali təhsil müəssisələri, eləcə də Türkiyə və Qazaxıstanın nüfuzlu elmi mərkəzləri ilə əməkdaşlıq yeni məzmun kəsb edib. Bildirilib ki, bu əməkdaşlıqlar ortaq layihələrin həyata keçirilməsi, beynəlxalq seminarların təşkili və yeni elmi əlaqələrin qurulması üçün əlverişli imkanlar yaradıb.
İclasda daha sonra AMEA Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov hesabat məruzəsi ilə çıxış edib. O, institutun elmi-tədqiqat, elmi-təşkilati, beynəlxalq əlaqələr və nəşriyyat fəaliyyəti barədə məlumat verib.
Məruzədə qeyd olunub ki, hesabat dövründə institutun fəaliyyəti dövlət proqramlarının icrasına, milli-mədəni irsin qorunmasına və elmi prioritetlərin həyata keçirilməsinə yönəlib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş” mövzusunda elmi sessiya, eləcə də bir sıra birgə elmi tədbirlər keçirilib. Həmçinin “Səməd Vurğun və folklor: milli kimlik və ana dili” mövzusunda elmi sessiyada şairin yaradıcılığında folklor elementləri geniş müzakirə olunub.
Məruzədə institutun strukturunda həyata keçirilən yeniliklər də diqqətə çatdırılıb. Rəqəmsal transformasiya siyasətinə uyğun olaraq Rəqəmsal folklor və süni intellekt şöbəsi yaradılıb, elmi işlər üzrə direktor müavini vəzifəsi isə elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini vəzifəsi ilə əvəz olunub.
Bu dəyişikliklər rəqəmsal folklor, internet folkloru və süni intellektin folklor proseslərinə təsirinin öyrənilməsi istiqamətində institusional bazanın gücləndirilməsinə xidmət edir. Hesabat dövründə əməkdaşların beynəlxalq və respublika səviyyəli tədbirlərdə fəal iştirak etdiyi vurğulanıb.
Qeyd olunub ki, ADA Universitetində keçirilən “Süni intellekt çağında folklor: ənənələr necə dəyişir?” mövzusunda tədbirdə, eləcə də “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” adlı respublika elmi-praktik konfransında institut əməkdaşları aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.
Elmi katib Elçin Abbasovun sözlərinə görə, Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı Folklor İnstitutunun həmtəşkilatçılığı ilə Ankara və Bakıda beynəlxalq elmi tədbirlər təşkil edilib, türkoloji folklorşünaslığın müasir problemləri müzakirə olunub. Alim qeyd edib ki, institut iyul ayında Bakıda “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda VIII Beynəlxalq Elmi Simpoziumu keçirməyə hazırlaşır. Həmçinin sentyabr ayında təşkil olunacaq “Türkologiyanın müasir problemləri: XIV Altay Topluluqları Simpoziumu”nun həmtəşkilatçılarından biri kimi fəaliyyət göstərir.
Hesabat dövründə institutda 9 problem, 12 mövzu və 86 iş üzrə tədqiqatlar aparılıb. Araşdırmalar mifologiya, eposşünaslıq, aşıq yaradıcılığı, mərasim mədəniyyəti, rəqəmsal folklor və süni intellekt–folklor münasibətləri kimi istiqamətləri əhatə edib. Eyni zamanda institutun nəşriyyat fəaliyyəti də uğurla davam etdirilib. Hesabat dövründə 4-ü xaricdə olmaqla 17 kitab və 2 elmi jurnal nəşr olunub, əməkdaşların 100-dən artıq məqalə və tezisi çap edilib. Bunlardan 79-u ölkədaxili, 21-i isə xarici elmi jurnallarda dərc olunub. Məqalələrdən 1-i “Web of Science" və “Scopus” bazasında indekslənən jurnalda, 8-i isə digər nüfuzlu beynəlxalq bazalarda (Copernicus, ErihPlus, TR Dizin və s.) indeksləşən elmi nəşrlərdə işıq üzü görüb.
Hesabat dövründə institut əməkdaşlarının elmmetrik göstəricilərinin yaxşılaşdırılması və beynəlxalq elmi bazalarda təmsilçiliyinin genişləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilib. Hazırda əməkdaşlara məxsus 80 Google Scholar, 55 ResearchGate, 50 Academia.edu, 66 NHR və 52 ORCID profili mövcuddur. Eyni zamanda 10 məqalə ERIH PLUS, 44 məqalə DergiPark bazasında indekslənib. Həmçinin Folklor İnstitutunun əməkdaşlarının elmi əsərlərinə olan ümumi istinadların sayı 5813, son altı ay ərzində qeydə alınmış istinadların sayı isə 95 təşkil edir.
Qeyd olunub ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasından irəli gələn vəzifələrin icrası çərçivəsində qeyri-maddi mədəni irsin qorunması, toplanması və arxivləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilib. Hesabat dövründə 150 müəllif vərəqi həcmində folklor materialı toplanaraq elmi dövriyyəyə hazırlanıb.
Böyük Qayıdış və Qərbi Azərbaycanla bağlı tədqiqatlar çərçivəsində bir sıra nəşrlər işıq üzü görüb, elmi tədbirlər təşkil olunub, folklor materiallarının sistemli şəkildə toplanması davam etdirilib.
İclasda çıxış edən AMEA Rəyasət Heyətinin məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlova Folklor İnstitutunun yarımillik fəaliyyətinə həsr olunmuş hesabatı yüksək qiymətləndirib. O bildirib ki, institutda aparılan tədqiqatlar aktual elmi istiqamətləri əhatə edir və xüsusilə rəqəmsal folklor, süni intellekt və mədəni yaddaş problemləri üzrə formalaşan yeni tədqiqat xətti müasir humanitar elmin çağırışları ilə səsləşir.
Müzakirələrdən sonra institutun 2026-cı ilin birinci yarısı üzrə hesabatı Elmi Şura tərəfindən qənaətbəxş hesab edilərək təsdiqlənib. Eyni zamanda ikinci yarımil üçün elmi-tədqiqat və təşkilati fəaliyyət istiqamətləri üzrə vəzifələr müəyyənləşdirilib.
Daha sonra gündəlikdə yer alan digər məsələlərə baxılıb. İclasda AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının 75 illik yubileyi, eləcə də Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun 65 illiyi münasibətilə məruzələr dinlənilib. Alimlərin Azərbaycan folklorşünaslığının inkişafına verdikləri töhfələr qeyd olunub, onlar uzunmüddətli səmərəli elmi fəaliyyətlərinə görə mükafatlandırılıblar.













