Folklor İnstitutunda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım  tədbiri keçirilib

Folklor İnstitutunda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım tədbiri keçirilib

27 Sentyabr 2023, 14:00 / Konfranslar, İclaslar

27 sentyabr 2023-cü il tarixində AMEA Folklor İnstitutunda II Qarabağ savaşında canlarından keçmiş şəhidlərin Anım Günü ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib. İnstitutun Qadınlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirə qonaq qismində 44 günlük Vətən müharibəsi şəhidi Nicat Tarıverdiyevin anası Şükran Faruq qızı və qazi Elçin Əhmədov dəvət olunublar. Tədbir iştirakçıları öncə Qarabağ savaşında həyatlarını itirən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova tədbiri açaraq, 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Alim vurğulayıb ki, Azərbaycan dövləti bu qələbəni şəhidlərin qanı, canı hesabına əldə edib. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə igidlik göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdiriblər. Dosent Afaq Ramazanova bildirib ki, Anım Günündən başlayan bu qələbə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub, ərazi bütövlüyümüzün bərpası məhz həmin gündən başlayıb. Bu gün xalqımızın tarixinə dönüş nöqtəsi kimi düşüb.

AMEA Folklor İnstitutu Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova çıxış edərək bildirib ki, Anım Günü həm kədərli, həm də qürurverici bir gündür. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdədir, onları hər zaman ehtiramla anırıq.

Sonra Folklor studiyasının hazırladığı 44 günlük Zəfər yoluna həsr olunan videoçarx nümayiş olunub.

Videoçarxın nümayişindən sonra söz tədbirdə qonaq qismində iştirak edən şəhid anası Şükran Faruq qızına verilib. O, Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşan, qələbəyə sayılı saatlar qalmış şəhidlik zirvəsinə ucalan Nicat Tarıverdiyevlə bağlı xatirələrini bölüşüb. Şükran Faruq qızı zəfəri bizə yaşadan şəhidlərimizə həsr olunmuş belə bir tədbirə dəvət olunduğu üçün təşkilatçılara təşəkkürünü bildirib.

Çıxış üçün söz alan Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, 44 günlük Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev qardaşı haqqında xatirələrini bölüşüb və bu gün qalib ölkənin vətəndaşı olduğu üçün çox qürurlu olduğunu vurğulayıb.

Sonra 44 günlük müharibədə Cəbrayıl, Xocəvənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən qazi Elçin Əhmədov çıxış edib. Hər iki valideynini itirdikdən sonra qardaşları ilə birgə Maştağa qəsəbəsindəki 1 saylı internat məktəbində böyüyən qazi keçdiyi döyüş yolundan, cəbhə təəssüratlarından söz açıb.

Daha sonra institutun Redaksiya-nəşr şöbəsinin müdiri, I Qarabağ müharibəsi veteranı Mahir Cavadov, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, I Qarabağ müharibəsi veteranı Şakir Albalıyev və Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli çıxış edərək bildiriblər ki, 44 günlük Vətən müharibəsi nə qədər kədərli, nə qədər ağrılı olsa da, bu müharibədə canlarını fəda etmiş şəhidlərin sayəsində biz milli kimliyimizi özümüzə qaytara və mənliyimizi bütün dünyada sübut edə bildik.

Sonda Folklor İnstitutu Qadınlar Təşkilatının sədri, dosent Aynur İbrahimova tədbir iştirakçılarına təşəkkürünü bildirib.