XƏBƏRLƏR
33
“Folklorşünasın səsi”: növbəti buraxılışın qonağı Ağaverdi Xəlil olub
22 İyun 2026, 11:16 / Folklorşünasın səsi
“Folklorşünasın səsi” layihəsinin növbəti buraxılışı yayımlanıb. Buraxılışın qonağı AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil olub.
Ağaverdi Xəlil çıxışında “Azərbaycan mərasim folkloru yeni elmi paradiqma kontekstində: filoloji ənənədən sosial-antropoloji yanaşmaya” mövzusundan bəhs edib. Alim qeyd edib ki, mərasim folkloru uzun müddət əsasən filoloji aspektdən araşdırılsa da, müasir dövrdə onun sosial, mədəni və antropoloji mahiyyətinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Bu yanaşma mərasimlərin cəmiyyət həyatındakı funksiyalarını, kollektiv davranış modellərini və mədəni yaddaşın qorunmasındakı rolunu daha dərindən anlamağa imkan verir.
Çıxışda vurğulanıb ki, mövsüm və məişət mərasimləri yalnız folklor mətnləri deyil, həm də xalqın dünyagörüşünü, sosial münasibətlərini və milli-mədəni dəyərlərini yaşadan mühüm ənənələr sistemidir. Alim mərasim folklorunun müasir elmi metodlarla tədqiqinin bu sahənin yeni aspektlərinin üzə çıxarılmasına xidmət etdiyini bildirib.
Qeyd edək ki, video çəkiliş Folklor İnstitutunun Folklor Studiyası tərəfindən həyata keçirilib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.

