"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

19 İyun 2026, 09:53 / Konfranslar, İclaslar

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib. Tədbirdə Folklor İnstitutunun əməkdaşları ilə yanaşı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud, İdarə Heyətinin üzvü Aytac Əlisultanlı, Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva, Muzey Mərkəzinin direktoru Murad Mirzəyev və Elmi-Mədəni Mərkəzin direktoru Vəfa Quliyeva iştirak ediblər.

Görüş çərçivəsində qonaqlara AMEA Folklor İnstitutunun fəaliyyət istiqamətləri, struktur bölmələri, elmi layihələri və nəşrləri barədə ətraflı məlumat verilib. Daha sonra nümayəndələr institutun şöbələri ilə tanış olub, aparılan tədqiqatlar və perspektiv elmi istiqamətlər barədə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı İçərişəhərin zəngin tarixi-mədəni irsinin folklor kontekstində araşdırılması, qorunması və müasir yanaşmalar əsasında təqdim olunması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında qeyd edib ki, İçərişəhər yalnız memarlıq abidələri ilə deyil, həm də əsrlər boyu formalaşmış folklor yaddaşı, şəhər əfsanələri, rəvayətləri, ənənəvi davranış modelləri və mədəni təcrübələri ilə seçilən unikal mədəni məkandır. O vurğulayıb ki, bu irsin sistemli şəkildə toplanması, elmi tədqiqi və müasir kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə geniş auditoriyalara çatdırılması mühüm əhəmiyyət daşıyır.

Görüşdə tarixi abidələr və şəhər mühiti ilə bağlı folklor materiallarının toplanması, elmi dövriyyəyə daxil edilməsi, rəqəmsal humanitar yanaşmalar əsasında təqdim olunması, həmçinin mədəni irsin yeni texnoloji həllər vasitəsilə tanıdılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, İçərişəhərin sakin yaddaşında qorunan şifahi tarix materiallarının, şəhər əfsanələrinin və mədəni təcrübələrin sənədləşdirilməsi, bu irsin yerli və beynəlxalq auditoriyalara təqdim olunması, eləcə də birgə elmi, maarifləndirici və mədəni layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Müzakirələr zamanı folklor, tarix, şəhər mədəniyyəti və kollektiv yaddaş mövzularında seminarların, mühazirələrin, sərgilərin və digər elmi-mədəni tədbirlərin təşkili, eləcə də innovativ texnologiyaların mədəni irsin təqdimatında tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin İçərişəhərin şəhər folkloru, ənənəvi məişət mədəniyyəti, kulinariya irsi, sosial davranış modelləri və kollektiv yaddaş elementlərinin araşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Daha sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin üzvü Aytac Əlisultanlı çıxış edərək bildirib ki, İçərişəhər müasir inkişaf mərhələsində tarixi irsin qorunması ilə innovativ idarəetmə yanaşmalarının uzlaşdırılmasına xüsusi önəm verir. Onun sözlərinə görə, rəqəmsal transformasiya və yeni texnologiyaların tətbiqi bu istiqamətdə əsas prioritetlərdən biridir.

İdarənin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva isə hazırda "ağıllı qoruq" konsepsiyası çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. O bildirib ki, bu yanaşmanın əsas məqsədi tarixi-mədəni irsin qorunmasının səmərəliliyini artırmaq və İçərişəhərin müasir texnologiyalarla dəstəklənən canlı mədəni məkan kimi inkişafını təmin etməkdir.

Muzey Mərkəzinin direktoru Murad Mirzəyev çıxışında Folklor İnstitutu tərəfindən təqdim olunan təkliflərin muzey fəaliyyəti, ekskursiya proqramları və mədəni irsin təqdimatı baxımından yeni imkanlar açdığını vurğulayıb. O qeyd edib ki, folklor materiallarının elmi əsaslarla sistemləşdirilməsi və təqdim edilməsi ziyarətçilərin tarixi məkanları daha dərindən dərk etməsinə xidmət edə bilər.

Çıxışlardan sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud görüşün əhəmiyyətini yüksək qiymətləndirərək Folklor İnstitutunun elmi potensialının və təcrübəsinin əməkdaşlığın inkişafı baxımından mühüm rol oynaya biləcəyini bildirib.

O qeyd edib ki, Hikmət Quliyevin təqdim etdiyi "İçərişəhərin folklor yaddaşının reaktuallaşdırılması: rəqəmsal həllər və innovativ təqdimat modelləri" mövzusunda təqdimatda səsləndirilən yanaşmalar müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı, mədəni irsin qorunması və tanıdılması istiqamətində yeni perspektivlər açır.

Rüfət Mahmud vurğulayıb ki, İçərişəhərin tarixi, folkloru və şəhər mədəniyyəti ilə bağlı elmi biliklərin müasir təqdimat formaları vasitəsilə ictimaiyyətə çatdırılması həm yerli sakinlər, həm də turistlər üçün əlavə dəyər yarada bilər. Onun sözlərinə görə, bu istiqamətdə qurulacaq sistemli əməkdaşlıq hər iki qurumun fəaliyyətinə mühüm töhfə verəcək.

Sonda tərəflər elmi-tədqiqat, mədəni irsin qorunması, rəqəmsallaşdırılması, təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəlib.