XƏBƏRLƏR
Professor Ramazan Qafarlı – 75: Milli Yaddaşın yorulmaz tədqiqatçısı
Azərbaycan folklorşünaslıq elminin tanınmış nümayəndələrindən biri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının elmi fəaliyyətini nəzərdən keçirdikdə ilk öncə onun necə məhsuldar alim, zəhmətkeş ziyalı olduğunu görürük. Ramazan Qafarlı folklorşünaslıq elminin müxtəlif aspektlərinin, o cümlədən epik düşüncə və mifopoetik sistem, türk xalqlarının mifoloji düşüncəsi, “Kitabi-Dədə Qorqud” abidəsi, Azərbaycan uşaq folkloru, folklor və yazılı ədəbiyyat əlaqələrinin öyrənilməsi istiqamətində dəyərli tədqiqatarın müəllifi və özünəməxsus dəsti-xətti ilə seçilən alim kimi tanınır. Professor Seyfəddin Rzasoyun təbirincə desək, psixoloji cəhətdən passionarlığı onu sanki normalaşdırılmış, ülgülərə salınmış və hamıya rahat görünən bir ömür yaşamağa qoymur. Ona görə də daim narahat, mübarizələrlə dolu, həyati təşəbbüslərlə zəngin həyat keçirir... Bu, Ramazan Qafarlının taleyidir: Allahın Ramazan Qafarlı adlı bəndəsinin heç vaxt qaçmaq istəmədiyi tale... Onun Azərbaycan folklorşünaslığında öz yeri var. Bu yerə heç kəs qibtə etmir. Çünki o məqama çatmaq üçün həyatda və elmdə Ramazan Qafarlı kimi prinsipial və cəsarətli olmaq, üzərinə sel kimi gələn təhlükələrə qarşı sinə verib dayanmağı bacarmaq lazımdır (S.Rzasoy. Professor Ramazan Qafarlının düşüncə sistemində Azərbaycan-türk mifoloji dünya modeli // Ziyalı işığında. Ramazan Qafarlı – 70. Bakı, 2021, s.515).
Ramazan Qafarlının qısa tərcümeyi-halına nəzər saldıqda onun zəngin bir alim ömrü yaşadığını görürük. O, 1951-ci il iyunun 17-də Şəkidə sənətkar ailəsində anadan olmuşdur. Atası Oruc kişinin sənəti dabbaqlıq idi. Bu qədim peşəyə son dərəcə bağlı olan Oruc kişini sovet rejiminin sərt qanunları daim təqib etmiş, incitmişdir. Bu səbəbdən Oruc kişi övladlarına ənənəvi dədə-baba sənətindən uzaqlaşmağı vəsiyyət etmiş, onları sənətə deyil, daha çox təhsilə yönəlməyə sövq etmişdir. 1956-cı ildə atası vəfat etmişdir. Ramazan Qafarlı ilk təhsilini Şəkidə 7 saylı məktəbdə almağa başlasa da, 1961-ci ildə ailəsi ilə birgə Bakıya köçmüş və təhsilini Bakıdakı 39 saylı orta məktəbdə davam etdirmişdir. O, 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya fakültəsində təhsil almış, institutun Elmi şurasının qərarı ilə həmin ali məktəbdə saxlanılmışdır. Estoniyada ordu sıralarında qulluq etmiş, sonra ADPU-nun o zamankı komsomol komitəsinin katibi, universitetin həmkarlar ittifaqında sədr kimi fəaliyyət göstərmişdir. 1977-ci ildə Rusiyaya getmiş, ömrünün bir neçə ilini orada yaşamış, müxtəlif şəhərlərdə iş icraçısı kimi fəaliyyət göstərmişdir. 1981-ci ildə yenidən doğma vətənə qayıtmış, Xətai rayonundakı 204 saylı orta məktəbdə ixtisası üzrə müəllim işləmişdir. 1984-cü ildə ADPU-nun aspiranturasına əyani qəbul olmuş, 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elə həmin ildən ADPU-da pedaqoji fəaliyyətə başlamışdır. 1989-1991-ci illərdə ADPU-nun Müdafiə şurasının üzvü və elmi katibi olmuşdur. 2003-2004-cü illərdə Rusiyanın Sankt-Peterburq şəhərində A.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetində elmi təcrübə keçmiş, həmin universitetin Elmi şurasında “Azərbaycan xalqının təsəvvüründə mifoloji dünya modeli” mövzusunda doktorluq dissertasiyasını təsdiqlətmişdir. Ailə vəziyyəti ilə əlaqədar yenidən Bakıya qayıdan Ramazan Qafarlı 2010-cu ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan türklərinin mifologiyası” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. O, uzun illər ADPU-nun nəzdindəki “Dədə Qorqud” Elmi-Tədqiqat Mərkəzinin müdiri, Dünya ədəbiyyatı tarixi kafedrasının professoru kimi fəaliyyət göstərmişdir.
Alim “Mif və nağıl. Epik ənənədə janrlararası əlaqə” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramların poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Şəki folkloru” (2002), “Lütfəli kişidən folklor nümunələri” (2003), “Mif, nağıl və əfsanə: Epik ənənədə janrlararası əlaqə” (2004), “Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası)” (2011), “Mifologiya – I. Mifogenez: rekonstruksiya, struktur, poetika” (2015), “Mifologiya – II. Ritual-mifoloji rekonstruksiya problemləri” (2019), “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” (2021), “Azərbaycan”ın “Gülüstan” dərdinin “Heydərbabaya salam”ı (2025), “Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” (2025) kimi 20-dən artıq monoqrafiyanın, xeyli sayda dərs vəsaiti və dərs proqramının, 700-dən artıq elmi-publisistik məqalə və məruzənin müəllifidir. Professor Ramazan Qafarlı həmçinin Xalq şairi Bəxtiyar Vahabzadənin 12 cildlik külliyyatının (Bakı, 2008-2010) tərtibçisi və elmi redaktorudur. AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (Bakı, Elm, 2004, “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları” bölümləri) müəlliflərindən biridir. Bəzi əsərləri xarici ölkələrdə nəşr edilmişdir.
Ramazan Qafarlı xüsusilə Azərbaycan mifologiyasına dəyərli əsərlər bəxş etmişdir. “Mif və nağıl. Epik ənənədə janrlararası əlaqə” adlı əsəri 2004-cü ildə nəşr edilmişdir. Monoqrafiyada Azərbaycan türklərinin mifologiyası, nağıllar, əfsanə və rəvayətlər təhlil olunmuş, mif-ritual sintezinin folklorun epik ənənəsinə təsiri, janrlararası əlaqənin prinsipləri göstərilmişdir. Mif, nağıl və əfsanənin janrlaşmasında poetik vasitələrin rolundan bəhs olunmuş, xalqımızın soykökü ilə bağlı bir çox vacib məqamlar araşdırılmışdır. Azərbaycan türklərinin mifoloji mətn modellərinin ilkin qaynaqlarına müraciət edilmişdir. Burada nağılların süjet quruluşundan, nağıl və əfsanələrin spesifik janr xüsusiyyətlərindən, onlar arasındakı sərhədlərin aydınlaşdırılmasından geniş bəhs edilmişdir. Ramazan Qafarlının “Mif və nağıl. Epik ənənədə janrlararası əlaqə” adlı monoqrafiyasına böyük dəyər verən Xalq şairi Bəxtiyar Vahabzadə həmin araşdırmanın sanballı və son dərəcə gərəkli tədqiqat olduğunu göstərmişdir. Onun “Mifologiya – II cild. Ritual-mifoloji dünya modeli” kitabında yazdığı “Kökümüzə gedən yolu tikanlardan təmizləyək” adlı ön sözdə Ramazan Qafarlının əməyi lazımınca qiymətləndirilmiş, müəllifin vətənə, millətə sonsuz bağlılığı göstərilmişdir. Ramazan Qafarlının xalq psixologiyasına, xalqın inanclarına, adət-ənənələrinə dərindən bələd olduğunu vurğulayan Xalq şairimiz belə araşdırmaların Azərbaycan türklərinə ana südü, hava, su kimi gərəkli olduğunu göstərərək yazır ki, mətbuatda kəskin yazıları ilə tanıtmış müəllifin vətəndaşlıq mövqeyi, milliliyi, dərin və hərtərəfli biliyi, elmiliyi diqqətimi çəkdi. Ancaq vətənini, xalqını, insanlığı böyük məhəbbətlə sevən bir şəxs bu cür yazmağa qadir olardı... (B.Vahabzadə. Ön söz. Kökümüzə gedən yolu tikanlardan təmizləyək // R.Qafarlı. Mifologiya, II cild. Bakı, Elm və təhsil, 2019, s.5).
Ramazan Qafarlı mifologiyanın tədqiqat tarixini, onun nəzəri-kateqorial aspektlərini, mifogenezis, arxetipik simvolları, struktur poetikada mifoloji amilləri, struktur təhlil sistemlərinin əsas kateqoriyalarını, o cümlədən mifik düşüncənin genetik strukturunu sistemli şəkildə araşdırmışdır. Müəllif mifoloji düşüncənin inkişaf dinamikasını izləmiş, problemi nəzəri-metodoloji kontekstdə ətraflı araşdıraraq mif və romantik düşüncə kodlarını, mifogenezisin strukturunu və poetikasını, arxetiplər nəzəriyyəsini, mətnin struktur poetikasını, onun tipologiyasını, kateqorial sistemlərini tədqiqata cəlb etmişdir. Belə araşdırmalarında alim struktur təhlil predmetinin və prosesinin əsas kateqoriyalarını, bədii mətnin təhlil aspektlərini, struktur təhlil sistemlərinin əsas kateqoriyalarını və terminlərini (arxetip, element, motiv, funksiya, rəvayət, əfsanə, leqenda, trikster və s.) də geniş şəkildə tədqiq etməyə müvəffəq olmuşdur. Mifik düşüncənin struktur səviyyələrini – totemizm, animizm, animatizm, antropomorfizm, magik, fetişist və kultçuluq mifoloji düşüncə səviyyələrini araşdırmaya cəlb edən müəllif, müxtəlif kultları araşdırmaqla sakral mifoloji düşüncə atributlarına, sakral məkan və zaman, mifoloji kontinium (məkan-zaman vəhdəti) məsələlərinə, mifoloji Dünya modelinin kəmiyyət strukturuna – sayların sakrallığına, rənglərin simvolikasına və digər önəmli məsələlərə diqqət yetirmişdir. Həmçinin alim Azərbaycan türklərinin sakral düşüncə atributlarını, qədim bədii yaradıcılıq formalarının bir-birilə qarşılıqlı əlaqələrini – mif-ritual sintezinin dinlə, əfsanələrlə, nağıllarla qarşılaşdırmalı müqayisəsini, eyni zamanda mifologiyanın bir sıra nəzəri məsələlərini, özünəməxsus spesifik xüsusiyyətlərini, bəzi arxetiplərin yaranma yollarını, mənşəyini, ritual-mifoloji rekonstruksiya problemlərini geniş şəkildə təhlil etmişdir.
Ramazan Qafarlı “Azərbaycan türklərinin mifologiyası” əsərində mifin qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası məsələlərini araşdırmış, qoyulan problemi əsasən dörd mühüm istiqamət üzrə tədqiq etmişdir:
- Mifoloji düşüncə sisteminin poetik strukturu və Azərbaycan -türk mifoloji dünya modelinin rekonstruksiya problemləri.
- Mifoloji düşüncənin genetik strukturu.
- Mifoloji dünya modelinin təkamülünün struktur mərhələləri.
- Azərbaycan-türk miflərinin tematik-klassifikativ strukturu”(S.Rzasoy. Ön söz. Azərbaycan mifoloji düşüncə tarixi Ramazan Qafarlının baxışlar sistemində // Ramazan Q. Azərbaycan türklərinin mifologiyası. Bakı, ADPU, 2011, s.7).
Ramazan Qafarlı Azərbaycanda uşaq folklorunun toplanması, təsnifatlandırılması və araşdırılması sahəsində də öz sözünü demişdir. Uşaq folkloru nümunələrinin xalq arasından toplanması, tərtibi və nəşri məsələsində professorun böyük əməyi vardır. O, bu mövzu ilə bağlı “Uşaq folklorunun janr sistemi və poetikası” adlı monoqrafiyanın müəllifidir. Bu kitab Azərbaycanda uşaq folkloru haqqında yazılan mükəmməl tədqiqat əsəri hesab edilir. Monoqrafiyada Azərbaycan uşaq folklorunun nəzəri əsaslarından, mənşəyi və yaranma yollarından, örnəklərin toplanması, nəşri və araşdırılması tarixindən ətraflı bəhs edilir. Kitabda həmçinin uşaq folkloru örnəklərinin lirik, epik, dramatik növlərinin poetikasından, ideya məzmunundan, uşaq nəğmələrinin – düzgülərin, sanamaların, eyni zamanda tapmaca, nağıl, oyun və tamaşaların spesifik xüsusiyyətlərindən sistemli şəkildə bəhs edilir. Monoqrafiyada mövzular iki bölmə üzrə qruplaşdırılmış, ümumilikdə yeddi fəsli əhatə etmişdir. I bölmədə Azərbaycanda uşaq folklorunun mənşəyi, yaranma yolları, tədqiqat tarixi və təsnifatı məsələləri öyrənilmişdir. Bu bölməyə üç fəsil daxil edilmişdir. Müəllif bu fəsillərdə uşaq folkloru örnəklərinin yaranma zərurətinin qədim inanclarımızla bağlılığını göstərmiş, dünyaya övladın gəlişi, körpənin qırxının tökülməsi, dilinin açılması, dişinin çıxması, yeriməsi, adının qoyulması ilə bağlı keçirilən mərasimlərdə tilsimdən, dualardan və əfsunlardan istifadə edildiyini qeyd etmişdir. II bölmədə uşaq folklorunun janr sistemi araşdırılmışdır. “Uşaq psixologiyasına yaxından bələd olan Ramazan Qafarlı uşaqların yaratdığı mətnlərdə dinamikliyin və dəyişkənliyin əsas xüsusiyyət olduğunu qeyd edir, qısa və yığcamlığını, təkrarlardan tez-tez istifadə edildiyini vurğulayır. O göstərir ki, uşaqlar formaya aludə olur, ritm, ahəng əmələ gətirən bütöv qafiyələr tapırlar. Heca vəzninin ən oynaq ölçülərindən istifadə edirlər. Bir sıra uşaq yaradıcılığı nümunələri poetik strukturuna görə hətta böyüklərin düzüb-qoşduğu ən bitkin əsərlərlə müqayisə edilə bilər” (Kərimova X. Ramazan Qafarlının elmi fəaliyyətində Azərbaycan uşaq folklorunun aktual problemlərinin tədqiqi // Ziyalı işığında. Ramazan Qafarlı – 70. Bakı, 2021, s.394.). Ramazan Qafarlı uşaq folklorunun janr təsnifatını apararkən uşaqların yaş həddi ilə əlaqəli məqamlardan, onların yaş xüsusiyyətlərindən, uşaq folkloru örnəklərinin oyunlarla əlaqəsindən, onların yaranma və ifa prosesində balacaların iştirakı və rolundan, mövzuların daha çox quşlar, heyvanlar, yaxud təbiət hadisələrilə əlaqəli olmasından, balacaların zövq və marağından, nümunələrin dil və üslub xüsusiyyətlərindən, mətnlərin həcmi və digər məsələlərdən ətraflı bəhs etmişdir.
Ramazan Qafarlı uşaq folkloru örnəklərinin özünəməxsus xüsusiyyətlərini tədqiq edərkən nümunələrin forma, struktur oxşarlığını, mətnlərin mövzusu, onların müəyyən ritmlə, musiqi ilə bağlılığı məsələlərinə də toxunmuşdur. Müəllif uşaq folklorunun lirik janrlarını əsasən 5 mühüm xüsusiyyətinə görə qruplaşdırdığını qeyd etmişdir:
– Oxşar forma, struktur və poetik sistemə malik olması;
– Mövzu eyniliyi və məzmun yaxınlığı;
– Xalq məişətinin, əmək peşələrinin eyni sahəsinə tətbiqi;
– İfa tərzi;
– Funksiyası (R.Qafarlı. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı: Elm və təhsil, 2013, s. 127).
Müəllif uşaq folklorunun lirik növə aid etdiyi janrları yaradıcısına və ifaçısına görə iki qismə ayırır: 1) Analar tərəfindən yaradılan və ifa olunanlar: laylalar, oxşamalar, dilaçmalar və öyrətmələr. Bu mətnləri müəllif şərti olaraq “ana nəğmələri” adlandırır; 2) Uşaqlar tərəfindən yaradılan və ifa olunanlar: sanamalar, dolamalar, öcəşmələr və s.
Professor uşaq folklorunun janr sistemi və poetikasına həsr etdiyi sözügedən monoqrafiyada həmçinin uşaq oyunları ilə əlaqəli olan və oyunlarsız ifa edilən folklor örnəklərini də geniş təhlilə cəlb etmişdir.
Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” adlı monoqrafiyası Azərbaycan elmində öz sanbalı ilə seçilən tədqiqatlardandır. Bu araşdırmada alim Nizami Gəncəvi yaradıcılığını mifoloji dünya modeli və folklor düşüncəsi baxımından tədqiq etmiş, maraqlı elmi qənaətlərə gəlmişdir. Professor Seyfəddin Rzasoy bu monoqrafiyanı yüksək qiymətləndirərək yazır: “Monoqrafiya müəllifin, sadəcə növbəti əsərlərindən biri deyil, onun bütün yaradıcı ömrünün mahiyyətini, intellektual əyarını, Azərbaycan filoloji fikir məkanında məhz ona məxsus olan düşüncə paradiqmasının ədəbi-estetik, poetik-idraki özünəməxsusluqlarını əks etdirən “tale kitabı”dır. Və bu taleyin Nizamiyə bağlanması təsadüfi olmayıb, yenə də Ramazan Qafarlının alim taleyinin içərisindədir. O, bütün ömrü boyu Nizamidən ayrı düşmədi. Zaman-zaman bu dahi sənətkarın yaradıcılığına qayıtdı, ən müxtəlif elmi janrlarda əsərlər yazdı” (S.Rzasoy. Ön söz. Professor Ramazan Qafarlının yaradıcılığında “Nizami və milli tale” diskursu // R.Qafarlı. Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti. Bakı: Elm və təhsil: 2021, s. 3).
Monoqrafiyada Ramazan Qafarlı dünyanın ən dəyərli söz incilərindən hesab edilən “Xəmsə”nin müəllifini həm poetik bir mətn yaradıcısı kimi təqdim etmiş, həm də onun mütəfəkkir şair olduğunu, “mif-folklor-din-fəlsəfə-poeziya” məna xəttində birləşdiyini vurğulamışdır (Rzasoy, 2021: 4).
Ramazan Qafarlı həmçinin folklor toplayıcılığı sahəsində də fəaliyyət göstərmiş, “Şəki folkloru” (2002), “Lütfəli kişidən folklor nümunələri” (2003), “Azərbaycan uşaq folkloru” (2011) və s. kitabların toplayıcısı və ya tərtibçisi olmuşdur. “Şəki folkloru” toplusunda Molla Cümənin elm aləminə bəlli olmayan altı dastanını özü toplayaraq kitaba daxil etmişdir.
Alimin yaradıcılığında folklor və yazılı ədəbiyyat əlaqələrinin qarşılıqlı şəkildə araşdırılmasının da xüsusi yeri var. Ramazan Qafarlı bu mənada Nizami Gəncəvinin, Bəxtiyar Vahabzadənin, Məhəmmədhüseyn Şəhriyarın, Səməd Vurğunun yaradıcılığını folklor və mifoloji kontekstdə araşdıran tədqiqatçı kimi tanınır. Ramazan Qafarlının Azərbaycan ədəbiyyat və ədəbi düşüncə tarixinə baxışında onun vətənpərvər insan olduğu, xalqının dilinə, milli kimliyinə, mənəvi dəyərlərinə bağlılığını müşahidə etmək olur: “Nəsiminin üsyankarlığı, Füzulinin həqiqətə, haqqa çağıran fəryadı, Nəvainin epik vüsəti, Xətainin haqqa tapınması ilə Dədə Qorqudun, Bilgə Kağanın, Yusif Balasaqunlunun, Mahmud Kaşğarlının və Nizaminin qoyduğu bünövrənin üzərində elə əzəmətli sənət zirvələri ucalmışdır ki, nəhayət, türkcə dünyanın bədii söz xəzinəsində özünə layiqli yer tutmuş, Şərq mədəniyyətində əsaslı şəkildə təsdiqini tapmışdır” (R.Qafarlı. Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti. Bakı: Elm və təhsil, 2021 s. 41).
Alimin fəaliyyəti təkcə Azərbaycan sərhədləri daxilində məhdudlaşmır. Ramazan Qafarlı beynəlxalq elmi mühitdə də öz sözünü demiş alimlərdəndir. Onun əsərlərində türk mifoloji düşüncəsi, epik qəhrəman modeli, milli kimlik və mənəvi yaddaş məsələləri geniş şəkildə tədqiq edilir, əsərlərinin bir hissəsi xarici ölkələrdə – Türkiyədə, Rusiyada, İraqda çap olunmuşdur. Bu mənada 2012-ci ildə Sankt-Peterburqda nəşr edilmiş “Filosofiya lyubvi na derevnem Vostoke i Nizami” (“Şərqdə məhəbbət fəlsəfəsi və Nizami”) adlı monoqrafiyasını və sanballı elmi dərgilərdə çap edilən saysız məqalələrini örnək göstərə bilərik.
Professor Ramazan Qafarlının senarisi əsasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Xanım, hey” bədii filmi; xalq etnoqrafiyasından bəhs edən “Laylalar” bədii-etnoqrafik filmi lentə alınmışdır. Professor müxtəlif illərdə “Ərən”, “Xəmsə” qəzetlərinin, “Qafqaz”, “Xəmsə” dərgilərinin təsisçisi və baş redaktoru olmuşdur, 2015-ci ildən bu günədək “Dədə Qorqud” elmi-ədəbi toplusunun baş redaktorudur. Professor həm də folklor və mifologiya sahəsində orijinallığı ilə tanınan Mifologiya.az internet saytının müəllifidir.
Ramazan Qafarlı müasir Azərbaycan və türk dünyası folklorşünaslığında epik düşüncə və mifopoetik sistemin araşdırıcılarından biri kimi dəfələrlə müxtəlif beynəlxalq elmi simpozium və konfranslara qatılaraq ölkəmizi təmsil etmişdir. Türkiyə, Rusiya, İraq, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri və b. ölkələrdəki tədbirlərdə “Türk dünyası folklor sistemində iki metodolojik yön: Türkiyə və Azərbaycan folklor məktəblərinin (okullarının) sinergetik analizi”; “Metin Ekici ve Türkiyat biliminin çağdaş yönleri: ilim ve ruhun entegrasyonu”; “Dede Korkut”ta mekan arayışları: “Dede Korkut araştırmaları platformasının gerçekleştirilmesi”, “Dede Korkut kitabı: tarihi nüshalardan dijital platformlara Türk epik mirasının dönüşümü”, “Kərkük-Mosul və Azərbaycan-Türk folkloru: mifoloji, arxetipik, funksional, semiotik və sinergetik aspektlərdə Ata Tərzibaşinin irsi (müqayisəli analiz)”; “Türk dastanlarının semiotik arxetipləri və sinergetik inkişaf dinamikası: Balkan dastanları ilə müqayisəli təhlil” və s. adlı məruzələrı öz mövzusunun aktuallığı ilə seçilmişdir.
2023-cü ildə Türkiyənin Ankara şəhərində keçirilmiş “X Milletlerarası Türk Halk Kültürü” konfransında professor Ramazan Qafarlı türk mədəniyyətinin zənginləşdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi naminə apardığı tədqiqat və təbliğatlar və ümumən türk dünyasının elm və mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə “Türkiyə Cümhuriyyət Bayrağı” mükafatı ilə təltif edilmişdir. Mükafatı professora Türkiyə Cümhuriyyətinin Birinci xanımı Emine Erdoğan şəxsən özü təqdim etmişdir.
Ramazan Qafarlının məhsuldar elmi fəaliyyəti ölkəmizdə də diqqətdən kənarda qalmamış, yüksək səviyyədə dəyərləndirilmişdir. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində göstərdiyi elmi fəaliyyətə görə AMEA-nın Fəxri Fərmanı ilə, 2025-ci ildə isə Azərbaycan folklorşünaslığına və Azərbaycan elminə verdiyi töhfələrə görə ölkə başçısı Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ramazan Qafarlı hazırda AMEA Folklor İnstitutunda elmi fəaliyyətini davam etdirir, “Dədə Qorqud” şöbəsinin müdiridir. Şöbədə hazırlanan “Dədə Qorqud” elmi-ədəbi toplusunun baş redaktoru olaraq qorqudşünaslıq istiqamətində görülən işlərin, yeni elmi qənaətlərin ictimaiyyətə çatdırılmasında məsuliyyət onun üzərindədir. Şöbədə “Kitabi-Dədə Qorqud” abidəsində aparılan, dastanın müxtəlif aspektlərdən öryənilməsinə aid işlər onun rəhbərliyi altında icra edilir.
Ramazan Qafarlı bu gün də elm sahəsində böyük maraq və həvəslə fəaliyyət göstərir, yeni elmi araşdırmalar üzərində çalışır. Son illərdə Ramazan Qafarlının rəhbərliyi altında onlarla gənc tədqiqatçı yetişmişdir. Gənc doktorant və alimlərə verdiyi tövsiyə və məsləhətləri ilə seçilən professor müxtəlif mövzulu elmi araşdırmalara istiqamət verir, Azərbaycan humanitar elminin inkişafına dəstək olur. Bütöv bir folklorşünaslar nəslinin – Xalidə Məmmədovanın, Səbinə İsayevanın, Sevinc Əliyevanın, Ulduz Mürşüdovanın, Leyla Nuriyevanın, Fərqanə Qurbanovanın və digərlərinin alim kimi yetişməsində onun müstəsna rolu vardır.
Alimin zəngin fəaliyyəti, milli-mənəvi dəyərlərin öyrənilməsi və təbliği sahəsindəki xidmətləri Azərbaycan humanitar elminin inkişafında dəyərli yerə sahibdir. Onun əsərləri təkcə folklorşünaslar üçün deyil, ümumilikdə türk mədəniyyəti, mifologiya və ədəbiyyat tarixi ilə məşğul olan tədqiqatçılar üçün mühüm elmi mənbə kimi əhəmiyyətlidir.
Bu günlərdə professor Ramazan Qafarlının anadan olmasının 75 ili tamam olur. Hörmətli professoru yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, Ramazan müəllim yeni tədqiqatları ilə Azərbaycan elminə dəyərli töhfələr bəxş etməkdə davam edəcək.
Aynurə SƏFƏROVA, filologiya üzrə fəlsəfə doktoru, dosent
Xalidə MƏMMƏDOVA, filologiya üzrə fəlsəfə doktoru, dosent




