Professor Füzuli Bayatın həmmüəllifi olduğu məqalə AHCI Q1 və Scopus Q1 indeksli jurnalda dərc olunub

Professor Füzuli Bayatın həmmüəllifi olduğu məqalə AHCI Q1 və Scopus Q1 indeksli jurnalda dərc olunub

13 İyun 2026, 10:23 / Mühüm hadisələr
AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat və Türkiyəli professor Haktan Kaplanın həmmüəllifi olduqları “The Theological Transformation of Tengrism from the Ancient Turkish Belief System to the Modern Era and Its Cultural Interactions” (“Tanrıçılığının qədim türk inanc sistemindən müasir dövrə qədər teoloji transformasiyası və onun mədəni qarşılıqlı əlaqələri”) adlı elmi məqalə beynəlxalq nüfuzlu “Religions” jurnalında dərc olunub.
 
İsveçrənin MDPI nəşriyyatında yayımlanan “Religions” jurnalı AHCI Q1 və Scopus Q1 bazalarında indekslənir. Azərbaycan və Türkiyə alimlərinin birgə elmi əməkdaşlığının məhsulu olan məqalə türk inanc tarixi, mifologiyası və folklorunun tədqiqinə multidissiplinar yanaşma təqdim edir.
 
Tədqiqatda qədim türk inanc sisteminin mərkəzində dayanan Tanrı anlayışının tarixi və teoloji transformasiyası araşdırılıb, onun müqəddəslik, kosmologiya, törə, qut, mifoloji yaddaş və mədəni davamlılıqla bağlı aspektləri təhlil olunub. Məqalədə tanrıçılıq yalnız keçmişə aid inanc sistemi kimi deyil, türk mədəniyyətinin müxtəlif tarixi mərhələlərində öz izlərini qoruyub saxlayan güclü mənalar və dəyərlər sistemi kimi qiymətləndirilir.
 
Araşdırma türk dünyasının ortaq yaddaşı, inanc qatları və mədəni dərinliyi ilə maraqlanan tədqiqatçılar üçün əhəmiyyətli elmi mənbə olmaqla yanaşı, türk mifoloji düşüncəsinin və inanc tarixinin müasir elmi kontekstdə öyrənilməsinə yeni baxış təqdim edir.
 
 
Məqalə ilə linkə keçid edərək tanış olmaq mümkündür.