XƏBƏRLƏR
21
AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Vüsal Səfiyeva “İsmayıllı molokanlarının toy adətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların mədəni irsinin öyrənilməsinin əhəmiyyətindən bəhs olunub, ölkəmizin tolerantlıq ənənələrinin formalaşmasında müxtəlif etnokonfessional icmaların roluna diqqət çəkilib. Bildirilib ki, molokanlar Azərbaycanın Şirvan bölgəsində, xüsusilə İsmayıllı rayonunun İvanovka kəndində kompakt şəkildə yaşayan və öz dini-mədəni kimliyini qoruyub saxlayan etnik qruplardan biridir.
Tədqiqatçı molokanların yaranma tarixi, Rusiyadan Cənubi Qafqaza köçürülməsi, dini dünyagörüşü və məişət xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, molokanlar XVIII əsrdə pravoslavlıqdan ayrılmış “mənəvi xristianlar” cərəyanının davamçılarıdır və iki əsrdən artıq müddətdə öz adət-ənənələrini yaşatmağı bacarıblar.
Məruzədə İvanovka kəndinin tarixi, sosial-mədəni həyatı, molokan icmasının təsərrüfat fəaliyyəti və ailə münasibətləri də araşdırılıb. Xüsusi olaraq vurğulanıb ki, molokanların toy mərasimləri dini inancları və patriarxal həyat tərzi ilə sıx bağlıdır.
Çıxış zamanı toy mərasiminin əsas mərhələləri – gənclərin tanışlığı, elçilik, nişanlanma, başlıq pulu, cehiz hazırlığı, toyqabağı mərasimlər, nikah və toy süfrəsi haqqında geniş məlumat təqdim olunub. Bildirilib ki, toylar əsasən payız və qış aylarında keçirilir, mərasimlərdə dini ayinlər və dualar mühüm yer tutur, spirtli içkilərdən istifadə olunmur, qonaqlara isə ənənəvi yeməklər təqdim edilir.
Məruzədə həmçinin XIX əsrin sonlarına aid etnoqrafik mənbələrdə, xüsusilə SMOMPK məcmuəsində İvanovka molokanlarının toy adətlərinin ətraflı təsvir olunduğu qeyd edilib. Müasir dövrdə də bu ənənələrin bir çoxunun qorunub saxlandığı, bəzi elementlərin isə zamanın tələblərinə uyğun şəkildə dəyişdiyi vurğulanıb.
Çıxışın sonunda İsmayıllı molokanlarının toy adətlərinin Azərbaycanın multikultural və etnomədəni irsinin mühüm tərkib hissələrindən biri olduğu qeyd edilib.
Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, məruzə ilə bağlı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.

