Hikmət Quliyev: “Milli taleyimizdə Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, yaddaşın reaktuallaşdırılmasıdır”

Hikmət Quliyev: “Milli taleyimizdə Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, yaddaşın reaktuallaşdırılmasıdır”

12 İyun 2026, 09:18 / Konfranslar, İclaslar

“Milli taleyimizdə Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, yaddaşın reaktuallaşdırılmasıdır. Çünki Böyük Qayıdış yalnız insanların öz doğma yurdlarına dönüşü deyil, həm də kollektiv yaddaşın öz tarixi məkanlarına qayıdışıdır”.

15 İyun – Milli Qurtuluş Günü münasibətilə və ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Zəngilan və Laçın rayon təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edib.

Alim çıxışında bildirib ki, Milli Qurtuluş Azərbaycan dövlətçiliyinin xilası olmaqla yanaşı, sonrakı tarixi uğurların, o cümlədən Böyük Qayıdış prosesinin əsas siyasi və ideoloji təməlini formalaşdırıb. Onun sözlərinə görə, Böyük Qayıdış yalnız insanların öz doğma yurdlarına dönüşü deyil, həm də kollektiv yaddaşın və mədəni kimliyin reaktuallaşdırılması prosesidir.

Hikmət Quliyev qeyd edib ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki səriştəsizlik və pərakəndəlik nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal olunub, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşüb. Alimin fikrincə, xalqın taleyində dönüş nöqtəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayıb.

Çıxışda vurğulanıb ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan dövlətçiliyinin xilası, ölkədə sabitliyin bərqərar olması və gələcək inkişafın əsaslarının qoyulması ilə xarakterizə olunur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində dövlət institutları möhkəmləndirilib, iqtisadi inkişaf strategiyası formalaşdırılıb, Azərbaycanın beynəlxalq mövqeyi gücləndirilib və sonrakı tarixi nailiyyətlərin təməli yaradılıb. Məhz həmin strateji xətt sonrakı dövrdə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mühüm aktora çevrilməsinə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri kimi qlobal əhəmiyyətli layihələrin reallaşmasına və dövlətin iqtisadi qüdrətinin artmasına imkan verib.

Hikmət Quliyev bildirib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıb, 2023-cü ildə isə ölkənin dövlət suverenliyi tam bərpa olunub.

Folklorşünas alim çıxışında Böyük Qayıdış prosesinə sosial-antropoloji folklorşünaslıq və kollektiv mədəni yaddaş kontekstində yanaşıb. O qeyd edib ki, torpaqların azad edilməsi ilə həmin məkanların sosial-mədəni baxımdan yenidən canlandırılması arasında mühüm əlaqə mövcuddur.

“İşğal dövründə insanlar doğma yurdlarından ayrı düşsələr də, həmin məkanlar onların yaddaşında yaşamaqda davam edib. Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələri ilə bağlı rəvayətlər, əfsanələr, bayatılar, aşıq yaradıcılığı nümunələri, ocaqlar, pirlər və digər müqəddəs məkanlarla əlaqədar təsəvvürlər kollektiv yaddaşda qorunub saxlanılıb. Bu gün Böyük Qayıdış prosesi həmin yaddaşın yenidən aktivləşməsinə və öz coğrafiyası ilə qovuşmasına şərait yaradır”, – deyə alim bildirib.

Hikmət Quliyev vurğulayıb ki, folklorşünaslıq baxımından bu proses kollektiv yaddaşın reaktuallaşdırılması kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, yaddaşın passiv vəziyyətdən çıxaraq yenidən sosial həyatın aktiv hissəsinə çevrilməsi Böyük Qayıdışın ən mühüm mədəni nəticələrindən biridir.

Alim bildirib ki, kollektiv yaddaşın reaktuallaşdırılması istiqamətində elmi tədqiqatların və folklor irsinin sistemli şəkildə toplanmasının xüsusi əhəmiyyəti vardır. Bu baxımdan AMEA Folklor İnstitutu işğaldan azad edilmiş ərazilərin və tarixi Azərbaycan yurdlarının folklor irsinin araşdırılması, toplanması, nəşri, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirir.

Hikmət Quliyev qeyd edib ki, institut tərəfindən hazırlanmış və nəşr edilmiş “Qarabağ: folklor da bir tarixdir” oncildliyi Qarabağ bölgəsinin zəngin folklor yaddaşını özündə əks etdirən fundamental elmi nəşrlərdən biridir. Bununla yanaşı, hazırda Qərbi Azərbaycan və Şərqi Zəngəzur folkloru çoxcildliklərinin hazırlanması istiqamətində genişmiqyaslı işlər aparılır, bölgələrdən yeni folklor materialları toplanılır, arxivləşdirilir, elmi dövriyyəyə daxil edilir və rəqəmsal resurslar şəklində mühafizə olunur.

Alimin sözlərinə görə, Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri də mədəni yaddaşın gələcək nəsillərə ötürülməsidir. Folklor nümunələrinin toplanması və nəşri ilə yanaşı, onların rəqəmsal platformalarda təqdim edilməsi, təbliği və gənc nəslə çatdırılması kollektiv yaddaşın davamlılığını təmin edən mühüm amillərdəndir.

“Əgər fiziki məkanların bərpası Böyük Qayıdışın görünən tərəfidirsə, folklor yaddaşının qorunması və yenidən dövriyyəyə qaytarılması onun görünməyən, lakin strateji əhəmiyyət daşıyan tərəfidir. Çünki xalq təkcə öz torpağına deyil, həm də ənənəvi yaddaşına qayıdır”, – deyə Hikmət Quliyev vurğulayıb.

Alim qeyd edib ki, bu proses xüsusilə Zəngilan və Laçın timsalında aydın müşahidə olunur. Zəngilan xalq yaddaşında Bəsitçay qoruğu, əsrlərin şahidi olan Şərq çinarları, Oxçu və Bərgüşad çayları, qədim yaşayış məskənləri, ziyarətgahları və zəngin folklor mühiti ilə yaşayır. Laçın isə Azərbaycan aşıq sənətinin, yaylaq mədəniyyətinin, köç həyatının və dastançılıq ənənələrinin mühüm mərkəzlərindən biri kimi kollektiv yaddaşda öz yerini qoruyub saxlayıb.

Çıxışda qeyd olunub ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma və məskunlaşma siyasətinə yalnız infrastruktur layihəsi kimi baxmaq olmaz. Yeni yolların, yaşayış məntəqələrinin, məktəblərin və sosial obyektlərin tikilməsi ilə yanaşı, insanların yaddaşı da öz tarixi məkanları ilə yenidən qovuşur.

Hikmət Quliyev bildirib ki, xüsusilə işğal dövründə doğulmuş yeni nəslin ata-baba torpaqları ilə yenidən tanış olması, ailə yaddaşı ilə real məkan arasında əlaqənin bərpası milli kimliyin, vətənə emosional bağlılığın və vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir.

Alim çıxışının sonunda qeyd edib ki, Milli Qurtuluşla başlanan dövlətçilik yolu bu gün Böyük Qayıdış strategiyasında özünün yeni və möhtəşəm təzahürünü tapır. Onun fikrincə, Qarabağ və Şərqi Zəngəzurda tikilən hər ev, salınan hər küçə və istifadəyə verilən hər sosial obyekt yalnız fiziki infrastruktur deyil, həm də kollektiv yaddaşın yenidən qurulan məkanlarıdır.

“Vaxtilə xalq yaddaşında həsrət kimi yaşayan yurd yerləri bu gün yenidən həyat qazanır. Odur ki, Böyük Qayıdış təkcə məskunlaşma layihəsi deyil, həm də mədəni yaddaşın, tarixi bağlılığın və mənəvi coğrafiyanın bərpasıdır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişafında həm iqtisadi, həm də mədəni yaddaş mərkəzləri kimi mühüm rol oynayacaq”, – deyə Hikmət Quliyev vurğulayıb.