XƏBƏRLƏR
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində elmi-mədəni tədbir təşkil olunub
İyunun 9-da AMEA Azad Həmkarlar İttifaqı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, AMEA Memarlıq və İncəsənət İnstitutu, eləcə də AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində memarlıq, şəhərsalma və milli dəyərlər” mövzusunda tədbir keçirilib.
“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli Sərəncamına əsasən təşkil edilən tədbirdə əvvəlcə AMEA əməkdaşlarının rəsm əsərləri sərgilənib.
Sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktoru, Elm şöbəsinin müdiri, tarix elmləri doktoru Vəfa Quliyeva tarixi memarlıq irsimizin həm elmi tədqiqatlar, həm də rəsm əsərləri vasitəsilə təbliğ edilməsinin böyük əhəmiyyətinə diqqət çəkib.
Tədbirdə açılış nitqi ilə çıxış edən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin həm mədəni, həm də siyasi baxımdan tarixi əhəmiyyət daşıdığını önə çəkərək bildirdi ki, “Dövlət başçısının bu Sərəncamı Azərbaycan cəmiyyəti və dünya üçün çox mühüm mesajlar ehtiva edir. Şəhərsalma və memarlıq sadəcə binaların inşası deyil, bütövlükdə cəmiyyətin davamlı inkişafı, sülh və tərəqqi ilə birbaşa bağlı olan geniş bir mədəniyyətdir. Şəhərlərin böyüməsi və müasirləşməsi həyatın özünün inkişaf dinamikasını əks etdirir”.
Sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edərək, yaradıcılığın təməlində Vətən sevgisinin dayandığını iştirakçıların diqqətinə çatdırmış və bildirmişdir ki, “Bu möhtəşəm rəsm əsərlərini və layihələri ərsəyə gətirmək üçün ilk növbədə müəlliflərin qəlbində dövlətimizə, tariximizə və milli dəyərlərimizə qarşı böyük bir sevgi olmalıdır”. Bu sevgi özlüyündə həm də yüksək ləyaqət rəmzidir. Hər bir əməkdaşımızın bu müştərək işdə nümayiş etdirdiyi fədakarlıq bizim üçün çox dəyərlidir. Tədbirin ortaq təşkilatçısı olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə və burada əməyi keçən hər bir həmkarımıza bu gözəl təşəbbüsə verdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu əməkdaşlıq gələcək birgə layihələrimiz üçün həm mükəmməl bir platforma, həm də mühüm bir təcrübədir”.
AMEA Folklor İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova çıxışında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının ölkəmizin memarlıq irsinə, şəhər inkişafına və milli dəyərlərin qorunmasına verilən önəmin göstəricisi olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin bu sahədəki xidmətlərini xüsusi qeyd edərək vurğulayıb ki, Ulu Öndər Azərbaycanın təkcə siyasi və iqtisadi inkişafını deyil, həm də milli-mədəni irsinin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkənin müxtəlif bölgələrində tarixi abidələrin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülmüş, tarixi tikililərin saxlanılması və qədim şəhər mühitinin qorunması dövlət siyasətinin əsas xəttinə çevrilmişdir. Bu siyasət xüsusilə Bakı şəhərinin inkişafında özünü göstərmiş, paytaxtın müasir şəhərə çevrilməsi ilə yanaşı, onun tarixi simasının qorunmasına, köhnə ilə yeninin, milli ənənə ilə müasirliyin uzlaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Məruzəçi bu xəttin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və yenidənqurma işlərində uğurla davam etdirildiyini vurğulayıb.
Afaq Ramazanova çıxışında qeyd edib ki, şəhər mühiti təkcə memarlıq məkanından ibarət deyil, eyni zamanda zəngin folklor mühitini formalaşdırır. O bildirib ki, hər bir şəhərin özünəməxsus rəvayətləri, lətifələri, məhəllə münasibətləri və davranış modelləri vardır və bu baxımdan Bakı şəhəri, xüsusilə İçərişəhər zəngin folklor mühitinə malikdir. Keçmişdə İçərişəhərin məhəllə həyatı və meydan mədəniyyəti, məhəllə lətifələri, qoçuluq ənənələri, eləcə də quşbazlıq, qoç və xoruz döyüşdürmək kimi məşğuliyyətlər şəhər folklorunun mühüm tərkib hissəsini təşkil etmişdir. Bu ənənələr Sarabskinin “Köhnə Bakı” əsərində və Əzim Əzimzadənin rəngkarlıq nümunələrində öz əksini tapmışdır. Məruzəçi vurğulayıb ki, şəhərin memarlıq simasının dəyişməsi onun folklor mühitinə də təsir edir və bu səbəbdən tarixi şəhər mühitinin və mədəni irsin qorunması həm memarlıq, həm də kollektiv yaddaşın və folklorun qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışın sonunda Afaq Ramazanova fikrini belə ifadə edib: “Əgər memarlıq şəhərin görünən simasıdırsa, folklor onun görünməyən ruhudur. Hər bir şəhərin həqiqi siması isə bu iki dəyərin vəhdətində formalaşır.”
AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova çıxışında memarlığın həm maddi, həm də mənəvi dəyərləri özündə birləşdirən mühüm mədəniyyət hadisəsi olduğunu bildirib. O qeyd edib ki, memarlıq abidələri yalnız tikili nümunələri deyil, həm də xalqın tarixi yaddaşını, milli kimliyini və mədəni irsini yaşadan mənəvi sərvətlərdir. Məruzəçi müasir memarlıq proseslərində qlobal tendensiyalarla yanaşı, milli memarlıq ənənələrinin və yerli estetik dəyərlərin qorunmasının vacibliyini vurğulayıb.
Mətanət Abbasova Azərbaycanın zəngin memarlıq irsindən bəhs edərək ölkə ərazisində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və yüzlərlə yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsinin mövcud olduğunu diqqətə çatdırıb. O, bu abidələrin dövlət qeydiyyatına alınmasının, mühafizəsinin və bərpasının mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Məruzəçi, həmçinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan bərpa və yenidənqurma işlərini memarlıq irsinin dirçəldilməsi və milli-mədəni kimliyin bərpası istiqamətində mühüm addım kimi dəyərləndirib. Çıxışda memarlıq irsinin qorunmasının dövlət siyasətinin vacib istiqamətlərindən biri olduğu, bu sahədə dövlət, alimlər və cəmiyyət arasında əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
AMEA Folklor İnstitutunun Həmkarlar Təşkilatının sədri Aynur İbrahimova çıxışında tədbirin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, İçərişəhərin yalnız tarixi-memarlıq abidələri kompleksi deyil, həm də qədim şəhər mühitini və milli-mənəvi dəyərləri yaşadan canlı mədəniyyət məkanı olduğunu bildirib. Məruzəçi qeyd edib ki, hazırda İçərişəhərdə 1300-dən çox ailə yaşayır və bu amil qədim şəhərin özünəməxsus ruhunun, adət-ənənələrinin və mədəni yaddaşının qorunub saxlanmasına xidmət edir.
Aynur İbrahimova çıxışında İçərişəhərin ərazisində aparılan arxeoloji tədqiqatların Azərbaycan xalqının və milli dövlətçilik tarixinin öyrənilməsi üçün zəngin mənbə olduğunu diqqətə çatdırıb. O, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksinin 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsini, həmçinin İçərişəhərdə keçirilən Xalça Festivalı, “Nağıllar aləmi”, “Unudulmaqda olan uşaq oyunları” festivalı, “Qurama” və “Qala Əncir” festivalları kimi layihələrin milli irsin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Məruzəçi, eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ortaq mədəni irsinin daha geniş şəkildə təbliği məqsədilə Özbəkistanın qədim İçan Qala şəhəri ilə Bakının İçərişəhərinin qardaşlaşmış tarixi şəhərlər elan olunmasını təklif edib.
Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Sevinc Tangudur, Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Babaşov və rəsm əsərlərinin müəllifləri çıxış edərək, memarlıq elementlərinin, şəhərsalma mədəniyyətinin və xalq folklorunun milli kimliyin formalaşmasındakı mühüm rolunu vurğulamaqla, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin bu sahələrin inkişafına verdiyi böyük təkan və tarixi töhfələrə diqqət çəkiblər.
Tədbir çərçivəsində sərgidə fırça və rənglərin dili ilə tarix və müasirliyin vəhdəti Xəzər Zeynalovun “İlk çərşənbə”, Rizvan Babaşovun (Qarabağlı) “Əcəmi Naxçıvani”, Aysel Talıbovanın “Tariximizin keşiyində”, “Memarlıq. Təzadlar”, “Şuşa”, Rüsxarə Əlizadənin “Elmin inkişafı”, Oksana Məmmədovanın “İşğaldan azad edilmiş abidələrimiz”, “Narın sirri”, “Yaddaşın naxışları-tarixin izləri”, Leyla Məmmədkərimovanın “Qarabağın səsi” Səyyad Bayramovun “İçərişəhər”, Vəfa Əliyevanın “İnkişaf” və digər rəsm əsərləri ilə nümyiş olunub.
Tədbir iştirakçılar arasında maraqlı diskussiya ilə davam etmiş, sonda xatirə şəkilləri çəkilmişdir.












