“Aşıq sənətində milli-mənəvi dəyərlər” Beynəlxalq Elmi Simpoziumunun materialları nəşr olunub

“Aşıq sənətində milli-mənəvi dəyərlər” Beynəlxalq Elmi Simpoziumunun materialları nəşr olunub

05 İyun 2026, 18:55 / Nəşrlər
AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarına əsasən “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpoziumun materialları əsasında hazırlanmış toplu işıq üzü görüb. Nəşr aşıq sənətinin görkəmli sənətkarı Mikayıl Azaflının 100 illik yubileyinə həsr olunub.
 
Topluda 17 mart 2025-ci il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi simpoziumun materialları bir araya gətirilib. 
 
Ümumilikdə 35 elmi məruzə yer aldığı topluda Azərbaycan və ümumtürk aşıq sənətinin müxtəlif istiqamətləri elmi-nəzəri müstəvidə araşdırılır. Məqalələrdə aşıq yaradıcılığının poetik strukturu, janr xüsusiyyətləri, ifa ənənələri, regional aşıq mühitlərinin spesifikası, eləcə də Mikayıl Azaflı irsinin ədəbi-mədəni və ideoloji aspektləri geniş şəkildə təhlil olunur.
 
Araşdırmalarda həm klassik aşıq sənəti nümunələrinin, həm də müasir mərhələdə bu ənənənin davamlılıq problemlərinin müqayisəli şəkildə öyrənilməsinə diqqət yetirilir. Eyni zamanda, aşıq poeziyasında milli-mənəvi dəyərlərin təcəssümü, sosial-mədəni yaddaşın qorunması və folklorun müasir elmi interpretasiyası kimi məsələlər ön plana çıxarılır.
 
Qeyd edək ki, 302 səhifəlik kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, tərtibçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru Şəhla Hüseynli və filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadədir.
 
Keçid üçün link.