XƏBƏRLƏR
19
Folklor İnstitutunun əməkdaşı beynəlxalq konfransda Qərbi Azərbaycan folklorunun yeni araşdırma istiqamətləri mövzusunda çıxış edib
05 İyun 2026, 14:16 / Konfranslar, İclaslar
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” I Beynəlxalq Elmi Konfransda Qərbi Azərbaycan folklorunun toplanması və tədqiqi ilə bağlı məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, Qərbi Azərbaycan folklorunun sistemli şəkildə toplanılmasına son illərdə başlanılıb, zəngin folklor materialları qeydə alınıb, onların əhəmiyyətli hissəsi nəşr olunaraq elmi dövriyyəyə daxil edilib. Hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış qərbi azərbaycanlılarla aparılan görüşlər nəticəsində yeni folklor nümunələrinin toplanması prosesi davam etdirilir.
Bildirilib ki, qeydə alınan variantlar folklor mətnlərinin daha dolğun tədqiqi üçün mühüm əhəmiyyət daşıyır. Toplanmış materiallar arasında Azərbaycan folklorşünaslığı üçün indiyədək məlum olmayan süjet, motiv və personajlar da yer alır ki, bu da Qərbi Azərbaycan folklorunun araşdırılmasına yeni imkanlar açır.
Məruzəçi Qərbi Azərbaycan folklorunda bayatı janrının adlandırılması ilə bağlı maraqlı faktlara da toxunub. Qeyd olunub ki, Ələkbərov Yusifin topladığı materiallara əsasən Zəngibasar bölgəsində bayatı “bəluza” adı ilə tanınıb. Araşdırma zamanı bu terminin mənşəyi və funksiyası ilə bağlı yeni mülahizələr irəli sürülüb, onun qədim mərasim ənənələri və mifoloji təsəvvürlərlə əlaqəsi diqqətə çatdırılıb.
Məruzədə Sim pəhləvanı ilə bağlı materialların da ilk dəfə sistemli şəkildə qeydə alınmasının əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, bu materiallar həm sim üzərində nümayiş etdirilən məharətlərlə bağlı təsvirləri, həm də pəhləvanların həyatı, müxtəlif görüşləri, güləşləri və ermənilərlə qarşıdurmaları haqqında məlumatları əhatə edir.
Çıxış zamanı ermənilərlə mübarizədə fərqlənmiş xalq qəhrəmanları haqqında yeni məlumatların əldə edildiyi də vurğulanıb. Qeyd olunub ki, indiyədək bölgə ilə bağlı daha çox Abbasqulu bəy Şadlinski və Qəmlonun adları çəkilsə də, son toplamalar nəticəsində başqa qəhrəmanların da adları qeydə alınıb. Bu şəxslər öz xalqını və yurdunu müdafiə etmiş, lakin fəaliyyətləri daha çox yaşadıqları bölgələrin yaddaşında qorunub saxlanılmış insanlardır. Onlar haqqında toplanmış məlumatlar şifahi tariximizin mühüm qaynaqları kimi dəyərləndirilib.
Sonda bildirilib ki, toplanmış materiallar Qərbi Azərbaycanın zəngin mədəni irsini və folklor mühitini daha aydın şəkildə ortaya qoyur. Qeyd edilib ki, deportasiya və işğal siyasəti nəticəsində yalnız tarixi torpaqlar deyil, həmin torpaqlarda formalaşmış mədəni yaddaş da ciddi zərbə alıb. Bu baxımdan Qərbi Azərbaycan folklorunun toplanması, araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm elmi və mənəvi vəzifələrdən biri hesab olunur.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.

