XƏBƏRLƏR
Hikmət Quliyev: “Qərbi Azərbaycana Qayıdış ideyasının ən mühüm dayaqlarından biri folklor yaddaşıdır”
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq Elmi Konfransın “Tarixi yaddaş və milli kimlik” panel sessiyasında məruzə ilə çıxış edib.
Hikmət Quliyev çıxışında bildirib ki, milli ideya yalnız siyasi məqsədləri ifadə edən konsepsiya deyil, həm də cəmiyyətin tarixi yaddaşını, mənəvi dəyərlərini və gələcəyə yönəlmiş strateji hədəflərini özündə birləşdirən düşüncə modelidir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra Azərbaycan milli düşüncəsində yeni mərhələ başlanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana Qayıdış ideyasını yeni milli ideya kimi bəyan edib.
Məruzəçi vurğulayıb ki, Qərbi Azərbaycana Qayıdış ideyası yalnız siyasi və ya coğrafi məzmun daşımır.
“Qərbi Azərbaycana qayıdış ilk növbədə kollektiv mədəni yaddaşa qayıdışdır. Fiziki qayıdışdan əvvəl humanitar qayıdışın təmin olunması xüsusi əhəmiyyət daşıyır. Qayıdışın siyasi, hüquqi, tarixi-mədəni və mənəvi-mədəni olmaqla dörd əsas dayağı mövcuddur və folklor bu sistemin mühüm tərkib hissəsidir”, – deyə alim qeyd edib.
Hikmət Quliyevin sözlərinə görə, Qərbi Azərbaycanla bağlı kollektiv yaddaş rəvayətlərdə, toponim və oykonimlərdə, ziyarətgah və ocaqlarla bağlı inanclarda, ailə tarixçələrində, mərasim ənənələrində, mahnı və ağı nümunələrində qorunub saxlanılıb. Bu baxımdan folklor yalnız mətnlər toplusu deyil, həm də məkan yaddaşının, tarixi təcrübənin və kollektiv kimliyin daşıyıcısıdır.
Məruzədə qeyd olunub ki, uzun müddət ailə yaddaşı səviyyəsində qorunub saxlanılan xatirələr bu gün ictimai diskursun, elmi tədqiqatların və mədəni siyasətin mühüm komponentlərindən birinə çevrilir. Bu proses kollektiv yaddaşın yenidən aktuallaşdırılmasına və Qərbi Azərbaycana Qayıdış ideyasının mənəvi-mədəni bazasının formalaşmasına xidmət edir.
Hikmət Quliyev bildirib ki, Qərbi Azərbaycana Qayıdış ideyası yalnız çağırış və ya şüar deyil, ciddi elmi, tarixi və mədəni əsaslara söykənən strateji konsepsiyadır. Bu baxımdan qayıdış ideyasının elmi təminatı mühüm əhəmiyyət daşıyır.
Alimin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Qərbi Azərbaycana dair kollektiv mədəni yaddaşın araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən əsas elmi mərkəzlərdən biridir. Son illər ərzində “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin növbəti cildləri nəşr olunub, Dərələyəz, Göyçə, Ağbaba və İrəvan folkloruna dair toplular hazırlanıb. Bu materiallar vaxtilə həmin bölgələrdə yaşamış insanların yaddaşında qorunub saxlanılan folklor nümunələri əsasında toplanıb.
Məruzəçi vurğulayıb ki, Folklor İnstitutunun əməkdaşları Qərbi Azərbaycandan deportasiya olunmuş insanların və onların övladlarının yaşadığı bölgələrdə ekspedisiyalar aparır, onların xatirələrini, ailə tarixçələrini və şifahi xalq yaradıcılığı nümunələrini audio və video formatlarda qeydə alırlar. Toplanan materiallar həm nəşr edilir, həm də institutun rəqəmsal bazasında qorunur. Bu fəaliyyət Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşının sistemli şəkildə sənədləşdirilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Hikmət Quliyev qeyd edib ki, Qərbi Azərbaycana dair tədqiqatlar artıq ayrıca elmi istiqamət kimi formalaşmaqdadır. Folklor İnstitutu ölkənin aparıcı ali təhsil və elmi müəssisələri ilə əməkdaşlıq çərçivəsində birgə araşdırmalar həyata keçirir, Qərbi Azərbaycanın tarixi, dili, toponimikası, etnokulturoloji xüsusiyyətləri və folklor yaddaşı müxtəlif aspektlərdən öyrənilir. Rəqəmsal transformasiyalar dövründə tarixi yaddaşın qorunması yeni məzmun qazandığından Qərbi Azərbaycana dair məlumatların elektron resurslarda sistemləşdirilməsi istiqamətində işlər davam etdirilir.
“Qərbi Azərbaycan yaddaşının sistemli şəkildə toplanması, sənədləşdirilməsi və kompleks şəkildə araşdırılması həm mühüm elmi vəzifə, həm də milli yaddaşın qorunması baxımından strateji əhəmiyyət daşıyır. Qərbi Azərbaycana Qayıdış ideyasının ən mühüm dayaqlarından biri məhz folklor yaddaşıdır”, – deyə alim vurğulayıb.
Sonda bildirilib ki, Qərbi Azərbaycana Qayıdış ideyasının davamlılığı onun kollektiv mədəni yaddaşda yaşadılması, yenidən aktuallaşdırılması və gələcək nəsillərə ötürülməsi ilə birbaşa bağlıdır. Bu mənada folklor humanitar qayıdışın əsas resurslarından biri olmaqla yanaşı, Qərbi Azərbaycana qayıdışın mənəvi-mədəni əsaslarını formalaşdıran mühüm amil kimi çıxış edir.





