AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 28 May – Müstəqillik Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 28 May – Müstəqillik Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki

28 May 2026, 13:35 / Mühüm hadisələr

Hörmətli Akademiya əməkdaşları!

Sizi xalqımızın dövlətçilik tarixinin ən parlaq və qürurverici səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, yeni uğurlar və nailiyyətlər arzulayıram.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın milli azadlıq və müstəqillik ideallarının təntənəsi, dövlətçilik ənənələrimizin bərpası və inkişafı baxımından mühüm tarixi hadisə olmuşdur. Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə xalqımızın milli kimliyinin formalaşdırılması, demokratik dəyərlərin təşəkkülü və müasir dövlətçilik prinsiplərinin yaradılması istiqamətində mühüm addımlar atmışdır. Heç şübhəsiz, Cümhuriyyətin həyata keçirdiyi islahatlar sovet hakimiyyətinin hökm sürdüyü 70 il ərzində xalqımızın azadlıq, müstəqillik və milli suverenlik arzularının yaşamasında özünün misilsiz təsirini göstərmişdir.

Müstəqilliyimizin bərpasından sonra ölkəmizin suverenliyinin möhkəmləndirilməsi və dövlətçiliyimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən zəngin dövlət quruculuğu siyasəti Azərbaycanın davamlı inkişafının möhkəm təməlini yaratmışdır. Bu siyasi kurs Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı qazanılmış tarixi qələbələrlə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunmuş, bütün ölkə ərazisində dövlət bayrağımız dalğalandırılmışdır. Bu möhtəşəm zəfər çoxəsrlik zəngin dövlətçiliyə malik olan Azərbaycanın tarixinə Prezident İlham Əliyevin adı ilə daxil olmuş misilsiz hadisədir.

Heç şübhəsiz, bu gün Azərbaycan nəinki regionda, bütün dünyada söz sahibi ölkələrdən birinə çevrilmişdir və BMT səviyyəli konfranslara, forumlara yüksək səviyyədə ev sahibliyi etməsi bunun əyani göstəricisidir.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də dövlətimizin inkişafı yolunda durmadan çalışır, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması naminə öz səylərini əsirgəmir.

Hörmətli həmkarlar, bu əlamətdar gün münasibətilə bir daha hər birinizə möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik