“Kitabi-Dədə Qorqud” dastanında qadın müdrikliyi və ailə dəyərləri müzakirə olunub

“Kitabi-Dədə Qorqud” dastanında qadın müdrikliyi və ailə dəyərləri müzakirə olunub

26 May 2026, 17:16 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Mifologiya şöbəsinin mütəxəssisləri də iştirak ediblər.

Elmi seminarda "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Kərimovanın "“Kitabi-Dədə Qorqud” dastanında qadınların gizlilik taktikası” və elmi işçi Gülxarə Əhmədovanın isə "“Kitabi-Dədə Qorqud” dastanında övlad tərbiyəsi” mövzularında məruzələri dinlənilib. 

İlk olaraq X. Kərimova çıxış edərək “Kitabi-Dədə Qorqud”un oğuz türklərinin tarixi yaddaşını, etik dəyərlər sistemini və sosial münasibətlərini əks etdirən mühüm epik abidə olduğunu vurğulayıb. O bildirib ki, dastandakı qadın obrazları yalnız ailədaxili fiqur kimi təqdim olunmur, onlar həm də cəmiyyətin dayağı, müdrik məsləhətçi, döyüşçü və mənəvi dəyərlərin qoruyucusu kimi çıxış edirlər. Məruzəçinin sözlərinə görə, oğuz qadınlarının əsas məqsədi ailəni və yurdu qorumaqdan ibarətdir.

Tədqiqatçı “Salur Qazanın evinin yağmalandığı boy”da Burla xatun obrazına xüsusi diqqət yetirərək qeyd edib ki, Burla xatunun əsirlik zamanı öz kimliyini gizlətməsi ağıllı taktiki gediş kimi qiymətləndirilir. Bildirilib ki, Burla xatun bu davranışı ilə həm düşməni ləngidir, həm də oğuz igidlərinin toparlanması üçün zaman qazanır. Beləliklə, dastanda gizlilik zəiflik yox, müdriklik və strateji davranış nümunəsi kimi təqdim olunur.

Xuraman Kərimova “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda Banıçiçəyin özünü dayə kimi təqdim etməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Banıçiçək Beyrəyi müxtəlif sınaqlardan keçirməklə qəhrəmanın yalnız əsil-nəcabətini yox, həm də fiziki gücünü, çevikliyini və sədaqətini yoxlayır. Bu epizod oğuz cəmiyyətində qadının müstəqil mövqeyini və seçim haqqını göstərən mühüm nümunələrdəndir.

Araşdırıcı qeyd edib ki, dastanda yer alan gizlənmə və kimliyin örtülü saxlanılması səhnələri sadə hadisə təsiri yaratmır, psixoloji və simvolik məna daşıyır. Məruzəçinin fikrincə, Burla xatun və Banıçiçək obrazları qadının həm zərif, həm də sarsılmaz xarakterə malik olduğunu nümayiş etdirir. Sonda X. Kərimova onu da vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” dastanında qadınların kimliyini gizlətməsi əxlaqi ucalıq, fərasət və qəhrəmanlıq nümunəsi kimi qəbul edilməlidir.

Daha sonra şöbənin elmi işçisi Gülxarə Əhmədova öz məruzəsini təqdim edib. O da “Kitabi-Dədə Qorqud” dastanını türk xalqlarının mənəvi yaddaşını, ailə dəyərlərini və əxlaq sistemini qoruyan möhtəşəm sənət abidəsi olduğunu qeyd edib. Bildirib ki, dastanda ailə yalnız sosial institut kimi təqdim olunmur, həm də dövlətin və cəmiyyətin əsas dayağı kimi qiymətləndirilir:Eposda övlad tərbiyəsi milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin əsas vasitələrindən biri hesab olunur.

Məruzəçi qeyd edib ki, “Müqəddimə” hissəsində yer alan atalar sözləri və hikmətli ifadələr gənc nəslin milli ruhda formalaşdırılmasına xidmət edir. Araşdırıcının fikrincə, “Qız anadan görməyincə öyüd almaz”, “Oğul atadan görməyincə süfrə açmaz” kimi ifadələr ailədaxili tərbiyə modelinin əsas prinsiplərini əks etdirir.

Tədqiqat zamanı “Dirsə xan oğlu Buğac boyu”nda ananın ailə birliyinin qorunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb, “Qazan xanın evinin yağmalandığı boy” əsasında ailə sədaqəti və mənəvi bağlılıq məsələləri də təhlil olunub. 

Araşdırıcı bildirib ki, dastanda qardaşlıq münasibətləri də mühüm əxlaqi dəyər kimi təqdim edilir. “Uşun qoca oğlu Səgrək boyu” və “Basatın Təpəgözü öldürdüyü boy” nümunələrində qardaş sevgisi və hissi ön plana çəkilir.

Sonda məruzəçi qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanında ailə dəyərləri və övlad tərbiyəsi məsələləri qəhrəmanlıq ideyası ilə vəhdət təşkil edir və türk dünyagörüşünün əsas mənəvi prinsiplərini yaşadır.

Professor Ramazan Qafarlı hər iki məruzə haqda geniş şəkildə çıxış edərək rəyini səsləndirib. İlk olaraq X.Kərimovanın çıxışına münasibət bildirən R.Qafarlı məqalənin əsas üstünlüyü kimi qadın obrazlarının strateji düşünən və hadisələrin istiqamətini müəyyənləşdirən aktiv qüvvə kimi təqdim olunmasını yüksək qiymətləndirib. O, Burla xatun və Banıçiçək obrazlarının müqayisəli şəkildə təhlili, gizlilik motivinin müqavimət, sınaq və daxili güc kontekstində izahını uğurlu yanaşma kimi dəyərləndirib.

Professor həmçinin nəzəri-metodoloji bazanın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, xüsusilə semiotika, gender folklorşünaslığı və mifopoetik təhlil istiqamətində əlavələrin məqalənin elmi çəkisini artıra biləcəyini deyib. R.Qafarlı eyni zamanda dastandakı “qırx qız” motivinin mifoloji semantikası və gizlilik anlayışının konseptual əsaslarının gələcək tədqiqatlarda daha dərindən araşdırılmasının məqsədəuyğun olduğunu qeyd edib.

R.Qafarlı digər məruzəçi G.Əhmədovanın çıxışı haqda da maraqlı fikirlər səsləndirib. Alimin qeydlərinə görə, “Kitabi-Dədə Qorqud” dastanında ailə və övlad tərbiyəsi mövzusunda təqdim olunan məruzənin əsas üstünlüklərindən biri mövzunun aktual seçilməsi, dastanın müxtəlif boylarından zəngin nümunələrin gətirilməsi və ailə münasibətlərinin sistemli şəkildə təqdim olunmasıdır. R.Qafarlı xüsusilə Buğaca həsr olunmuş boyda ana obrazının qoruyucu və mənəvi tənzimləyici funksiyasının uğurlu təhlil edildiyini vurğulayıb.

Bununla yanaşı, alim məruzəçinin təhlillərdə daha çox təsviri yanaşmanın üstünlük təşkil etdiyini qeyd edib, gələcək tədqiqatlarda nəzəri-metodoloji bazanın daha da gücləndirilməsini tövsiyə edib. Onun sözlərinə görə, mifopoetik, semiotik, antropoloji və müqayisəli epik yanaşmaların əlavə olunması tədqiqatın elmi dərinliyini və beynəlxalq akademik səviyyəsini daha da gücləndirə bilər. 

Daha sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Mətanət Yaqubqzı və eyni şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d. Sevinc Qasımova, həmçinin fil.ü.f.d., dosent Aynurə Səfərova, fil.ü.f.d., dosent Xalidə Məmmədova da mövzu ətrafında çıxış edərək öz fikirlərini söyləmişlər.

Elmi seminarda təqdim olunan məruzələr ətrafında müxtəlif fikir mübadilələri aparılıb, hər iki müəllifə gələcək araşdırmalarda uğurlar arzulanıb.