Qərbi Azərbaycan folkloru şöbəsində Novruzun ritual və kulinariya ənənələri təhlil edilib

Qərbi Azərbaycan folkloru şöbəsində Novruzun ritual və kulinariya ənənələri təhlil edilib

25 May 2026, 14:09 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Rəqəmsal folklor və süni intellekt və Aşıq yaradıcılığı şöbələrinin əməkdaşları da iştirak ediblər.
Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova elmi seminarda “Qərbi Azərbaycanda Novruz mərasim mətbəxi: ənənəvi irs və müasir dəyişikliklər” adlı məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan xalqının qədim milli-mədəni dəyərlərindən biri olan Novruz bayramının Qərbi Azərbaycan arealındakı spesifik xüsusiyyətləri, mərasim mətbəxi, inanclar sistemi və bu ənənələrin müasir dövrdə məruz qaldığı transformasiyalar elmi-nəzəri baxımdan təhlil olunub. Qeyd olunub ki, Qərbi Azərbaycanda Novruz sadəcə təqvim bayramı deyil, yerli əhalinin dünyagörüşünü, kollektiv yaddaşını və milli kimliyini formalaşdıran kompleks mədəni hadisədir. Məruzədə ilaxır çərşənbə və Novruz bayramında icra olunan su kultu ilə bağlı ayinlər və bu ayinlərin kosmoqonik semantikası barədə məlumat verilib.Həmçinin bayramın regional adlandırma formaları (Cənabi Əli, Qırmızı Əli bayramı) və bunun mifoloji-dini təfəkkürlə əlaqəsi diqqətə çatdırılıb. Seminarda baca-baca adətləri, at yarışları, qəbirüstü zəyarət (ölülər bayramı) mərasimlərinin sosiokulturoloji funksiyaları şərh edilib.
Daha sonradosent Aynur Hüseynova Qərbi Azərbaycanın zəngin Novruz mərasim mətbəxinin və xonça mədəniyyətinin geniş təhlilini verib. Bolluq və bərəkətrəmzi hesab olunan taxıl və dənli bitki komponentli müxtəlif aş növlərinin simvolik mənaları, xüsusilə əriştə aşının mifoloji təsəvvürdəki yeri araşdırılıb. Seminarda həmçinin bölgəyə məxsus İrəvan kətəsi, İrəvan kömbəsi, əyirdək, qatlama, bişi, çöçə (balıq çörəyi) və yeznə qalını kimi spesifik şirniyyat və təamların hazırlanma texnologiyası və ritual funksiyaları bərpa olunmuş söyləyici materialları əsasında qruplaşdırılıb.
Sonda tarixi deportasiyalar, urbanizasiya və qloballaşma proseslərinin mərasim sisteminə təsiri regional aspektlər çərçivəsində qiymətləndirilib. Məruzəçi qeyd edib ki, bu unikal kulinariya irsinin və unudulmaqda olan milli təamların rəqəmsal platformalar və ailə ənənələri vasitəsilə bərpası, gələcək nəsillərə ötürülməsi milli kimliyin və etnik özünəməxsusluğun qorunması kontekstində mühüm elmi və praktiki aktuallıq kəsb edir.
Seminar təqdim olunan məruzə ilə bağlı elmi müzakirlərlə davam edib.