XƏBƏRLƏR
Güney Azərbaycan folklorunun tədqiqi və nəşri məsələləri müzakirə olunub
04 may 2026-cı il tarixində Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin növbəti iclası keçirilib. İclasda institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova iştirak edib. Toplantıda Güney Azərbaycan folklorunun toplanması, tədqiqi, transliterasiyası və nəşrə hazırlanması istiqamətində həyata keçirilən işlər geniş müzakirə olunub.
İclası giriş sözü ilə açan şöbə müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova çıxışında Güney Azərbaycan folklorunun milli-mədəni yaddaşın ayrılmaz hissəsi olduğunu vurğulayıb. O qeyd edib ki, bu irsin sistemli şəkildə toplanması, elmi dövriyyəyə daxil edilməsi və gələcək nəsillərə ötürülməsi prioritet istiqamətlərdəndir. Mətanət Abbasova “Rüstəm və Söhrab” dastanının çapa hazırlanması ilə bağlı görülən işlərdən danışaraq qeyd edib ki, dastanın elmi nəşri həm mətnşünaslıq, həm də folklorşünaslıq baxımından mühüm əhəmiyyət kəsb edir.
İclasda həmçinin bildirilib ki, “Mərsiyə”, “Güney Azərbaycan kulinariyası” və “Güney Azərbaycan dialektoloji lüğəti” perspektivli layihələr kimi nəzərdə tutulur. Qeyd olunub ki, sözügedən layihələrin çapa hazırlanması Mətanət Abbasova və Lalə Şabanovanın birgə iştirakı ilə həyata keçiriləcək.
İclasda fil.e.d., dos. Mətanət Abbasova çıxışında Füzuli rayonundan topladığı zəngin folklor materiallarını “Füzuli folklor örnəkləri” kitabında bir araya gətirdiyini və nəşrin çapa hazırlandığını bildirib. O qeyd edib ki, kitabda nağıllar, rəvayətlər, inanclar, atalar sözləri və digər şifahi xalq ədəbiyyatı nümunələri sistemli şəkildə təqdim olunaraq elmi təhlilə cəlb edilib. Mətanət Abbasova vurğulayıb ki, bu nəşr həm bölgə folklorunun qorunması, həm də Azərbaycan folklor xəzinəsinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Güney Azərbaycan folklor şöbəsinin böyük elmi işçisi Lalə Şabanova çıxışında “Əsli və Kərəm” dastanının səsli fayllarının üzünün köçürülməsi istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, bu proses yalnız texniki deyil, eyni zamanda elmi dəqiqlik tələb edən bir fəaliyyətdir.
Folklor İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova “Əsli-Kərəm” dastanının “Güney Azərbaycan folkloru” antologiyalarına daxil edilmədən ayrıca, daha geniş formatda çap olunmasını, həmçinin 2021-ci ildə nəşr edilən “Güney Azərbaycan folkloru” seriyasının XII cildində yer alan variantın da “Əsli-Kərəm” dastanı kitabına daxil edilməsini təklif edib.
Lalə Şabanova çıxışında “Şah İsmayıl”, “Abdulla xan”, “Tilim xan”, “Aşıq Dərviş və Aşıq Mənaf” dastanlarına aid səsli yazıların üzünün köçürüldüyünü bildirib. O qeyd edib ki, bu materiallar sistemləşdirilərək gələn il nəşri planlaşdırılan “Güney Azərbaycan folklor örnəkləri” cildinə daxil ediləcək.
“Güney Azərbaycan folklor mühitində uşaq nəğmələri və oyunları” kitab layihəsi ilə bağlı çıxış edən Lalə Şabanova uşaq oyunlarının struktur xüsusiyyətləri, funksional mahiyyəti və onların folklor mühitində tutduğu yer haqqında ətraflı məlumat verib. Səadət İbrahimli isə öz çıxışında uşaq nəğmələrinin poetik xüsusiyyətlərini, janr müxtəlifliyini və tərbiyəvi əhəmiyyətini təhlil edib, bu nümunələrin toplanmasının və qorunmasının vacibliyini vurğulayıb.
Güney Azərbaycan folkloru şöbəsinin böyük elmi işçisi Səbuhi Bədəlov çıxışında Əhməd Səlahinin “Kəndimiz nağılı” kitabının transliterasiya prosesi barədə məlumat verərək bildirib ki, mətnlərin müasir oxucu üçün əlçatan formaya salınması xüsusi diqqət və dəqiqlik tələb edir. Şöbənin elmi işçisi İlahə Qurbanova isə Zöhrə Vəfainin əsərlərinin transliterasiyası və onların folklor mühitindəki yeri haqqında danışaraq müəllifin yaradıcılığının elmi baxımdan əhəmiyyətini qeyd edib.
İclas çərçivəsində elmi işçilər üçün seminarların təşkili, həmçinin plan üzrə nəzərdə tutulan elmi məqalələrin hazırlanması və nüfuzlu elmi nəşrlərdə çapı məsələləri də diqqət mərkəzində olub.
Sonda qarşıda duran vəzifələr müəyyənləşdirilib, Güney Azərbaycan folklorunun daha geniş şəkildə tədqiqi və təbliği istiqamətində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.






